Məhkəmə qərarları › İş №2(103)-9368/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9368/2021

11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9368/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı və“Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Türkan qəsəbəsi, Yenikənd 1 ünvanında yaşadığı dövrdə, 02.02.2012-ci il tarixdə atası X6 və qardaşı X12 ilə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi 23 ünvanında yaşayan nənəsi X3 evinə qonaq getmişdir. Həmin gün hava soyuq olduğundan evdə olan “Ceyran” tipli qaz sobasını yandıraraq nənəsi, atası və qardaşı ilə birlikdə bir otaqda yatmışdırlar. 03.02.2012-ci il tarixdə saat 05 radələrində otaqda yatarkən partlayış baş vermiş, mənzil yararsız hala düşmüş, nənəsi, qardaşı və atası yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər. Aldıqları yanıq xəsarətlərindən nənəsi X8 05.02.2012-ci il tarixdə, qardaşı X12 isə 06.02.2012-ci il tarixdə müalicə aldıqları xəstəxanada vəfat etmişdirlər. Faktla bağlı cinayət işi qaldırılmış, “Azəriqaz” X11 Rayon Qaz idarəsində cilingər işləyən əməkdaşı X9 barəsində ittiham aktı tərtib edilərək Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 19.09.2012-ci il tarixli, 1-(003)- 361/12 saylı hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirlibilinərək müəyyən vəzifə və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Keçirilmiş ekspertizanın rəyinə əsasən bədənində aşkar olunmuş xəsarətlər- ağır dərəcəli yanıq şoku ilə nəticələnmiş üzün, hər iki əlin, hər iki çiynin, hər iki aşağı ətrafın ll-lll dərəcəli (32 %) yanıq yaraları yüksək hərarətin təsirindən törənmişlər, törənmə müddətləri onun 5 saylı Kliniki Xəstəxanasına müraciətindən əvvəl olmaqla, qərarda göstərilən 03.02.2012-ci il tarixə və şəraitə uyğundur və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Baş vermiş hadisə nəticəsində cox böyük maddi və mənəvi ziyana məruz qalmışdır. Nənəsinin və qardaşının ölümü, özünün və atasının ağır yanıq xəsarətləri alması nəticəsində üzun müddət stresdən cıxa bilməmişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həm nənəsinin, həm də qardaşımın hadisə nəticəsində vəfat etməsi, həm də hadisə nətiçəsində özünün yanıq xəsarətləri alması nətiçəsində sarsıntı və iztirab keçirir. Bundan əlavə aldığı yanıq yaraları hal-hazırda da müalicə olunmamışdır. Onların müalicə olunması və eyni zamanda estetik əməliyyat olunması üçün kifayət qədər vəsait tələb olunur və bu vəsaitləri qaşılaya bilmir. Bununda nətiçəsində mənəvi təhqirə məruz qalır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində kompensasiya və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsi, İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi və İddiaçı apellyasiya şikayəti vermişlər. Birinci instansiya məhkəməsi iddia tələbi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.09.2012-ci il tarixli 1(003)- 361/2012 saylı hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum- edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Hökmün surətindən həmçinin görünür ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” X11 Rayon X20 5 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi “Azərbaycan Respublikasında yanğın təhlükəsızliyi qaydalarının 1.9.1, 7.8, “Tikinti Norma və Qaydalarımın 4.22 və “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 3.89 bəndinin tələblərini pozaraq, ünvan 2 ünvanda yerləşən, X7 məxsus evdə daxili qaz avadanlıqlarına texniki baxışı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun keçirməmiş, daxili qaz xətlərində mövcud olmuş qüsurları vaxtında aşkar edib aradan qaldırmalı olduğu halda bunu etməyərək, evin qaz xəttinə birləşdirilmiş və sonluğunda tıxac olmayan qaz xəttini aşkar etməmiş, təhlükəsizlik qaydalarının kobud pozuntusu hesab edilən və insanların həyat və sağlamlığına ciddi təhdid olan bu qüsurun aradan qaldırılması üçtin heç bir tədbir görməmişdir. Bu səbəbdən də, X7 məxsus evin çöl tərəfdən divarın dibi ilə yeraltı çəkilmiş qaz xəttinə birləşdirilmiş borunun açıq ucundan çıxan qaz evin həmin qaz xətti ilə yanaşı yerləşən zirzəmisinə, oradan isə yataq otağına dolmuşdur. Otaqda əmələ gəlmiş onsentrasiyalı qaz-hava qarışığı 03.02.2012-ci ildə saat 05 radələrində otaqda olan “Ceyran” tipli qaz sobasının açıq alovundan alışaraq partlayış baş vermişdir. X4 müvafiq ehtiyyatsızlığı nəticəsində həmin vaxt otaqda olan ev sahibi X8, oğlu X6, nəvələri X10 və X12 ağır dərəcəli yanıq xəsarətləri almışlar. Evə tikinti üzrə 6.890 manat, əmtəə üzrə 1.020 manat, ümumilikdə 7.910 manat ziyan dəymiş, partlayış ağır nəticələrə səbəb olmuşdur. X8 05.02.2012-ci ildə, X12 isə 06.02.2012-ci ildə müalicə aldıqlan xəstəxanada ölmüşlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.06.2016-cı il tarixli 2(004)-10823/2016 saylı qətnaməsinin surətindən görünür ki, X1 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən mənəvi ziyana görə 70.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Beləliklə, iddiaçının və onun atasının ağır xəsarət alması, qardaşının və nənəsinin ölməsi cavabdeh «Azəriqaz» X11 X20 5 saylı yaşayış yerlərində qaz cihazlarına nəzarət xidmətinin nəzarətçi-çilingəri işləyən Güləli Məcidovun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar yaranması qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.09.2012-ci il tarixli 1(003)-361/2012 saylı hökmü ilə müəyyən olunduğundan onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24.04.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı baş vermiş hadisədə nənəsini və qardaşını itirmiş, özünün və atasının sağlamlığına ağır dərəcəli xəsarət vurulmuşdur. Hadisədən sonra özü və atası müalicə almaq məcburiyyətində qalmışlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin işçisinin təqsiri nəticəsində iddiaçının nənəsinin və qardaşının ölməsi, özünün və atasının yanıq xəsarətləri almaqla sağlamlıqlarına ağır dərəcəli xəsarət vurulması nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin mənəvi zərərin həcmi 10.000 manat məbləğində müəyyən edilməlidir”. “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində iddia tələbinin təmin olunmaması hissəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X13 məhkəmə iclasında çıxış edərək bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının səhlənkarlığı nəticəsində baş vermiş qəzada iddiaçının ailə üzvlərindən iki nəfər ölmüş, iddiaçı özü ağır xəsarət almış və böyük mənəvi sarsıntılara məruz qalmışdır. Ona görə onun iddia tələbi əsaslıdır və iddia tələbinin tam təmin olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Xətai rayon məhkəməsi iş üzrə qətnamə qəbul edərkən bu işlərin kütləviliyini nəzərə almayaraq kompensasiya məbləğini çox yüksək müəyyən etmiş, mütənasiblik və ədalətlilik prinsiplərinə söykənməmiş, 9 il sonra iddia tələbini təmin etmişdir. İddiaçı apellyasiya şikayətində Xətai rayon məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsinin qisməmn ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, məhkəmə tərəfindən iddia tələbinin 10.000 manat məbləğində müəəyən edilməsi iddiaçının məruz qaldığı mənəvi sarsıntıların kompensasiyası üçün yetərli deyildir. Apellyasiya şikayətində istinad olunan maddi hüquq normaları mənəvi sarsıntılara məruz qalmış şəxsin bunun müqabilində tarazlaşdırılmış kompensasiya almaq hüququna malik olmasının hüquqi əsasını təşkil edir. Həm S.V. Haverdiyevanın, həm də “Azəriqaz” İstehsalat birliyinin apellyasiya şikayətlərində baş vermiş qəza ilə əlaqədar kompensasiya məbləğinin müəyyən edilməsi və onun miqdarı mübahisələndirilir. Məhkəmə kollegiyası qəza nəticəsində iddiaçı S.V Haqverdiyevanın yaxın qohumlarının vəfat etməsini, onun özünün ağır xəsarət almasını, eyni zamanda hadisə ilə bağlı iddiaçının atası X2 cavabdeh “Azəriqaz” istehsalat Birliyinin məhkəmə qətnaməsinə əsasən 70.000 manat ödənilməsini, həmçinin ədalətlilik və mütənasiblik prinsiplərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi kompensasiya məbləğini 10.000 manat müəyyən etməklə əsaslı nəticəyə gəlmişdir. Ona görə də iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı və cavabdeh “Azəriqaz” istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar