Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-940/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «iş vaxtından artıq işə görə əlavə əmək haqqı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1421/2024 saylı, 24 oktyabr 2024cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 20 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərarda vətəndaş İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyi, 2022-ci ilin oktyabr, 2023-cü ilin yanvar, mart, aprel, iyun, iyul ayları üzrə artıq iş saatlarına görə əlavə əmək haqları ödənilmədiyi, bununla da Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulduğu qeyd olunub, lakin X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə başlanılmış icraata, sonradan həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, yəni inzibati xəta hadisəsi olmadığına görə xitam verilmişdir.
2. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən tərəflər arasında Aqrokompleksin idarəedilməsi departamenti/İnzibati nəzarət şöbəsi, əsas şöbə rəisi vəzifəsinə təyin edilmə ilə bağlı olaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır.
3. Cavabdeh ASC tərəfindən verilən “əmək müqaviləsinə dəyişiklik barəsində” xx.xx.2023-cü il tarixli, 73_2/K nömrəli Əmrinə əsasən Aqrokompleksin idarəedilməsi departamentinin İnzibati nəzarət şöbəsinin şöbə rəisi İddiaçı 01 iyun 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Aqrokompleksin idarəedilməsi departamentinin Təsərrüfat şöbəsinə Şöbə müdiri vəzifəsinə keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş vaxtından artıq vaxt ərzində görülən işə cəlb edilməsi ilə bağlı əmək haqqı olaraq cavabdehdən ümumilikdə 28255 (iyirmi səkkiz min iki yüz əlli beş) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
5. Tələbdə göstərilib ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixli müddətli (1 il) əmək müqaviləsinə əsasən, iddiaçı cəmiyyətin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Aqrokompleksin İdarəedilməsi departamenində “İnzibati nəzarət şöbəsi”nin rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan Cəmiyyətdə “İnzibati nəzarət şöbəsi” ləğv olunduğu üçün, iddiaçı həmin Aqrokompleksdə “Təsərrüfat şöbəsi”nin müdiri vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixədək həmin vəzifədə əmək funksiyalarını yerinə yetirmişdir. İddiaçı işlədiyi müddətdə daim öz əmək funksiyalarını vaxtında və lazımi qaydada, yəni vicdanla, layiqincə, məsuliyyətlə və vaxtında icra etmiş, nümunəvi işçi kimi onun barəsində heç bir intizam tənbehi verilməmişdir. Cavabdehlə iddiaçı arasında mövcud olmuş əmək hüquq münasibətlərinə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. Əmək şəraitinin şərtlərinə görə iddiaçının əmək haqqı 3984 manat təşkil etmiş və həftəlik iş rejimi 6 gündən ibarət olmuşdur. İddiaçı həftənin bazar ertəsindən cümə gününədək 09:00-17:00, şənbə günü isə 09:00-15:00 arası işləyib. Əmək müqaviləsi üzrə əsas vəzifəsi Azərbaycan Respublikasında istehsal edilmiş müxtəlif növdə meyvələrin çeşidlənərək yük avtomobillərə yüklənməsinin təşkil edilməsindən ibarət olmuşdur. Tərəflər arasında mövcud olmuş əmək müqaviləsinə əsasən iddiaçının həftəlik iş vaxtı 40 saat müəyyən edilməsinə baxmayaraq, işin həcminin çox olması səbəbindən, iddiaçı mütəmadi olaraq iş vaxtından artıq işlərin görülməsinə cəlb edilmişdir. Lakin iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı iddiaçıya əmək haqqı ödənilmədiyi üçün, işçinin işə davamiyyəti ilə bağlı iş vaxtının uçotu sənədlərin əldə edilməsi məqsədilə tərəfindən cavabdehə sorğu ilə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli 244/23 saylı vəkil sorğusuna cavab olaraq, cavabdeh tərəfindən iddiaçının işə davamiyyəti ilə bağlı giriş-çıxış məlumatlarını əks etdirməyən formal tərtib edilmiş cədvəllər təqdim edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 102.1-ci bəndinə əsasən, işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işləmiş saatların dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin Məcəllənin 102.2-ci bəndinə uyğun olaraq, iş vaxtının uçotunun forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Eyni zamanda, Əmək Məcəlləsinin 99-cu maddəsinin tələblərinə görə, iş günü vaxtından artıq müddət ərzində işin görülməsi işəgötürənin əmri və işçinin razılığı ilə həyata keçirilə bilər. Həmçinin, eyni Məcəllənin 165.1-ci bəndinə uyğun olaraq, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 dekabr 2022-ci il tarixli **********8 saylı qərarı 2023-cü il üzrə iş vaxtının norması və istehsalat təqvimi təsdiq edilmişdir. Beləliklə, orta aylıq əmək haqqını istehsalat təqvimi ilə müəyyən edilmiş aylıq iş vaxtının normasına bölmək üsulu ilə saatlıq vəzifə maaşını müəyyən etmək olar. Odur ki, müvafiq icra hakimiyyəti orqanının daxili normativ-hüquqi aktının tələblərinə görə, iddiaçıya aşağıdakı şəkildə tərtib edilmiş cədvəldə qeyd edilmiş artıq iş saatlarına görə əlavə əmək haqqı ödənilməlidir. Artıq iş saatlarına görə ödənilməmiş əmək haqqı (ikiqat məbləğdə) cəmi 28.255 manat.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1421/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin rədd edilməsi və ekspertiza xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işçinin iş vaxtından artıq müddətdə işə cəlb edilməsinə əsas verən işəgötürənin (onun səlahiyyətli şəxslərinin) hər hansı yazılı göstərişinin, tərəflər arasında bununla bağlı rəsmi razılaşmanın və ya belə razılaşma olmadıqda görülmüş əlavə işin təhvil alınması barədə müvafiq aktın mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə bir göstərişin və sadalanan digər halların mövcud olmasını təsdiq edən mötəbər sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının iş vaxtından artıq işləməsi və artıq işlədiyi müddət ərzində əmək haqqı almaması barədə dəlillərini əsaslı hesab etmir və iddia tələbi bu hissədə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edib ki, hər bir işçi işləyərkən bu münasibətləri tənzimləyən onunla işə götürən arasında mövcud olan və əmək münasibətlərini tənzimləyən əmək müqaviləsidir. Həmin əmək müqaviləsində işçinin konkret iş saatları, iş rejimi və s. müəyyən edilməklə işçi ilə razlaşdırılmalıdır. Əlavə iş saatlarına (cəlb edilməyə) gəldikdə isə (əmək müqaviləsindən kənar) bu münasibət hər iki tərəf arasında müvafiq qaydada rəsmiləşdirilməli, əlavə işin nədən ibarət olması işçiyə bildirilməli və bunun razılığı alınmalıdır. Əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətəndə əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir (işçinin əlavə olaraq işə cəlb edilməsi nəticəsində icra olunmuş fəaliyyətin işəgötürən tərəfindən təhvil alınması). Əksi olduğu təqdirdə isə bu kimi işlər (icra olunubsa əgər) könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassız hesab edilməlidir. Bu kimi hallarda, mütləq qaydada öhdəliyin yaranması üçün işçi işəgötürəndən bu halın razılaşmasını tələb etməli idi. Məhkəmə iddiaçının iş vaxtından artıq vaxt ərzində görülən işə cəlb edilməsi ilə bağlı əmək haqqı olaraq cavabdehdən ümumilikdə 28255 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair hesab edib ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçının 2023-cü ilin yanvar-avqust ayları arasında işəgötürən tərəfindən iddiaçının müvafiq olaraq 74, 55, 58, 68, 53, 144, 68, 9 saat əlavə işə cəlb edildiyini və bunun üçün müvafiq olaraq 28255 manat əlavə ödəniş etməli olduğunu qeyd etsə də, həmin faktı təsdiq etmək üçün mötəbər sübutlar təqdim etməmiş, işəgötürənə məxsus turniket məlumatlarına istinad etmişdir. İddiaçı turniket məlumatlarına istinad etsə də, təqdim etdiyi müvafiq məlumatları hansı qaydada, kimdən, hansı mənbədən əldə etdiyini məhkəməyə bildirməmiş və bu halların mövcud olduğu təqdirdə belə həqiqətən həmin anların iddiaçının əmək fəaliyyəti ilə məşğul olması öz təsdqini tapmamışdır (görülmüşsə əgər həmin işlərin təhvil alınması barədə akt). Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Göründüyü kimi, həmin sənədlərin həqiqiliyini müəyyən etmək üçün iddiaçı kifayət qədər dəlil gətirməmiş, cavabdeh tərəfindən həmin məlumatlar mübahisələndirərək işəgötürənə aid olmadığı bildirilmişdir. Bundan əlavə, cavabdeh tərəf turniket məlumatlarının həqiqi olması ehtimalında belə həmin sənədlərin işçilərin işəgötürən tərəfindən əlavə işlərə cəlb edilməsi qənaətinə gəlməyə əsas vermir. Habelə, iddiaçının müvafiq vəsatəti ilə işəgötürənin iddiaçını əlavə işlərə cəlb edibetməməsi barədə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, həmin rəy ilə də işçinin əlavə işlərə cəlb edilmədiyi müəyyən edilmiş, iddiaçının özü də məhkəmə iclasında əlavə işlərə cəlb edilməsi ilə bağlı hər hansı yazılı etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə ifadə vermiş şahidlər ilə bağlı qeyd edib ki, həmin şəxslər iddiaçının lehinə ifadə vermiş olsalar da, həmin ifadələr öz-özlüyündə iddiaçının tələblərini təsdiq etmək üçün kifayət deyildir. Belə ki, şahidlər X4 və X2 da vaxtilə işəgötürənin işçisi olmuş, onlarla da müvafiq əmək müqavilələrinə xitam verilmişdir. Bu əsasda, həmin şəxslərin qərəzli ifadə verməsi ehtimalı nəzərdən qaçırılmamalıdır. Bundan əlavə şahidlər də əlavə işlərə cəlb edilmələri ilə bağlı işəgötürənə hər hansı etiraz etmədiklərini bildirmiş şahid Xəyyam Kərimov isə əlavə olaraq onlara əlavə iş saatlarına görə birdəfə 88 manat məbləğində ödəniş edildiyini də qeyd etmişdir. Habelə, sonuncu ifadəsində əlavə iş saatları ilə bağlı iddiaçıya müraciət etdiklərini, sonuncunun onlara müvafiq sənədi imzalatdırdıqlarını bildirsə də, iddiaçı həmin xüsusata münasibət bildirməmiş, işəgötürənə yazılı etiraz etmədiklərini qeyd etmişdir. Həmin xüsusatlar məhkəməyə qeyd edilənlərə tənqidi yanaşmağa əsas vermişdir. İddiaçının nümayəndəsi məhkəməyə dəqiqləşdirmə ilə bağlı müraciət etməsi, həmin ərizəyə "xxxx" MMC-nin rəyini təqdim etməsi ilə bağlı məhkəmə qeyd edir ki, sübutlar hazırlıq iclasında kifayət qədər vaxt olmasına baxmayaraq, təqdim edilmədiyindən baxılmamış saxlanılmışdır. Odur ki, qeyd edilən xüsusat nəzərə alınmalıdır. Məhkəmə bundan əlavə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddiaçının istehsalat təqvimindən artıq işləməməsini də əsas gətirmişdir. Buna münasibətdə məhkəmə qeyd edib ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 4-cü bəndində onun iş saatları tərəflər arasında sərbəst müəyyən edilmiş, həmin müqavilədə maksimum norma hədləri razışlaşdırılmışdır. Belə ki, Azərbaycan Respubliksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 dekabr 2022-ci il tarixli **********8 saylı qərarı 2023-cü il üzrə iş vaxtının norması və istehsalat təqvimi üzrə müəyyən edilən hədlər müqavilə həddindən kənar cavabdeh tərəfindən pozulmamışdır (ekspert rəyinə, iddiaçının təqdim etmiş olduğu cədvəllərə belə bu nomra həddi aşılmamışdır). Beləliklə, iddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsi ilə bağlı tələbi əsassız olduğundan təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddiasının təmin edilməsini xahiş edib şikayətində göstərib ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 9/4735 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənlərə əsasən, ekspertiza təyini haqqında Qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh ASC-də işlədiyi müddətdə iş vaxtından əlavə olaraq artıq iş saatlarına cəlb edilmədiyi müəyyən edilir. Qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər müəyyən edilmişdir. Beləliklə, əmək qanunvericiliyindən fərqli olaraq, mülki qanunvericiliyin tələblərinə görə hər hansı bir işlərin icra edilməsi üçün tərəflər arasında razılaşma və həmin işlərin görülməsini təsdiq edən müvafiq akt (təhviltəslim aktı, yol qaiməsi, forma № 2 vəs.) olmalıdır. Mülki qanunvericiliyindən fərqli olaraq, əmək qanunvericiliyi işçinin iş vaxtından artıq müddətdə işə cəlb edilməsini işəgötürənin əmrindən və işçinin razılığından asılı etmişdir. Belə ki, Əmək Məcəlləsinin 99.2-ci maddəsinə əsasən, iş vaxtından artıq iş- işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Lakin işçinin əlavə iş vaxtından artıq müddətdə işə cəlb edilməsi ilə bağlı işəgötürənin müvafiq əmri olmadığı təqdirdə, sözügedən faktın mövcud olması digər sübutlar, yəni həmin müəssisədə çalışan işçilərin ifadələri və faktiki olaraq iddiaçının iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunun aparılması yolu ilə müəyyən edilə bilər. Məlumat üçün bildirir ki, iş vaxtının uçotunun aparılması ilə bağlı cavabdehə vəkil sorğusunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə üzərində heç bir qeydiyyat aparılmayan formal olaraq tərtib edilmiş sənədlər təqdim edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmçinin, birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətən də əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir. Əksi olduğu təqdirdə isə bu kimi işlər könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassızdır. Məhkəmənin gəldiyi nəticə ilə bağlı bildirir ki, mülki məhkəmə icraatı zamanı iddiaçının məhz cavabdehin təşəbbüsü və ya könüllü surətdə iş vaxtından artıq müddətdə əlavə işlərin yerinə yetirilməsi faktını müəyyən etmək məqsədilə, vaxtilə “X11” MMC-də yanacaq doldurma məntəqəsinin direktoru vəzifəsində işləmiş X2 və inzibati nəzarət şöbəsində inzibatçı vəzifəsində çalışmış X4 iş üzrə şahid qismində dindirilmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə birlikdə ona da cavabdeh tərəfindən əmək funksiyaların icra edilməsi ilə bağlı tapşırıqlar verilirdi və həmin işlərin tamamlanması üçün vaxt müəyyən edilirdi. Bundan başqa, elə vaxtlar olurdu ki, iş vaxtı bitdikdən sonra ortaya əlavə işlər çıxırdı və müdiriyyətin tapşırığı əsasında məcburiyyət qarşısında qalaraq həmin işlərin yerinə yetirilməsini həyata keçirirdirlər. Hətta elə günlər olurdu ki, sözügedən işlərin icrası ilə əlaqədar gecə saat 04:00-05:00 radələrində işdən evə qayıdırdılar. Eyni zamanda, Həsənov Vüsal iş vaxtından artıq müddətdə işə cəlb edilməsi ilə bağlı işəgötürənə iradlarını bildirərkən, işdən çıxarılma riski ilə üzləşmişdir. Bundan başqa, şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, cavabdeh şirkətdə inzibati şöbənin inzibatçısı vəsifəsində çalışmış və iddiaçı onun şöbə müdiri olmuşdur. İş vaxtından artıq müddətdə işlərə cəlb olunması ilə bağlı sədrlik edənin sualına cavab olaraq X4 bildirmişdir ki, iş həcminin çox olması səbəbindən rəhbərliyin tapşırığı əsasında iddiaçı ilə birlikdə iş saatlarından artıq işlərə cəlb edilirdilər. Əlavə iş saatlarının ödənilməsi ilə bağlı müdiriyyətə narazılıqların bildirilmələrinə baxmayaraq, cavabdeh şirkət tərəfindən əmək haqqının ödənilməsi təmin edilməmişdir. Beləliklə, mülki məhkəmə icraatı zamanı şahidlərin ifadələri əsasında müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də cavabdehin təşəbbüsü ilə iş vaxtından artıq müddətdə işlərə cəlb edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi nəticəyə gələrkən belə ehtimal etmişdir ki, məhkəmə iclasında iddiaçının lehinə şahid qismində ifadə vermiş şəxslər vaxtilə cavabdehin işçiləri olduqlarına baxmayaraq, müəssisədən aralaşdıqları üçün həmin müəssisəyə qarşı qərəzli mövqe tuta bilərlər və odur ki, onların ifadələri iddiaçının tələblərini təsdiq etmək üçün kifayət deyildir. Məhkəmənin qeyd etdiyi dəlilinə münasibətdə bildidir ki, mülki iş üzrə ifadə vermiş hər iki şahid öz xahişləri ilə işdən çıxdıqlarını bildirmiş və cavabdeh şirkətə qarşı qərəzli mövqe tutduqları barədə məhkəmənin ehtimalları proses zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, birinci instansiyası məhkəməsi tərəfindən iş materiallarında mövcud olan işçilərin imzaları ilə təsdiq edilmiş iş vaxtının uçotunu təsvir edən cədvəl və turniket məlumatları sübut kimi qəbul edilməmişdir. Halbuki, ilk olaraq cavabdeh tərəfindən“elektron məhkəmə” informasiya sisteminə əlavə edilmiş 16 fevral 2024-cü il tarixli “Etiraz”ın 3-cü abzasında qeyd edildiyi kimi, yəni “işçinin günün istənilən saatında turniketdən keçib əraziyə daxil olması süni şəkildə iş vaxtından artıq işə cəlb olunma görüntüsü yaratsa da, qeyd etmək istəyirik ki, turniket məlumatların heç bir hüquqi əsası yoxdur” ifadəsi iş materiallarına əlavə edilmiş turniket məlumatlarının bilavasitə cavabdehə məxsus olduğu faktını təsdiq edir. Eyni zamanda, mülki məhkəmə icraatı zamanı aparılmış məhkəmə iclasının fasiləsiz audio yazısında iddiaçının sualına cavab olaraq cavabdehin nümayəndəsi – Qurbanov Emil tərəfindən turniket məlumatların həqiqətən də cavabdeh şirkətə məxsus olduğu barədə etirafedici ifadələr öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş hər iki şahid sədrlik edənin suallarına cavab olaraq bildirmişdirlər ki, onlar işlədikləri müddətdə 2023-cü ilin yanvar ayınadək giriş-çıxış vaxtları cədvələ imza edilməklə, yanvar ayından sonra isə kart sisteminə keçirilərək qeydə alınırdı. Həmçinin, iddiaçının sualına cavab olaraq şahidlər bildirmişdirlər ki, iş materiallarında mövcud olan işə davamiyyət ilə bağlı cədvəldə adları qeyd edilən işçilər, yəni R.Bəhrəmzadə, S.Nəsirov və A.Xanməmmədov həqiqətən də cavabdeh şirkətdə işləmişdirlər. Bu fakt da sözügedən cədvəlin bilavasitə cavabdehə məxsus olduğunu sübut etmişdir. Beləliklə, iş materiallarında mövcud olan davamiyyət cədvəlinin və turniket məlumatlarının tədqiqi, həmin sənədlərin həqiqətən də cavabdehə məxsus olduğunu sübut etmişdir. Habelə, birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş məhkəməmühasibat ekspertizasının 19 sentyabr 2024-cü iltarixli rəyini əsas tutaraq iddiaçının iş vaxtından artıq müddətdə işə cəlb edilməməsi qənaətinə gəlmişdir. Bununla bağlı, məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi haqqında 2-2(006)-1421/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadda iş materiallarında mövcud olan giriş-çıxış məlumatları (turniket məlumatları) əsasında iddiaçının əlavə işə cəlb edilib-edilməməsi məsələsi sual olaraq ekspert qarşısında qoyulsa da, həmin sualın cavablandırılması təmin edilməmişdir. Ekspert yalnız cavabdeh tərəfindən iş materiallarına formal olaraq əlavə edilmiş digər sənədlər əsasında rəy tərtib etmiş və giriş-çıxış məlumatlarına (turniket məlumatları) ümumiyyətlə toxunmamışdır. Eyni zamanda, iddiaçı ekspertizanın keçirilməsində iştirak etmək və ekspert qarşısında əlavə suallar siyahısının qoyulması məqsədilə zəruri vəsatətlər verməyinə baxmayaraq, məhkəmə sözügedən vəsatətlərə münasibət bildirməmişdir. 2023-cü il üçün təsdiq edilmiş istehsalat təqvimi ilə cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş heç bir qeydiyyat aparılmayan formal tərtib edilmiş cədvəllərdə bəzi aylar üzrə iddiaçının iş vaxtından artıq müddətdə işə cəlb edilməsi faktları aşkar edilmiş, lakin ekpert bununla bağlı öz mülahizələrini rəyində bildirməmişdir. Həmçinin, ekspert rəyində müəyyən edilmiş çatışmazlıqlar barədə mülahizələr iddiaçı tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə sözügedən hallara hüquqi qiymət verməmişdir. Halbuki, istehsalat təqvimi ilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş formal qaydada tərtib edilmiş işə davamiyyət cədvəlini müqayisə edərkən sözügedən uyğunsuzluqlar sadə riyazi hesablama üsulu ilə müəyyən edilə bilərdi. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfindən müvafiq vəsatətin verilməsinə baxmayaraq, ekspertin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Yuxarıda qeyd edilən işin hallarından açıq şəkildə görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə-mühasibatlıq ekspertizası qarşısında qoyulmuş sualların cavablandırılması təmin edilmədiyindən və zəruri sübutların təqdim edilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyindən, iddiaçı məcburiyyət qarşısında qalaraq öz vəsaiti hesabına özəl məhkəmə ekspertiza xidmətlərindən istifadə edərək "xxxx" MMC-dən zəruri mütəxəssis rəyinin alınmasına müvəffəq olmuşdur. Beləliklə, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyini rəhbər tutaraq, yəni iddia tələbinin dəqiqləşdirilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyini rəhbər tutaraq, iddia tələbinin dəqiqləşdirilməsi (tələb: 12 666,74 manat) barədə ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəmə həmin ərizəni baxılmamış saxlamışdır. Həmçinin, mülki iş üzrə tədqiq edilmiş sübutların məcmusu əsasında iddiaçının iş vaxtının uçotunun cədvəl və turniket məlumatları əsasında aparıldığı təsdiq edildiyindən, iddiaçının iş vaxtından artıq müddətdə işə cəlb edilməsi ilə bağlı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsini müəyyən etmək məqsədilə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsini işə cəlb edilməsi barədə iddiaçı tərəfindən vəsatət verilməsinə baxmayaraq, məhkəmə əsaslandırılmış qərardad çıxarmadan vəsatəti təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Maddə 9, “e” və “ə” bəndi: İş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Maddə 12, “a” və “b” bəndləri: Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək və bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Maddə 99.1. İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddə 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Maddə 102.2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Maddə 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddə 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla. Maddə 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Maddə 165.2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Maddə 165.3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Maddə 166.1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011ci il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv, iddianın isə təmin edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cvabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
22. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
23. Əvvəla, əmək qanunvericiliyi iş vaxtından artıq işin nə olduğuna aydınlıq gətirmişdir. Əmək Məcəlləsinin 99.1-ci maddəsinə əsasən -iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Göründüyü kimi, qeyd olunan normanın dispozisiya şərtlərində iş vaxtından artıq iş dedikdə iki şərtin birgə baş verməsi, yəni işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığının olması tələb olunur. Bu iki şərt olduğu halda işçinin əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi iş vaxtından artıq iş sayılır. Hazırkı işdə cavabdeh olan işəgötürənin belə bir əmrinin (sərəncamının, qərarının) olmasına və iddiaçı olan işçinin buna razılığına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Əslində iddiaçı da işəgötürənin belə bir əmrinin (sərəncamının, qərarının) və özünün də buna razılığının olmasını xüsusi olaraq bəyan etmir. Başqa sözlə, iddiaçı cavabdehin hansısa əmrinə və özünün buna razılığına əsasən deyil, belə bir əmr və özünün razılığı olmadan cavabdeh tərəfindən iş vaxtından artıq işlərə cəlb edildiyini iddia edir. Demək ki, iddiaçı cavabdehin bu cür əmri və özünün razılığı olmadan iş vaxtından artıq işləməsini ilk növbədə sübut etməli və bunun səbəblərini ciddi arqumentlərlə məhkəmənin diqqətinə çatdırmalı idi. Ancaq iddiaçı nə istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etmiş, nə də istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Qeyd etdiyi hallar həqiqi olsa belə işəgötürənin əmri və özünün razılığı olmadan iş vaxtından artıq işləməsinin və ya iş yerində olmasının səbəblərini ciddi arqumentlərlə məhkəmənin diqqətinə çatdıra bilməmişdir.
24. Bundan əlavə, cavabdeh işəgötürənin Əmək Məcəlləsinin 102-ci maddəsinin tələbinə əsasən iddiaçının iş vaxtından artıq işlədiyi saatlarının dəqiq, dürüst uçotunu aparması üçün ilk növbədə iş vaxtından artıq işləməsi təsdiq olunmalıdır ki, yuxarıda da qeyd olunduğu kimi bu hallar sübuta yetirilməmişdir. Bu halın digər sübutlar, yəni vaxtı ilə həmin Cəmiyyətdə işləmiş işçilərin şahid qismində verdikləri ifadələri ilə müəyyən edilməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən ətraflı hüquqi qiymət verilmişdir. Başqa sözlə, qeyd olunan şahidlərin ifadələri iddia edilən halın təsdiq edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməmişdir. Səbəbi kimi ən azından onların artıq qeyd olunan müəssisədə işləmədiyindən cavabdehlə xoş olmayan, iddiaçı ilə xoş olan münasibətləri də ola bilir. Buna baxmayaraq, həm iddiaçının, həm də şahidlərin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri yerinə yetirməkdən imtina etmək yaxud bu cür işləri icra etmişlərsə vaxtında əlavə əmək haqqının verilməsini tələb etmək hüquqları mövcud olmuşdur. Onlar bu hüquqlarından həqiqətən də qeyd edilən hallar baş vermişdirsə həmin vaxt istifadə edə bilərdilər. Ancaq etməyiblər, yalnız əmək müqaviləsinə xitam verildikdən sonra və şikayətdə göstərilən “işdən çıxarılma riski” aradan qalxıdığına görə bu cür iddia irəli sürülməsi isə onun əsaslı və uğurlu iddia olmasını labüd etmir. Ən azından əmək müqaviləsinin bir il müddətinə bağlanması və iddiaçının bundan məmnun olmaması da bu qənaəti əsaslı edir.
25. Göstərilənlərdən savayı, turniket məlumatlarının mövcudluğu da iddianın və şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki iddiaçının turniketdən keçərək iş(işin) yerinə daxil olması və iş vaxtından artıq müddətdə orada qalması yaxud iş vaxtı qurtardıqdan dərhal sonra deyil, iş yerindən gec çıxması birmənalı olaraq iş vaxtından artıq işə cəlb olunma anlamına gəlmir. Yəni, iddiaçı əmək müqaviləsi ilə nəzərdə tutulmuş əmək funksiyasını müəyyən olunmuş iş günü ərzində özünün təqsiri üzündən yerinə yetirməməsi səbəbindən iş yerini gec tərk edə bilər. Bu cür vəziyyət iddiaçının iş vaxtından artıq müddətdə işləməsi yaxud əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılmır. Əks halda istənilən müəssisədə işçi turniketdən istifadə etməklə iş yerini müəyyən edilmiş iş vaxtından gec tərk etməklə iş vaxtından artıq işə cəlb edilmə görüntüsü yaradıb işəgötürənə qarşı hüquqdan sui-istifadə edərək bu cür çoxsaylı iddialar irəli sürə bilərlər ki, bu da çoxsaylı lüzumsuz və formal məhkəmə çəkişmələrinə səbəb ola biləcəyindən arzuolunmaz bir vəziyyət yaradar. Ona görə də davamiyyət cədvəlinin və turniket məlumatlarının cavabdehə məxsus olub-olmamasının şikayətin əsaslı olmasına heç bir təsiri yoxdur.
26. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də iddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsi müəyyən edilməmişdir. İddiaçı bu rəyi mötəbər sübut kimi qəbul etməyə bilər. Belə ki, ekspertiza qarşısında sırf turniket məlumatları əsasında iddiaçının iş vaxtından artıq işlərə cəlb edilib-edilməməsinə dair sual qoyulmamışdır. Bu cür sualın qoyulması da əhəmiyyətsiz olardı. Çünki yalnız turniket məlumatlarına görə iddiaçının iş vaxtından artıq işə cəlb edilməsini müəyyən etmək əsaslı və hüquqa uyğun ola bilməzdi. Ekspert bilə-bilə yalan verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Ancaq işdən də görünür ki, hazırki mübahisə ilə əlaqədar əlavə və ya təkrar ekspertiza keçirmək üçün də əsas və zərurət yaranmamışdır. Ona görə də iddiaçının “məcburiyyət qarşısında qalaraq” öz vəsaiti hesabına özəl məhkəmə ekspertiza xidmətlərindən istifadə edərək "xxxx" MMC-dən zəruri mütəxəssis rəyinin alınmasına müvəffəq olmasına da əsas olmamışdır. Məhz həmin rəyə görə də iddia tələbinin dəqiqləşdirilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gələ bilməzdi.
27. Göstərilənlərlə yanaşı, iddiaçının iş vaxtından artıq müddətdə işə cəlb edilməsi ilə bağlı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsini müəyyən etmək məqsədilə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X5 Xidməti Bakı şəhər İdarəsini işə cəlb edilməsi barədə vəsatət verilməsinə baxmayaraq, məhkəmənin əsaslandırılmış qərardad çıxarmadan vəsatəti təmin etməməsi də şikayəti əsaslı etmir. Çünki həmin qurumun hazırkı mübahisəyə dair qətnamənin 1-ci bəndində qeyd edilən cavabdehin əməlində inzibati xəta hadisəsi olmadığına görə icraata xitam verilməsi barədə qərarı mövcuddur.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1421/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1421/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.