Məhkəmə qərarları › İş №2(103)-9340/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9340/2020

16.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9340/2020 16.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Gəncə şəhəri İcra İdarəsi, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5208/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı (Gəncə şəhəri İcra İdarəsi, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5 üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı “iddianı təmin etmə tədbiri” barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 257, bina 1, mənzil 15-in üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5208/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi məhz hazırda üzərinə həbs qpyulması xahiş olunan mənzilə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsidir. Əgər mənzil üzərinə həbs qoyulmasa bu qətnamənin icrasını mümkünsüz edə bilər. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh ASC-nin nümayəndəsi X2 şikayətə etiraz edərək təmin olunmamasını və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5208/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2-158.1.3). Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə xx xxxx 2010-cu il tarixli qərar, § 83). Kollegiya qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, iddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddianı təmin tədbirinə baxılarkən hakim iddiaya mahiyyəti üzrə qiymət verməkdə haqlı deyildir, iddiaçının dəlilləri isə iddiaya mahiyyəti üzrə qiymət verilməsini tələb edir. Ona görə də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5208/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar