Məhkəmə qərarları › İş №2(103)-937/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-937/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-937/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşağın icra məmuru və ananın iştirakı ilə müayinə və müalicəyə aparılması tələbinə dair mülki iş üzrə (açar sözlər: uşağın müayinə və müalicəyə aparılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın icra məmuru və ananın iştirakı ilə müayinə və müalicəyə aparılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(004)-4719/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 2(004)- 108/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 15 oktyabr 2016-cı il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 4261 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 17 dekabr 2018-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması, yetkinlik yaşına çatanadək saxlanılması üşün 09 mart 2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(004)- 2563/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı 17 dekabr 2018-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günü, davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 12:00-dan saat 17:00-dək, 5 saat, eyni zamanda iddiaçının və uşağın ad günlərində 29 mart və 17 dekabr tarixlərində saat 12:00-dan 15:00-dək, 3 saat sərbəst ünsiyyətdə olmaq hüququ verilməsi, valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq övladı – 17 dekabr 2018-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri 1 (bir) saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, telegram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, bu hissədə ünsiyyətdə olmaq qaydasının Cavabdeh tərəfindən təşkil edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. 5 nömrəli Uşaq Poliklinikasının 1091 saylı 16 avqust 2024-cü il tarixli arayışından görünür ki, X6 5 dəfə psixiatrın qəbulunda olmuşdur. Müalicə yazılıb. Nitq inkişafının spesifik pozuntusu, yüngül koqnitiv pozuntu diaqnozu qoyulmuşdur.

4. “X11” tərəfindən verilmiş həkim-nevropatoloq Füzuli Məmmədovun 24 iyul 2024cü il tarixli müayinə vərəqəsindən görünür ki, 5 yaş 7 aylıq Elçin İsmayılovun diaqnozu – Sinir psixi inkişaf geriliyi, autistik əlamətlər” qeyd edilmişdir. Dinamika tövsiyə edilir. Çox ünsiyyətdə olmaq, danışdırmaq, eyni zamanda kurslara davam etmək məsləhətdir. Telefon və televizordan istifadə etməsin. Neyroped 2 ay, fasilə ilə 2 ay təkrar davam etmək, selamin, pemodan forte 4 ay. İş materiallarında olan “X11”-in həkim-nevropatoloqu Füzuli Məmmədovun 08 oktyabr 2024-cü il tarixli müayinə vərəqəsindən görünür ki, 5 yaş 5 aylıq Elçin İsmayılovun diaqnozu – S/p geriliyi, autistik əlamətlər” qeyd edilmişdir. Psixopedaqoji təlimlər və paralel uşaq kollektivində olması məsləhətdir. Trausan 2 ml səhər 25-10 gün fasilə üç kurs. Selamin 3 ml, Refamin 3 ml – növbəli say.

5. “X11” həkim-nevropatoloqu Füzuli Məmmədovun 08 oktyabr 2024-cü il tarixli müayinə vərəqəsindən görünür ki, 5 yaş 5 aylıq Elçin İsmayılovun diaqnozu – S/p geriliyi, autistik əlamətlər” qeyd edilmişdir. Psixopedaqoji təlimlər və paralel uşaq kollektivində olması məsləhətdir. Trausan 2 ml səhər 25-10 gün fasilə üç kurs. Selamin 3 ml, Refamin 3 ml – növbəli say

6. “X11”-in həkim-nevropatoloqu Füzuli Məmmədovun 28 oktyabr 2024-cü il tarixli müayinə vərəqəsindən görünür ki, 5 yaş 10 aylıq Elçin İsmayılovun diaqnozu – Sinir psixi inkişaf geriliyi, autistik əlamətlər” qeyd edilmişdir. Xəstənin psixopedoqoji kurslarareabilitasiyaya ehtiyacı vardır. Loqoped, psixoloq, defektoloq, əmək terapiyası, paralel valideynin çox çalışması vacibdir. Bu vasitələrin kompleks şəkildə olunması daha əhəmiyyətlidir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icraçıların nəzarəti altında ananın iştirakı ilə oğlu 17 dekabr 2018-ci il təvəllüdlü X3 Bakı şəhəri 6 nömrəli şəhər poliklinikasında mütəmadi olaraq müayinə və müalicə olunmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş arvadıdır. Cavabdeh boşandıqdan sonra oğlu Elçinlə birlikdə Ucar rayonunda yerləşən ata-baba evinə gedərək orada yaşayır. X1 nitq və əqli geriləmə vardır. Bütün bunlara səbəb isə onun yaşadığı ağır şəraitli mühitdir. Belə ki, oğlunun dayısı 08 iyul 1988-ci il təvəllüdlü 1-ci dərəcəli psixi xəstə olan X7 ilə birlikdə yaşayır. Tək bir faktı qeyd etmək istəyir ki gündəlik evlərində olan ailəməişət problemləri və dava-dalaşları ilə uşağı Elçinin psixoloji vəziyyəti və böyümə şəraiti bir ata kimi onu narahat edir. Evlərindən dava-dalaş əksik olmur. Əqli geriləmə yaşayan uşağın psixoloji vəziyyəti daha da kəskinləşir. Lakin bütün bunlar ananı narahat etmir. Bir ata kimi təəssüf hissi olaraq bildirir ki, oğlu ilə hər görüşləri zamanı əynindəki paltarların çirkli, yararsız olduğunun şahidi olur. Anasına desə də, o bu halları aradan qaldırmır. Oğlunun qayğı və müalicəyə ehtiyacı vardır. Ana onun himayəsinə verilmiş uşağın müalicəsinə cəlb edilməlidir. Bu səbəbdən məhkəmə icraçılarının nəzarəti altında övladının Bakı şəhəri 6 saylı şəhər poliklinikasının nəznində reabilitasiya mərkəzində müalicə edilməsini istəyir. Bütün müalicə və yoxlanışlar burada dövlət hesabına həyata keçirilir. Lakin bu ana öz övladının qeydinə qalmayaraq, dövlətin yaratdığı imkanlardan istifadə etmir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(004)- 4719/2024 nömrəli qətnaməsinə əsasən iddianın rədd olunması qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə, uşağın yaşayış yeri olaraq cavabdehin yanında saxlanılması müəyyən edilmişdir. Cavabdeh uşağı il birlikdə Ucar rayonunda yaşayır. Eyni zamanda tibbi müayinə arayışlarından da görünür ki, cavabdeh tərəfindən himayəsində saxlanılmış uşağın müayinə və müalicəsi üçün addımlar atılır, mütəmadi həkim mayinəsində olur. İddiaçının uşağın təlim və tərbiyəsində iştirak etmək hüququ qanunvericiliklə müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu ən əsası uşağın mənafeyi və eyni zamanda yanında saxlanılan tərəfin (hazırki halda ananın) yaşayış şəraiti və yeri, eləcə də uşağını aparmaq istədiyi tibb müəssisəsini seçmək imkanları da nəzərə alınmaqla həyata keçirilə bilər. Tərəflərin izahatlarında da göründüyü kimi, hər iki tərəfin iştirakı ilə uşağın müayinə və müalicəyə aparıldığı tibb müəssisələrində konfliktlər yaranır. Cavabdeh izahatında həkim müalicə və müayinəsindən əlavə Göyçay rayonunda uşağı mütəmadi olaraq loqoped-psixoloqun seanslarına apardığını bildirmiş, iddiaçının həkimlə və onunla mübahisəyə girəcəyini nəzərə alıb, bu barədə ətraflı məlumat vermək istəmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiada xahiş edildiyi kimi məhz Bakı 6 nömrəli Şəhər Poliklinikasında uşağın mayinə və müalicəyə aparılmasına hal-hazırda zəruri əsaslar müəyyən edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58, 60, 61-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunub, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayətinin dəlillərinə görə, cavabdehin uşağa qarşı biganə olması və onun sağlamlığı ilə lazımı qaydada məşğul olmaması uşağın həm psixi həm də fiziki sağlamlığına ciddi zərər yetirir və təhsilindən geri qalmasına səbəb olur. Birinci instansiya məhkəməsi məhkəməyə təqdim olunan sübutları araşdırmamış və X3 gələcək hərtərəfli inkişafı üçün düzgün olmayan qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və məhkəmədən iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətinin təmin olnmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Maddə 51.4. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümum bəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbtlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarşmasınayalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. İddianın və apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, əqli geriləmə yaşayan uşağın psixoloji vəziyyətinin daha da kəskinləşməsi ananı narahat etmir, uşağın qayğı və müalicəyə ehtiyacı vardır, ana onun himayəsinə verilmiş uşağın müalicəsinə cəlb edilməlidir və müalicə məhz icra məmurunun nəzarəti altında Bakı şəhəri 6 saylı şəhər poliklinikasının nəznində reabilitasiya mərkəzində həyata keçirilməlidir.

23. Lakin işin hallarından görünür ki, uşaq 5 nömrəli Uşaq Poliklinikasında 5 dəfə psixiatrın qəbulunda olmuş, müalicə yazılmış, həmçinin 2024-cü il ərzində “X11”-də həkimnevropatoloq Füzuli Məmmədov tərəfindən müayinə olunmuşdur. Qeyd olunan xüsusatlar onu təsdiq edir ki, uşağın müayinə və müalicəsi anası tərəfindən mütəmadi olaraq həyata keçirilir. Hətta ananın uşağın müayinələrini dövlət hesabına həyata keçirmək imkanı olsa da, 5 nömrəli Uşaq Poliklinikasında dəfələrlə psixiatr qəblundan olmasına baxmayaraq öz hesabına özəl tibb müəssisəsi olan “X11”-də də mütəmadi olaraq müayinəsini həyata keçirir. Yəni, işin halları ilə iddianın və apellyasiya şikayətinin dəlilləri təkzib olunur.

24. Müalicənin məhz Bakı şəhəri 6 saylı şəhər poliklinikasının nəznində reabilitasiya mərkəzində həyata keçirilməli oliması ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillə bağlı hər hansı bir sübut, məsələn, müalicə ilə bağlı hər hansı prosedurun digər tibb müəssisələrində mümkün olmaması, bu prosedurun yalnız həmin mərkəzdə həyata keçirilməsinin mümkünlüyü barədə sənəd məhkəməyə təqdim olunmamışdır.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(004)- 4719/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(004)- 4719/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar