Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9427/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-577/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lənkəran şəhəri Şəhidlər Xiyabanı 69 ünvanında yerləşən X16 İstismar İdarəsindən ona məxsus cəmi 120 metr boruların, bazar qiyməti 1330 AZN olmaqla, qaytarılması və ya həmin boruların qarşılığında nağd pul şəklində 1330 manat pulun, dəymiş 50000 manat mənəvi ziyanın ödənilməsi və ödənilmiş 10,40 manat dövlət rüsumunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Lənkəran şəhərində 2019-cu ilin Dövlət büdcəsindən ayrılmış vəsait hesabına yeni qaz xətləri çəkilmişdir. Bu vaxta qədər yaşadığı ünvana 120 metr məsafədən gələn qaz xətləri 2000-ci ildə onun şəxsi vəsaiti hesabına çəkilərək, ondan əlavə 3 ailənin istifadəsinə verilmişdir. Dövlət vəsaiti hesabına çəkilən yeni qaz xətti 13.12.2019-cu il tarixdə istifadəyə verilən zaman ona məxsus olan 120 metr müxtəlif ölçülü borular onun evdə olmadığı zaman sui-istifadə edilərək qaz idarəsinin rəhbərliyinin əsassız göstərişi ilə kəsilərək oğurlanmışdır (həmin boruların diametri 30 metr 114 mm diametrli - 1 metrin qiməti 15 manat, 30 x 15 manat = 450 manat; 40 metr 100 mm diametrli – 1 metrin qiyməti 12 manat, 40 x 12 manat = 480 manat; 50 metr 57 mm diametrli - 1 metrin qiyməti 8 manat, 50 x 8 manat = 400 manat, cəmi 120 metr borunun bazar qiyməti 1330 manat). Qaz idarəsinin əməkdaşları ilə dialoqu zamanı onlar bildirdilər ki, bu idarə rəisi Azər Məsimovun göstərişi olub. İdarə rəisi ilə telefon əlaqəsi zamanı 2000-ci ildə çəkilən iddiaçıya məxsus 120 m xəttin dövlətə məxsus olmağı barədə sənəd tələb etmiş, lakin bunu təqdim edə bilmədi. İdarə rəisinin bu sözləri əsassız fikirdən başqa bir şey deyildir. Apardığı danışıqlar nəticəsiz qaldığından o, DİN-nin 102 xidmətinə məlumat verərək ərazidən oğurluğun olması barədə məlumat vermişdir. Məlumatdan sonra DİN-nin sahə müvəkkili ona zəng edərək həmin boruların onun özünün təhvil verməsini bildirmişdir. Özgə əmlakı sahə müvəkkili tərəfindən qaz idarəsinə necə verilə bilərdi, arxayınlığında güvən yeri var imiş. Sonradan Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinin əməkdaşı Ağalı Ayxan hadisə yerinə baxış keçirən zaman fakt üzrə vizual olaraq hər bir detal üzrə məlumat vermiş və hadisəni təhqiqatçı canlı gözü ilə görərərk foto şəkillər çəkdi. Aparılan araşdırma zamanı 18.12.2019-cu il tarixdə polis şöbəsinə çağrıldı və bir daha izahat yazaraq əmlakının qanunsuz mənimsənildiyini bildirdi. Təhqiqat Bölməsinin rəisi bunun mülki iş olduğunu bildirərərk qabaqcadan nəticəsi məlum olmayan daxili inamı ilə rəy verdi. 08.01.2020-ci il tarixdə şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi və mülki qaydada şikayət verməsi barədə qərar qəbul edildi. Qərarda əvvəlcə ona məxsus olan boruların karroziyaya uğradığı, sonradan isə həmin boruların yeni çəkilmiş qaz xəttinə dirək kimi istifadə edildiyi göstərilmişdir. Həmin boruların diametri onların dirək kimi istifadə edilməsinə imkan vermir. Qərarda qarşı tərəf öz izahatında ona məxsus olan boruların kəsilərək Lənkəran XS-nin anbarına təhvil verildiyini etiraf etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-577/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-577/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsinə iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar məhkəmə prosesi zamanı fotoşəkillər və əmlakın qiymətləndirilməsinə dair sübut təqdim edilsə də, məhkəmə həmin sübutların tədqiqini aparmamış və həmin maddi sübutlara “sübutların qəbuledilənliyi” prinsipinə uyğun qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-577/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak elən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməmiş, izahatında göstərmişdir ki, Azərbaycan SSR-nin Nazirlər Sovetinin 18 iyun 1988-ci il tarixli, 205 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Aqrar Sənaye Birliyinin balansında olan bütün qaz boru xətləri əvəzssiz olaraq Azərbaycan SSR-nin Dövlət Qazlaşdırma Komitəsinin balansına keçirilmişdir. Buna əsasən Lənkəran şəhəri V.Məmmədov küçəsində olan bütün qaz boru xətləri X16 İstismarı İdarəsinin balansındadır. Həmin boruların iddiaçıya heç bir aidiyyatı yoxdur. Lənkəran şəhəri V.Məmmədov küçəsində yeni qaz xətlərinin quraşdırılması ilə əlaqədar, köhnə istismarda olan qaz xəttinə qazın nəqli dayandırılmış və demontaj olunması mümkün olan hissəsi demontaj edilərək, tərəflərindən Lənkəran XŞ-nin anbarına təhvil verilmiş, sonra həmin borular yeni çəkilən qaz xətlərinə dayaq kimi istifadə edilmişdir. Xahiş etmişdir ki, qətnamə əsaslı oduğu üçün dəyişdirilmədən saxlanılsın. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh “Azəriqaz” İB nümayəndəsi X4 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o iddiaçının qonşusudur. İddiaçının atası Xanoğlan müəllim qaz borusunu öz vəsaiti hesabına çəkdirəndə onun atası bunun şahidi olmuşdur. Boruların qaz idarəsinin əməkdaşlarıtərəfindənaparılmasınıgörməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, qaz idarəsində qaynaqçı vəzifəsində çalışmışdır. İddiaçının atası Xanoğlan müəllimin sifarişi ilə o, üçlük borulardan iddiaçının yaşadığı evə qaz xətti çəkmişdir. Borular kim tərəfindən alındığını şəxsən görməmişdir. Ona işin görülməsi ilə bağlı sifariş edilmiş və o da həmin sifarişi yerinə yetirmişdir. Boruların qaz idarəsinin əməkdaşları tərəfindən aparılmasından xəbəri yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, o iddiaçının əmisinin həyat yoldaşıdır. İddiaçının atası həm öz evlərinə, həm də onların evlərinə qaz xətti çəkdirmişdir. Qaynı özü qaz xətti çəkdirəndən sonra yenidən dövlət tərəfindən onların evlərinə qaz xətti çəkilmişdir. Sonuncu dəfə qaz xətti çəkilərkən o evdə idi. Həyətdə səs küy eşidib çölə çıxanda orada çoxlu kişilər görmüşdür. Onlara yaxınlaşmasa da, artıq başa düşmüşdür ki, onlar qaz idarəsinin işçiləridir və onlar qaz xətti şəkirlər. Boruların qaz idarəsinin əməkdaşları tərəfindən aparılmasını görməmişdir. İş materiallarından 22.02.2006-cı ildə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 18.02.2006-cı ildə Lənkəran şəhərində vəfat etmişdir. İş materiallarından 22.09.2006-cı ildə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, 18.02.2006-cı ildə vəfat etmiş X1 Lənkəran şəhəri, V.Məmmədov küçəsi 18 saylı evdə yaşayan oğlanları İddiaçı və X5 hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Kiçik sahibkar X13 tərəfindən 01 mart 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, bu günə işlənmiş 114 mm diametrli borunun 1 metrinin qiyməti 15 manat, 1000 mm diametrli borunun 1 metrinin qiyməti 12 manat, 57 mm diametrli borunun qiyməti 8 manatdır. İş materiallarından 13.12.2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, Lənkəran şəhəri V.Məmmədov küçəsində yeni qaz xətlərinin quraşdırılması ilə əlaqədar, köhnə istismarda olan qaz xəttinə qazın nəqli dayandırılmış və demontaj olunması mümkün olan hissəsi demontaj edilərək tərəflərindən Lənkəran XŞ-nin anbarına təhvil verilmişdir. Metal boru D-40mm, 20 P/m demontaj olunub. Metal boru D57mm, 70 P/m demontaj olunub. Metal boru D89mm, 23 P/m demontaj olunub. Metal boru D114mm, 10P/m demontaj olunub. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, qanunvericilikdə zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növünü müəyyən etmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. İddiaçı 2000-ci il tarixdə yaşadığı ünvana atası tərəfindən şəxsi vəsaiti hesabına 120 metr məsafədən gələn qaz xəttinin çəkdirdiyini, 2019-cu il tarixdə isə dövlət hesabına cavabdeh tərəfindən həmin əraziyə yeni qaz xətti çəkilərkən onun atasının çəkdiyi borular çıxarılıb yenisi ilə əvəz edildikdən sonra boruların geri qaytarılmamasını və bunun nəticəsində ona maddi zərər dəydiyini iddia edir. Bu halda, iddiaçı həm qaz borularının ona məxsus olması, bu sübut olunduğu halda həmin boruların cavabdehin əməkdaşları tərəfindən götürülməsini (aparılmasını) sübut etmək vəzifəsini daşıyır. Lakin sübut edilməli olan hər iki halın təsdiq edilməsi ilə bağlı iddiaçı məhkəməyə sübutlarını təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi şahidlər boruların iddiaçının atasına məxsus olduğunu bildirsələr də, həmin boruların həqiqtən də iddiaçının atası tərəfindən onun vəsaiti hesabına əldə olunubolmaması barədə məlumatlarının olmadığını bildirmişlər. Eyni zamanda, məhkəmə iclasında iş üzrə dindirilmiş şahidlər həmin boruların cavabdehin əməkdaşları tərəfindən aparıldığını görmədiklərini bildirmişlər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən kəsilərək aparılan boruların nə ona məxsus olmasını, nə də ona məxsusluğu sübut olunmayan boruların cavabdehin əməkdaşları tərəfindən aparıldığını və bunun nəticəsində ona maddi zərər dəydiyini sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Azərbaycan SSR-nin Nazirlər Sovetinin 18 iyun 1988-ci il tarixli, 205 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Aqrar Sənaye Birliyinin balansında olan bütün qaz boru xətləri əvəzssiz olaraq Azərbaycan SSR-nin Dövlət Qazlaşdırma Komitəsinin balansına keçirilmişdir. Buna əsasən Lənkəran şəhəri V.Məmmədov küçəsində olan bütün qaz boru xətləri X16 İstismarı İdarəsinin balansındadır. Lənkəran şəhəri V.Məmmədov küçəsində yeni qaz xətlərinin quraşdırılması ilə əlaqədar, köhnə istismarda olan qaz xəttinə qazın nəqli dayandırılmış və demontaj olunması mümkün olan hissəsi demontaj edilərək, Lənkəran XŞ-nin anbarına təhvil verilmiş, sonra həmin borular yeni çəkilən qaz xətlərinə dayaq kimi istifadə edilmişdir. Göründüyü kimi, demontaj olunan qaz boruları iddiaçıya deyil, cavabdehə məxsus olmaqla, sonuncunun balansındadır. Kollegiya həmçinin hesab edir ki, iddia tələbi mənəvi zərərin tələb edilməsi hissəsində əsassızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı cavabdehin əməkdaşlarının hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldığı halları da sübut edə bilməmiş, ümumiyyətlə, ona maddi və mənəvi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)- 577/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9427/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9427/2021
01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver