Məhkəmə qərarları › İş №2(103)-9321/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9321/2021

20.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9321/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(001)-6356/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təqdim olunmuş siyahı üzrə cehiz əşyalarını və ya əşyaların ümumi dəyəri olan 37460 manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(001)- 6356/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 19.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin geri qaytarılmasına səbəb Mediasiya Şurasına müraciət etməməsi qeyd olunmuşdur. Azərbayan Resublikası MPM-nə dəyişiklik 25 iyul 2021-ci il tarixdə rəsmi dərc edilmiş, 26 iyul 2021-ci ildən ölkə daxilində tətbiqinə başlanılmışdır. O, iddia ərizəsini 24 iyul 2021-ci il tarixində poçt vasitəsilə göndərmişdir. Bu hal poçt qəbzində öz əksini tapır. Nə qədər ki, prosessual qanunvericilik müddətlərin hesablanmasını ərizənin poçt orqanına verildiyi tarixdən müəyyən edir, onun 26 iyul 2021-ci il tarixinədək poçta təqdim etdiyi ərizələr məhkəməyə hansı tarixdə daxil olmasından asılı olmayaraq mediasiya haqqında qanunun təsir dairəsinə düşməməlidir. İddiaçı teleqram ünvanlayaraq, onun iştirakı olmadan işə baxılmasını və şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, irəli sürülən tələb ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır və məhkəməyə müraciət etməzdən əvvəl tərəflər mediasiya prosesində iştirak etməmişlər. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 24.07.2021-ci il tarixdə poçta təqdim edilməklə məhkəməyə göndərilmiş (i.v.8), 02.08.2021ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 3-cü bəndinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 09 iyul 2021-ci il tarixli 360-VİQD 21 saylı Azərbaycan Respublikası Qanunu 25 iyul 2021-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmişdir. Konstitusiyanın istinad olunan maddələrinə əsasən qanun dərc olunduğu andan hüquqi qüvəyə minir və onun tətbiqi və icrası vətəndaşlar ..... üçün məcburidir. Həmin Qanunla Mülki Prosessual Məcəlləyə 152.1.6-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən də kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, “Mediasiya haqqında” Qanunun ailə mənasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməsi vəzifəsini müəyyən edən 28.1-ci maddəsi 01 iyul 2021-ci il tarixdən, Qanunun həmin maddəsinin tələblərinə əməl edilməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilməməsinin iddia ərizəsinin geri qaytarılmasına əsas olmasını müəyyən edən Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsi isə 25 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, iddiaçı 24 iyul 2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu halda da iddiaçının 26 iyul tarixinədək məhkəməyə ünvanladığı ərizə “Mediasiya haqqında” Qanunun təsir dairəsinə düşmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(001)-6356/2021 qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar