Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9417/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Anar Vəzir oğlu Tanrıverdiyev, Hakimlər: Tofiq Səməd oğlu Səmədov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1097/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətindən sığorta məbləği olaraq 6600 (altı min altı yüz) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1097/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat icbari sığorta məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmiş və ya iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi etibarnamənin apellyasiya şikayətinə əlavə edilməsi və ya iş materiallarında mövcudluğunu aydınlaşdırmamışdır. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1097/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9417/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9417/2020
08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver