Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9262/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə övladının – 09.12.2021-ci il təvəllüdlü Həqiqətin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmadan 02.10.2013-cü il tarixdə qeyri-rəsmi olaraq ailə münasibətlərinə daxil olmuşlar. Onların bir övladı doğulsa və əvvəllər münasibətləri yaxşı olsa da, son vaxtlar münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaq iddiaçının yanında qalmışdır. Cavabdeh uşağın xərclərinin qarşılanması üçün iddiaçıya maddi yardım göstərmir, iddiaçının isə uşağın xərclərini təkbaşına qarşılamağa maddi imkanı çatmır. Buna görə də iddiaçı hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.06.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 25.05.2021-ci il tarixdən başlayaraq, hər ay, 120 manat sabit pul məbləğində alimentin tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin 350 manat maaşından əlavə qeyri-rəsmi gəlirləri var və 200 manat aylıq aliment ödəmək üçün imkanı çatır. Lakin işə baxmış Rayon Məhkəməsi bu halı nəzərə almamışdır. İddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apelyasiya şikayətinin dəlillərinə etiraz etdi, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, onun əmək haqqısı 350 manatdır, başqa gəliri yoxdur. Daha yüksək məbləğdə aliment ödəməyə maddi imkanı çatmır. Buna görə də, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iş üzrə tərəflər qətnamənin “uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması, alimentin 25.05.2021-ci il tarixdən başlayaraq tutulması” hissəsini mübahisələndirmirlər. Qətnamənin mübahisələndirilən hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğidir. Belə ki, iddiaçı hesab edir ki, aliment, Rayon Məhkəməsinin müəyyən etdiyi 120 manat məbləğində deyil, daha yüksək məbləğdə, yəni 200 manat məbləğində müəyyən edilməlidir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməli və alimentin məbləği 175 manat məbləğində müəyyən edilməlidir. Belə ki, iş üzrə tərəflərin yazılı və şifahi qaydada verdikləri məlumatlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmadan 02.10.2013-cü il tarixdə qeyri-rəsmi olaraq ailə münasibətlərinə daxil olmuşlar. “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən” və “Doğum haqqında şəhadətnamədən” görünür ki, hazırki iş üzrə cavabdeh hazırki iş üzrə iddiaçıdan doğulmuş 09.12.2014-cü il təvəllüdlü X1 atasıdır. İş üzrə tərəflər təsdiq edirlər ki, onların bir övladı doğulsa və əvvəllər onların münasibətləri yaxşı olsa da, son vaxtlar münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaq iddiaçının yanında qalmışdır. Cavabdeh uşağın xərclərinin qarşılanması üçün iddiaçıya maddi yardım göstərmir, iddiaçının isə uşağın xərclərini təkbaşına qarşılamağa maddi imkanı çatmır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzinin 24.06.2021-ci il tarixli, 37/39-0001 saylı arayışından görünür ki, iddiaçı həmin Mərkəzdə sürücü vəzifəsində işləyir və orta aylıq əmək haqqısı 350 manat məbləğindədir. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçı bildirir ki, cavabdeh uşağın xərclərinin qarşılanması üçün ona maddi yardım göstərmir, onun isə uşağın xərclərini təkbaşına qarşılamağa maddi imkanı çatmır. Buna görə də o hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmalıdır. İddiaçı alimentin 200 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, Rayon Məhkəməsi alimenti 120 manat məbləğində müəyyən etmişdir. Rayon Məhkəməsi bu kimi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdehin aylıq gəliri cəmi 350 manatdır və iddiaçı cavabdehin bundan başqa gəlirlərinin olmasını bildirsə də, bunu təsdiq edə biləcək sübutlara malik deyil. Apellyasiya şikayətinin dəlilinə etiraz edən cavabdeh işə baxmış Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır. İş üzrə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunundan görünür ki, 2021-ci il üçün isə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” 3-cü maddəsinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə almamış, işin hallarına qismən uyğun olmayan nəticəyə gəlmişdir. Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alan Məhkəmə bu nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununa uyğun olaraq hər ay 175 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin bu məbləğdən daha yüksək məbləğdə tutulması üçün əsaslar apellyasiya baxışı zamanı müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin maliyyə vəziyyətinin ağır olması onu uşağını lazımi səviyyədə saxlamaqdan azad etmir, bu onun, bir valideyn kimi borcudur. Beləliklə də, apellyasiyanın nəticələrinə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanan və MPM-nin 385 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh 09.12.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin və alimentin məbləği 175 (yüz yetmiş beş) manat müəyyən edilsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24.06.2021-ci il tarixli qətnamənin qalan hissəsi, yəni cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması, alimentin 25.05.2021-ci il tarixdən başlayaraq tutulması barədə hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9262/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9262/2021
01.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver