Məhkəmə qərarları › İş №2(103)-9390/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9390/2021

15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9390/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddia ərizəsində siyahısı göstərilmiş cehiz əşyalarının onun mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə ərazi aidiyyatı ilə bağlı məsələ mübahisələndirilərək, həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı işin ərazi aidiyyatı üzrə baxılması məsələsinin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə kollegiyası iddiaçını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş üzrə mübahisəyə Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılmalıdır. Belə ki, ilk növbədə, mülki iş Cavabdeh Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olması əsası ilə ərazi aidiyyəti üzrə Bakı şəhərinə Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Lakin iş materiallarında Cavabdeh harada qeydiyyatda olması ilə bağlı heç bir sənəd yoxdur. Məhkəmə tərəfindən cavabdehin qeydiyyat ünvanının dəqiqləşdirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilsə də Cavabdeh şəxsiyyəti barədə heç bir məlumat sistemdə mövcud olmadığından cavabdehin həqiqətən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olub-olmadığı müəyyən edilə bilməmişdir. Kollegiya həmçinin hesab edir ki, cavabdeh Suraxanı rayonunda qeydiyyatda olsa belə işə Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan evdə yerləşdirilmişdir və iddiaçı həmin cehiz əşyalarının bu evdən çıxarılmasını tələb edir. Beləliklə, iddiaçı ev üzərində hüquqlarının pozulmasını aradan qaldırmaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, istənilən şəxsin yaşadığı evdə onun razılığı olmadan başqa şəxsə məxsus əşyaların qalması həmin şəxsin ev üzərində hüquqlarının məhdudlaşdırılması deməkdir. Bu baxımdan İddiaçı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən evi üzərində hüquqlarının pozulmasını aradan qaldırmaq məqsədi ilə (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) məhkəməyə müraciət etmişdir. Belə olan halda mübahisəyə müstəsna aidiyyət tətbiq edilməli və işə iddiaçının evi üzərində hüquqlarını pozan cehiz əşyalarının yerləşdiyi evin olduğu yer üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2021-ci il tarixli Qərarı) Kollegiya hesab edir ki, işə “Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılması ilə mübahisə predmeti olan əşyaların yerində müayinəsi, evə baxış keçirilməsi, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Göründüyü kimi mülki işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların mənzildən çıxarılması“ tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar