Məhkəmə qərarları › İş №2(103)-9335/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9335/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9335/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Ağazadə İlkin İlqar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçürülməyi və həmin mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ünvan 1-də yerləşməklə 3 otaqdan ibarətdir. Həmin mənzilin mülkiyyətçisi Cavabdehdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, onunla 1978-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və bizim birgə nikahdan 2 övladı anadan olmuşdur. Mübahisəli mənzilə 1991-ci ildən köçərək yaşamış və pasport qeydiyyatına alınmışdır. Lakin sonradan cavabdehlə münasibətləri pozulmuş və 1999-cu ildə aralarında bağlanmış nikah ləğv olunmuşdur. Cavabdeh Ukraynada yaşadığı və işlədiyi üçün miqrasiya ilə bağlı problemlərinin yaranmaması üçün o ildə bir-iki dəfə Azərbaycana gələrək burada təxminən 1 ay qalır və sonra da geri qayıdır. Mübahisəli mənzil bu illər ərzində daima onun stifadəsində və nəzarətində olmuş, o, həmin mənzildə yaşamış və arabir Sumqayıt şəhər Corat qəsəbəsində, qızının yanında da qalmışdır. Lakin 2021-ci ilin yanvar ayında o, yenidən həmin evə getdikdə mənzilin çöl giriş-çıxış qapısının açarının dəyişdirildiyini və mənzildə başqa şəxslərin yaşadığını görmüşdür. Ona məlum olmuşdur ki, cavabdeh Ukraynadan qayıtmış və gələn kimi də mənzili başqa şəxslərə kirayəyə vermiş,hətta mənzilin çöl giriş-çıxış qapısının açarını da dəyişmişdir. Cavabdeh bu hərəkətləri ilə mənim mənzil hüquqlarını pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nəimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, buna əsasən də qətnamə ləğv edilərək, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 116 saylı MKTB-tərəfindən verilmiş 28.10.2008-ci il tarixli 420 saylı arayışa əsasən o Bakı şəhəri, Nərimanov rayonu F.Yusifov küçəsi ev 47, 15 saylı mənzildə pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyatı haqqında dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 47 nömrəli, 5 mərtəbəli binada 3 otaqlı, 15 saylı mənzil tam mülkiyyət huququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində 859 saylı reyestr kitabının 79987 saylı vərəqində 21.11.2008-ci ildən dövlət qeydiyyatına alınmış və xüsusi mülkiyyətini təşkil edir. Ukrayna Ədliyyə Nazirliyinin Vinnitisk vilayəti Baş Ədliyyə İdarəsi WAQŞ tərəfindən verilmiş 10.11.2008-ci il tarixli saylı arayışa əsasən Daşkovetska Qalina Vasilievna ilə 1978-ci ildə 05 saylı akt qeydi ildə Perşansk rayonu Kukuli kənd sovetinin icraiyyə komitəsində nikah bağlamış, 1999-cu ilədək nikahda qalmışdır. Lakin onunla faktiki bir yerdə yaşamamış, rəsmi nikah isə 1999-cu ildə Perşansk rayonunun Ədliyyə idarəsinin WAQŞ idarəsində 24 saylı akt qeydi ilə pozulmuşdur. İş materiallarından da göründüyü kimi Q.Daşkovetska onunla nigahı pozulduqdan sonra Ukrayna Respublikasına köçüb getmiş, orada yaşamış, mülkiyyətində olan mənzildən nə istifadə, nə sahiblik hüquqlarını həyata keçirməmiş, həmin mənzildə tək yaşamış, mülkiyyət hüquqlarımı həyata keçirmişdir. Mübahisəli mənzil işlədiyi dövrdə xidməti mənzil kimi ona verilmiş, xidməti mənzil kimi istifadəsində olmuş, mülkiyyət huququ ilə qeydə alınmasına qədər 16.10.1981-ci ildə Nəsimi rayon İcraiyyə Komitəsinin 16.10.1981-ci il tarixli qərarı, 000179 saylı orderi ilə onun adına verilmiş, 1978-ci ildə biz evləndikdən sonra isə əvəzsiz əqdlər üzrə həmin mənzil onun adına Dövlət Mənzil Fondunun özəlləşdirilməsi qaydasında bağışlama yolu ilə özəlləşdirilmiş, özəlləşmə prosesində isə Q.Daşkovetska mənzilin onun adına özəlləşdirilməsinə dair yazılı razılıq verməklə, mənzilin yarı hissəsinin öz adına özəlləşdirilməsindən imtina etmiş, nəticə etibarı ilə həmin mənzil 2008-ci ildə 21 noyabr tarixində Dövlət Mənzil Fondunun özəlləşdirilməsi qaydalarına uyğun olaraq əvəzsiz əqdlər üzrə onun adına bağışlama qaydasında mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə şahid qismində çıxış edən qonşu Süleymanov Bilal Əli oğlu bildirmişdir ki, Cavabdeh ilə qonşudur. Bakı şəhəri, Nərimanov rayonu F.Yusifov küçəsi ev 47, 15 saylı mənzildə bugünədək İddiaçı yaşamasını görməmişdir. Hazırda həmin mənzildə kirayəşinlər yaşayır. Həmin evi yaxınlarda Cavabdeh təmir etdirmişdir. Bütövlükdə xidməti mənzil kimi tərəfindən əldə edilmiş mənzildə hesab edir ki, iddiaçının hər-hansı bir hüququ mövcud deyil. Yaşamağa daimi yeri olmaqla mənzil şəraiti normaldır. Buna əsasən də hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Ağazadə İlkin İlqar oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki iddia tələbi iki hissədən – mənzilə köçürülmədən və həmin evə rahat şəkildə daxil olmasına maneəsiz istifadə etməsinə və ümumən mənzildən istifadəsinə hər növdə edilən maneəçiliklərin cavabdeh tərəfindən aradan qaldırılmasından ibarətdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xuluflu (indiki F.Yusifov) küçəsi, ev 47-də yerləşən 15 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir, bu barədə 04.05.1995-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr kitabının 385 nömrəli vərəqində qeydiyyat aparılmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Nərimanov Rayon MKTB 116 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 1212 nömrəli, 10.07.2014-cü il tarixli arayışına əsasən İddiaçı ünvan 1 ünvanı üzrə mənzilin istismarına dair yığım, məişət tulantılarının daşınmasına görə ödənilən 2009-cu ildən hal-hazıradək onun tərəfindən ödənilmişdir. İş materiallarında olan Ukrayna, Vinnitsa vilayəti, Pesçanka VVAQ şöbəsi tərəfindən verilmiş Nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada tərcümə olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında nikahın pozulması barədə 15.06.1999-cu il tarixində müvafiq akt qeydi aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 175/2009 saylı 09.02.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və qeyrilərin qarşı ünvan 1 ünvanında istifadə hüquqlarının itirilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılma tələbini dair iddia rədd olunmuşdur. İş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 1978-ci ildə nikah bağlanmış, onlar arasında nikah 15.06.1999-cu il tarixində pozulmuş, Tərəflər birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Nərimanov rayonu F.Yusifov küçəsi ev 47, 15 saylı mənzildə yaşamışlar. İşin bu hallarını tərəflər mübahisələndirmir. İddiaçı həmin mənzilə istifadə hüququnun olmasını iddia edir və Bakı şəhəri, Nərimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçürülməyi və həmin mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirir ki, mübahisəli mənzil ona xidməti mənzil olaraq verilmiş, birgə nikah dövründə özəlləşdirilsə belə, keçmiş arvadının həmin mənzilə hər hansı hüquqları mövcud deyil. Digər tərəfdən, iddiaçı həmin mənzildə uzun müddətdir ki, yaşamır, bu baxımdan iddia tələbi əsaslı deyil. Məhkəmə iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilllə bağlı hüquq münasibətlərinin yarandığı tarixi nəzərə alıb haqlı olaraq hesab etmişdir ki, hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri baxımından mübahisəli hüquq münasibətinin yarandığı zaman, yəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin maddi hüquq normalarına istinad edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin: 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür; 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir; 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır; 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır; 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir; 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 27-ci maddəsinə görə isə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı uzun müddət mübahisəsi gedən mənzildə yaşamış və özünə məxsus başqa yaşayış sahəsinin olduğu müəyyən edilməyən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçmək tələbi əsaslıdır. Göründüyü kimi, mübahisəli ev cavabdehin mülkiyyətindədir və uzun illər tərəflər ailə üzvü kimi həmin evdə yaşamışlar. İddiaçı da cavabdehin ailə üzvü olaraq nikaha daxıl olduqları dövrdən 1978-ci ildən həmin mənzildə yaşamışdır. Mənzil Cavabdeh adına dövlət qeydiyyatından 04.05.1995-ci il tarixdə keçmiş, həmin vaxt tərəflər arasında nikah pozulmamışdır. Digər tərəfdən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 175/2009 saylı 09.02.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və qeyrilərin qarşı ünvan 1 ünvanında istifadə hüquqlarının itirilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılma tələbini dair iddia rədd olunmuşdur. Həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi mənzilə köçürülmə hissəsində əsaslıdır, İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nəimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçürülməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar