Məhkəmə qərarları › İş №2(103)-9381/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9381/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9381/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “sığorta müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(009)-1637/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinin şərtlərinə görə sığorta hadisəsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi nəzərdə tutulan məbləğ çıxıldıqdan sonra zərər məbləğinin yerdə qalan hissəsi üzrə şərtsiz azadolma və məcburi kəsim faktının mövcud olmadığını əsas tutaraq sığortalı tərəf kimi onun xeyrinə (1017+963+524=2504) cəmi 2504 manat məbləğində sığorta ödənişinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinə əsasən "xxxx" ASC ilə 05.09.2020-ci il tarixindən 04.09.2023- cü il tarixədək olan dövr üçün sığorta müqaviləsi bağlamışdır. Aqrar Sığorta müqaviləsinin predmetini təşkil edən iki baş “simmental” cinsi olan ana inəklərin hər birinin dəyəri 4816.30 manat qiymətləndirilməklə sığorta məbləğinin cəmi 9632.60 manat həcmində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu 2020-ci ildən 2023-cü ilədək olan dövr üçün hər ilə görə 535.58 manat olmaqla onun tərəfindən müqavilənin qüvvədə olduğu bütün dövr üçün cəmi 1606.72 manat həcmində sığorta haqqı ödənilmişdir. Lakin sığorta müqaviləsinin bağlanması və sığorta haqqının ödənilməsindən sonra keçən qısa müddət ərzində, yəni 16.10.2020-ci tarixdə birka nömrəsi “70102”, “simmental” cinsi olan təzə doğmuş bir baş ana inək tələf olmuşdur. İnəyin tələf olmasından 2 gün əvvəl digər inəyin vurması nəticəsində heyvanın axura düşərək möhkəm əzilməsi çanaq-bud sümüyünün sınması səbəbindən ağır vəziyyətdə olması barədə tərəfindən Saatlı rayon Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazova və baytar sahə müdiri Nurəddin Osmanova məlumat verilmişdir. Adiyyəti üzrə daxil olmuş məlumat əsasında heyvanın vəziyyətinə onun iştirakı ilə ümumi baxış keçirilmiş və ölümün hansı səbəbdən baş verməsi barədə 16.10.2020-ci il tarixli akt tərtib edilmişdir. Heyvanın cəsədinin yarılması barədə 16.10.2020-ci il tarixli yarma protokolu tərtib edilmiş, ölümün çanaq-bud bud sümüyünün sınması nəticəsində baş verdiyi təsdiq edilmişdir. Sığorta hadisəsinin baş verməsindən dərhal sonra sığortaçıya rəsmi məlumat və müvafiq sənədlər təqdim edilsə də, hadisədən 6 ay müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyinə görə o, 31.03.2021-ci il tarixli ərizə ilə "xxxx" ASC-nin rəhbərliyinə müraciət etmişdir. Müraciəti ilə bağlı "xxxx" ASCnin idarə heyyətinin sədri Mahir Niftəliyev tərəfindən 26.04.2021-ci il tarixdə göndərilmiş məktuba əsasən sığorta hadisəsi üzrə 4816 manat həcmində zərər məbləğinin müəyyən olunduğu göstərilmiş və qeyd edilən məbləğin 60%-nin sığorta şəhadətnaməsinin şərtlərinə görə faydalanan şəxs kimi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, sığortalı şəxs kimi ona düşən sığorta məbləğindən şərtsiz azadolmaya görə 963 manat, məcburi kəsim şərtinə görə isə 524 manat pul vəsaitinin tutulacağı və müqavilə üzrə sığortalı tərəf kimi ona cəmi 1017 manat sığorta ödənişi ediləcəyi bildirilmişdir. Hesab edir ki, sığortalıya çatan sığorta ödənişindən şərtsiz azad olma və məcburi kəsim şərtinə görə hər hansı məbləğin tutulması tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə və “Aqrar Sığorta” haqqında Qanunun, həmçinin Mülki Məcəlləsinin tələblərinə ziddir. Sığortalı tərəfindən şərtsiz azadolma barədə heç bir təklif olmamış, sığortaçının sığorta riskləri üzrə təminatından imtina edilməmişdir. Digər tərəfdən, müqavilənin məcburi kəsim şərtinə görə əgər xəsarət dəyən heyvanın dərisindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 4%-i, ətindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 30%-i qalıq kimi müəyyənləşdirilir və sığorta ödənişindən çıxılır. Lakin iş materiallarında olan heyvan cəsədinin yarılması protokoluna və heyvanın 16.10.2020-ci il tarixdə tələf olması barədə tərtib edilmiş Akta əsasən heyvanın dərisindən və ya ətindən yararlanmaq məqsədi ilə məcburi kəsim faktı mövcud olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(009)-1637/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 1541,22 manat sığorta ödənişinin tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin dəyişdirilməsi, 886,20 manat pul vəsaitinin ASC-dən tutularaq, iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, ASC ümumi sığorta məbləğindən şərtsiz azadolma ilə yanaşı, məcburi kəsimin edilməməsi nəticəsində 34%-in də çıxılmasını xahiş etmiş, lakin məhkəmə təmin etməmişdir. Tərtib edilmiş aktdan görünür ki, iddiaçı zədələnmiş heyvanın ağır vəziyyətdə olması və yaşamaq üçün şansının az olduğu barədə səlahiyyətli şəxslər tərəfindən xəbərdar edilmiş, lakin heyvanın məcburi kəsimini həyata keçirməmiş və bununla da əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazimı və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməmişdir. Heyvanın məcburi kəsimi həyata keçirilsə idi, onun dərisindən və ətindən yararlanmaq mümkün olardı. Məhkəmə iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, dörd ay əvvəl doğmuş inəyin kəsilməsi və ətinin satılması düzgün deyildir, dərisi isə deşik-deşik olmuşdur, ondan da istifadə etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış KTH-0033/20 saylı, 05.09.2020-ci il tarixli heyvanların sığortası şəhadətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən iki baş “simmental” cinsi olan inək hər birinin dəyəri 4816.30 manat qiymətləndirilməklə 04.09.2023-cü il tarixədək sığortalanmışdır. Həmin Müqaviləyə əsasən şərtsiz azadolma məbləği hər başa sığorta məbləğinin 20,0%-ini təşkil edir. Həmin Müqaviləyə əsasən faydalanan şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Nazirliyidir. Həmin Müqaviləyə əsasən əgər xəsarət dəyən heyvanın dərisindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 4%-i, ətindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 30%-i qalıq kimi müəyyənləşdirilir və sığorta ödənişindən çıxılır. Təqdim olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Nazirliyi tərəfindən "xxxx" ASC-nə ünvanlanmış 22/02/05-396 saylı, 11.02.2021-ci il tarixli məktubundan görünür ki, Agentliyin vəsaiti hesabına İddiaçı AZ 70102 inventar nömrəli 1 (bir) baş damazlıq heyvanın maliyyələşdirilməsi məqsədilə 2880 manat güzəşt məbləği ayrılmışdır. "xxxx" ASC tərəfindən KTH-0033/20 saylı sığorta şəhadətnaməsi ilə sığortalanan Simmental cinsli, AZ 70102 inventar nömrəli 1 (bir) baş damazlıq heyvan tələf olmuşdur. Agentliyin faydalanan şəxs olduğunu nəzərə alaraq, həmin damazlıq heyvanın alınması məqsədilə köçürülmüş güzəşt məbləği 2880 manat sığorta məbləğinin Agentliyə ödənilməsi məqsədilə bank rekviziti təqdim edilmişdir. İş materiallarında olan KTH-0033/20 saylı heyvanların sığortası üzrə şəhadətnamənin 1 nömrəli qoşmasından görünür ki, sığorta müqaviləsinin qüvvədə olduğu 2020-ci ildən 2023-cü ilədək olan dövr üçün hər ilə görə 535.58 manat olmaqla müqavilənin qüvvədə olduğu bütün dövr üçün cəmi 1606.72 manat həcmində sığorta haqqı ödənilməlidir. İş materiallarında olan yarma protokolundan görünür ki, heyvanın cəsədinin yarılması barədə 16.10.2020-ci il tarixli yarma protokolu tərtib edilmiş, ölümün çanaq-bud sümüyünün sınması nəticəsində baş verdiyi təsdiq edilmişdir. İş materiallarında olan 16.10.2020-ci il tarixli aktdan görünür ki, Saatlı rayon Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazov və baytar sahə müdiri Nurəddin Osmanovun iştirakı ilə daxil olmuş məlumat əsasında heyvanın vəziyyətinə ümumi baxış keçirilmiş və ölümün çanaq-bud sümüyünün sınması nəticəsində baş verdiyi barədə 16.10.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta görə, 14.10.2020-ci il tarixdə məlumat daxil olmuşdur ki, İddiaçı məxsus 1 (bir) baş təzə doğmuş inək heyvan vurması nəticəsində axura düşmüş və möhkəm əzilib, çanaq-bud oynağı sınıb və heyvan ağır vəziyyətdədir. Vətəndaş İddiaçı bildirmişlər ki, heyvanın vəziyyəti ağırdır, yaşama şansı azdır. Heyvan 16.10.2020-ci il tarixdə tələf olmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nə ünvanlanmış 31 mart 2021ci il tarixli ərizədən görünür ki, o, KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinə əsasən "xxxx" ASC ilə 05.09.2020-ci il tarixindən 04.09.2023-cü il tarixədək olan dövr üçün sığorta müqaviləsi bağlamışdır. Aqrar Sığorta müqaviləsinin predmetini təşkil edən iki baş “simmental” cinsi olan ana inəklərin hər birinin dəyəri 4816.30 manat qiymətləndirilməklə sığorta məbləğinin cəmi 9632.60 manat həcmində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu 2020-ci ildən 2023-cü ilədək olan dövr üçün hər ilə görə 535.58 manat olmaqla onun tərəfindən müqavilənin qüvvədə olduğu bütün dövr üçün cəmi 1606.72 manat həcmində sığorta haqqı ödənilmişdir. Lakin sığorta müqaviləsinin bağlanması və sığorta haqqının ödənilməsindən sonra keçən qısa müddət ərzində, yəni 16.10.2020-ci tarixdə birka nömrəsi “70102”, “simmental” cinsi olan təzə doğmuş bir baş ana inək tələf olmuşdur. İnəyin tələf olmasından 2 gün əvvəl digər inəyin vurması nəticəsində heyvanın axura düşərək möhkəm əzilməsi çanaq-bud sümüyünün sınması səbəbindən ağır vəziyyətdə olması barədə tərəfindən Saatlı rayon Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazova və baytar sahə müdiri Nurəddin Osmanova məlumat verilmişdir. Adiyyəti üzrə daxil olmuş məlumat əsasında heyvanın vəziyyətinə onun iştirakı ilə ümumi baxış keçirilmiş və ölümün hansı səbəbdən baş verməsi barədə 16.10.2020-ci il tarixli akt tərtib edilmişdir. Heyvanın cəsədinin yarılması barədə 16.10.2020-ci il tarixli yarma protokolu tərtib edilmiş, ölümün çanaq-bud bud sümüyünün sınması nəticəsində baş verdiyi təsdiq edilmişdir. Heyvanın tələf olması faktı ilə bağlı məlumat və tərtib edilmiş rəsmi sənədlər dərhal "xxxx" ASC-yə göndərilmiş və sığortalı şəxs kimi dəymiş zərərə görə ona sığorta ödənişinin sığortaçı tərəfindən ödənilməsi ilə bağlı tədbir görülməsi xahiş olunmuşdur. Lakin sığorta hadisəsinin baş verməsindən dərhal sonra sığortaçıya rəsmi məlumat və müvafiq sənədlər təqdim edilsə də, hadisədən 6 ay müddət keçməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Ona görə də, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərini nəzərə alaraq, ən qısa zamanda tədbir görülməsi və ona yazılı məlumat verilməsi xahiş olunmuşdur. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış HO-595/11 nömrəli, 26.04.2021-ci il tarixli bildirişdən görünür ki, KTH0033/20 saylı heyvanların sığortası şəhadətnaməsi ilə "xxxx" ASC-də sığortalanan "simmental" cinsli, AZ 70102 inventar nömrəli heyvan tələf olmuşdur. Sığorta şəhadətnaməsinin şərtlərinə əsasən faydalanan şəxs kimi Aqrar Kredit və İnkişaf Agentliyi və sığortalı kimi Təsərrüfat sahibi nəzərdə tutulmuşdur. Qeyd olunan sığorta hadisəsi üzrə 4816 manat məbləğində zərər məbləği müəyyən olunmuşdur. Sığorta ödənişindən 963,26 manat məbləğində şərtsiz azadolma çıxıldıqdan sonra qalıq məbləğ 3853,04 manat təşkil etmişdir. Həmin məbləğin sığorta müqaviləsinə əsasən 60 faizi, yəni 2311,82 manatı AKİA-ya ödənilməlidir. Sığorta şəhadətnaməsinin məcburi kəsim şərtinə görə isə sığortalıya düşən ödəniş məbləğindən 34% (524,01 manat) tutulacaq və nəticədə sığortalıya 1017,21 manat məbləğində sığorta ödənişi ediləcəkdir. Hazırda iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi nəzərdə tutulan məbləğ çıxıldıqdan sonra zərər məbləğinin yerdə qalan hissəsinin ona ödənilməsini tələb edir, cavabdeh isə bildirir ki, sığorta məbləğindən, yəni 4816,30 manatdan azadolma məbləği 963,26 manat, məcburi kəsim edilmədiyinə görə əlavə 1637,50 manat çıxıldıqdan sonra qalan sığorta ödənişinin 60%, yəni 1329,3 manatı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyinə, 40%, yəni 886,2 manatı isə İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 901.1-ci maddəsinə görə sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (Mülki Məcəllənin 926.2-ci mad.). Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş vermişdir. Cavabdeh sığorta müqaviləsi üzrə iddiaçıya dəyən ziyanı ödəməlidir. İddiaçı tərəfindən yeni doğmuş və aldığı xəsarətə görə ağır vəziyyətdə olan heyvanın məcburi kəsiminin həyata keçirilməməsi ilə əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirlərin qəsdən görülməməsi öz təsdiqini tapmadığından, dəymiş ziyanın ödənilməsi hissəsində iddia tələbi qismən əsaslıdır. Kollegiya qeyd edir ki, məcburi kəsim şərtinə görə sığortalıya düşən ödəniş məbləğindən 34% çıxılmaması hisssəsində məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında olan müqaviləyə əsasən əgər xəsarət dəyən heyvanın dərisindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 4%-i, ətindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 30%-i qalıq kimi müəyyənləşdirilir və sığorta ödənişindən çıxılır. Mülki Məcəllənin 935.1.4-cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. İş materiallarında olan 16.10.2020-ci il tarixli aktdan görünür ki, göstərilən heyvan heyvan vurması nəticəsində axura düşmüş və möhkəm əzilmişdir, çanaq-bud oynağı sınmışdı və heyvan ağır vəziyyətdədir. İddiaçıya bildirilmişdir ki, heyvanın vəziyyəti ağırdır, yaşama şansı azdır. Heyvan 16.10.2020-ci il tarixdə tələf olmuşdur. Göründüyü kimi, iddiaçıya heyvanın vəziyyətinin ağır olması və yaşama şansının az olması bildirilmişdir, buna baxmayaraq, iddiaçı məcburi kəsimə razı olmamışdır, hansı ki, heyvanın kəsimi həyata keçirilsə idi, ətindən və dərisindən yararlanmaq imkanı mümkün olardı. Belə olan halda Kollegiya hesab edir ki, 4816,30 manat sığorta ödənişindən şərtsiz azadolma məbləği olan 20%, yəni 963,26 manat çıxıldıqdan sonra qalan 3853,04 manat məbləğdən məcburi kəsim edilmədiyinə görə 34% çıxıldıqdan sonra qalan 2543,01 manat məbləğdən 60% Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyinə görə çıxıldıqdan sonra, qalan 1017,21 manat məbləğində sığorta ödənişi iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1637/2021 saylı iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi qismən - sığorta ödənişindən məcburi kəsimə görə 34%-in çıxılmalı olmasının nəzərə alınmaması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Tutulan sığorta məbləğindən 34% məcburi kəsim də nəzərə alınmaqla cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 1017,21 manat sığorta ödənişi tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar