Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-945/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3820/2020 saylı iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “ödənilməmiş əmək haqqının və məzuniyyət pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 24.07.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2019-cu ilin dekabr ayı üzrə əmək haqqından ödənilməmiş qalan 730 manat hissəsi, qadın paltarının tikilməsi üzrə xidmət haqqından ödənilməmiş qalan 150 manat, 2019-cu il üzrə əmək məzuniyyətinə görə ödənilməmiş 493,50 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış 01.07.2019-cu il tarixli əmək müqaviləsinə əsasən o, Cavabdeh məxsus olan “Dolunay Moda Evi”ndə biçim üzrə mütəxəssis kimi 7 il müddətinə işə qəbul edilmiş, cavabdeh ona hər ay 1.000 manat əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. Əmək müqaviləsi rəsmi olaraq 01.07.2019-cu il tarixdə bağlanmasına və 01.10.2019-cu il tarixdən işə başlamalı olması göstərilsə də, o, faktiki olaraq 08.06.2019-cu il tarixdən “Dolunay Moda Evi”ndə işə başlamışdır. Əmək müqaviləsi bağlandıqdan sonra, cavabdeh ona cəmi 1 ay müddəti üçün əmək haqqını vaxtında ödəmişdir. Qalan ayları üzrə ödənişləri gecikdirməklə ödəmişdir. “Dolunay Moda Evi”ndə onunla birlikdə əlavə iki işçi də işləyirdi. O, adətən ziyafət geyimləri tikirdi. Cavabdeh ona 2019-cu ilin noyabr ayı üzrə 1.500 manat əmək haqqı ödəməyə söz vermiş, lakin ödəniş etməmişdir. O, “Dolunay Moda Evi”ndə faktiki olaraq 08.06.2019-cu il tarixdən 30.12.2019-cu il tarixədək işləmişdir. İşlədiyi dövrdə “Dolunay Moda Evi”nə müştərilər və sifarişlər çox gəlmişdir. Nümunə olaraq, bir müştəri ana-bala üçün ziyafət geyimlərinin hazırlanması üçün 3.700 manat pul ödəmişdir. Həmin paltarları o, şəxsən hazırlamış və əl işi kimi təhvil vermişdir. Sifarişlərin hazırlanması üçün parçalar Türkiyədən sifariş edilirdi. Cavabdeh 2019-cu ilin dekabr ayının əmək haqqından 270 manatını ona ödəmiş, qalan 730 manatı isə hazırkı vaxta kimi ödəməmişdir. Cavabdeh onun əmək haqqını vaxtında ödəmədiyinə görə 2020-ci ilin yanvar ayının 6-7dən işə çıxmamışdır. O, moda evində işlədiyi müddətdə məzuniyyətə çıxmamış və istifadə etmədiyi məzuniyyətə görə kompensasiya almamışdır. İşlədiyi 6 ay müddəti üçün ona istifadə etmədiyi məzuniyyətə görə 15 gün üçün 493,50 manat kompensasiya verilməlidir. Belə ki, işlədiyi 6 ay müddəti üçün aylıq əmək haqqı 1.000 manat olduğuna görə, onun orta əmək haqqı 1.000 manat təşkil edir. Həmin məbləği 30.4 təqvim gününə bölməklə 1 günü əmək haqqı 32,89 manat (1.000 manat : 30.4 təqvim günü = 32,89 manat) təşkil edir. 6 ay müddəti üçün o, 15 gün ərzində məzuniyyət üçün ona 493,42 manat kompensasiya verilməlidir (32,89 manat x 15 gün = 493,42 manat). Həmçinin, o, cavabdehdən 2019-cu ilin dekabr ayı üçün əmək haqqından ödəməmiş qalan 730 manatı və tikdiyi paltara görə borclu qaldığı 150 manatı ödəməsini tələb etsə də, “Whatsapp” proqramı vasitəsilə mesajlar yazsa da, cavabdeh isə müxtəlif bəhanələrlə ona ödəməli olduğu pulu hazırkı vaxta kimi ödəməkdən boyun qaçırır. Bu səbəbdən cavabdehin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə şikayət etmişdir. Onun müraciətinə baxılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 16.03.2020-ci il tarixli **********9 nömrəli məktubu ilə ona bildirilmişdir ki, onun müraciəti əsasında aparılmış araşdırma nəticəsində inzibati xətanın əlamətləri aşkar edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, cavabdehin hərəkətlərinin qanuna zidd olması faktı sübuta yetirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3820/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.07.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 2019-cu ilin dekabr ayı üzrə əmək haqqından ödənilməmiş qalan 730 manat, qadın paltarının tikilməsi üzrə xidmət haqqından ödənilməmiş qalan 150 manat, 2019-cu il üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə (01.07.2019-30.12.2019 dövr üçün) ödənilməmiş 493,50 manat olmaqla, cəmi 1.373,50 (bir min üç yüz yetmiş üç manat əlli qəpik) manat pulun cavabdeh (işəgötürən) Cavabdeh tutularaq iddiaçı (işçi) İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi qət edimişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir, iş üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, onunla bir işəgötürən kimi, işçi İddiaçı arasında hər hansı əmək müqaviləsi bağlanmamışdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş əmək müqaviləsində sadalanan maddi hüquq normalarının hər hansı bir tələbinə əməl edilməmişdir. Əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmiş, bu barədə əmək müqaviləsi bildirişi qeydiyyata alınmamış və bu barədə işəgötürənə elektron qaydada məlumat verilməmişdir, əmək müqaviləsində işçinin soyadı, adı, atasının adı qeyd edilsə də, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı və onun adı, soyadı, atasın adı və ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətimi təsdiq edən sənədin adı, onun seriyası, nömrəsi, pin kodu və ya fərdiidentifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyətini təsdiq edən sənədi verən orqanın adı, işçinin iş yeri, vəzifəsi (peşəsi), əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün, əmək müqaviləsinin müddəti, işçinin əmək funksiyası,işçinin əmək şəraitinin şərtləri—iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması, işçinin iş yerinin- əsas və ya əlavə iş yeri olması göstərilməmişdir, əmək müqaviləsi tərəflərin imzası (möhürü) ilə təsdiq edilməmişdir. İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir, o, vergi orqanında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs kimi qeydiyyatdadır və ona ********* saylı VÖEN verilmişdir. İddiaçı mütəxəssisdir və ayrıca fəaliyyət növü vardır, aralarında olan şifahi razılığa əsasən, onun sifarişi əsasında onun şəxsi istifadəsi üçün paltarlar hazırlamışdır, həmin işin haqqı tərəfindən onun şəxsi hesabına köçürmələr yolu ilə və ya nəğd olaraq ödənilmişdir. İddiaçı onunla əmək müqaviləsi bağlamadığından onun əmək haqqı kartı olmamışdır, pulun ödənilməsi qaydası da onun tələbinin əsassız olduğunu sübut edir. İşə baxan hakim işin həmin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Qətnamədə qeyd edilir ki, o iddiaçıya həm əmək haqqı üzrə, həm də xidmət haqqı üzrə pul borcludur. Əgər İddiaçı onun işçisi olmuşdursa və əmək müqaviləsi üzrə işləmişsə, tərəfindən ona yalnız əmək haqqı verilə bilərdi, ona hansı əsasla xidmət haqqı verməli olduğu qətnamədə əsaslandırılmamışdır. Əmək qanunvericiliyin şərh edilən tələblərinə əməl olunmamasına və iddiaçının bunu bilməsinə baxmayaraq, İddiaçı həmin əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb irəli sürməmişdir. Əmək müqaviləsi həmin şərtlərin daxil edilməməsi ilə bağlandığı üçün etibarsız sayılmalıdır. İddiaçı onun yanında bir işçi kimi çalışmamışdır, tərəfindən, bir işəgötürən kimi, onun hüquqları pozulmamışdır, iddiaçı ilə aralarında işgüzar münasibətlər olmuşdur. Hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyil. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyinin sübut hesab edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakını məhkəmə kollegiyasının iclasında təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3820/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki halları, proses iştirakçılarının izahatları və iş materiallarında olan rəsmi sənədlərlə müəyyən edilmişdir ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh arasında 01.07.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinin şərtlərinə əsasən işçi İddiaçı işəgötürən Cavabdeh məxsus olan “Dolunay Moda Evi”ndə biçim üzrə mütəxəssis kimi 7 il müddətinə işə götürülmüşdür. Əmək müqaviləsində işçinin 01.10.2019-cu il tarixdən işə başlanmalı olması, aylıq əmək haqqının 1.000 manat olması, əmək haqqının ayda bir dəfə ayın 8-də ödəniləcəyi, işçinin iş vaxtının 10:00-dan 19:00-a kimi, həftədə 40 saatdan çox olmamaqla 6 gün işləyəcəyi, məzuniyyət müddətinin 30 gün hesablanacağı qeyd edilmişdir. İddiaçının və üçüncü şəxsin nümayəndəsinin birinci instansiya məhkəməsində veridiyi izahatından, iddiaçının məhkəməyə təqdim etdiyi cavabdehlə “Whatsapp” proqramı vasitəsilə yazışdığı mesajlar, bank hesabından çıxarışlar və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 16.03.2020-ci il tarixli **********9 nömrəli məktubundan, 11.02.2020-ci il tarixli MN0411087 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, 01.07.2019-cu il tarixli əmək müqaviləsi əsasında cavabdeh iddiaçıya 2019-cu ilin dekabr ayı üzrə əmək haqqından ödənilməmiş qalan 730 manat, qadın paltarının tikilməsinə görə ödənilməmiş qalan 150 manat zəhmət haqqı, 2019-cu il üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə (01.07.2019-30.12.2019-cu il üçün) 493,50 manat kompensasiya iddiaçıya ödənilməmişdir. İddiaçının işlədiyi 6 ay müddəti (01.07.2019-31.12.2019) üçün aylıq əmək haqqı 1.000 hesablanmaqla, onun orta əmək haqqı 1.000 manat təşkil edir. Həmin məbləği 30.4 təqvim gününə böldükdə 1 gün üçün əmək haqqı 32,89 manat (1.000 manat : 30.4 təqvim günü = 32,89 manat) təşkil edir. 6 ay müddəti üçün iddiaçının 15 gün təqvim günü istifadə etmədiyi məzuniyyət günü olması nəzərə alınmaqla, 493,42 manat kompensasiya ödənilməlidir (32,89 manat x 15 gün = 493,42 manat). İddiaçının iş materiallarına əlavə edilmiş Cavabdeh ilə “Whatsapp” proqramında yazışmalarından çıxarışlardan müəyyən edilir ki, İddiaçı dəfələrlə cavabdeh B.Abbsovadan ona ödənilməmiş əmək haqqının ödənilməsini tələb etmiş, cavabdeh isə onun iddiaçıya əmək haqqı üzrə borcu olmasını qəbul etməklə, ödənişləri icra etməkdən yayınmışdır. İddiaçı Cavabdeh qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin müraciətə baxılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 16.03.2020-ci il tarixli **********9 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, onun müraciəti əsasında aparılmış araşdırma nəticəsində inzibati xətanın əlamətləri aşkar edilmiş və fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01.07.2019-cu il tarixli əmək müqaviləsinə əsasən işçi İddiaçı 01.10.2019-cu il tarixdən işə başlamalı idi. İşəgötürən Cavabdeh isə 01.07.2019-cu ildən 01.10.2019-cu il tarixədək 01.07.2019-cu il tarixli əmək müqaviləsinin bildirişi elektron qaydada Alt sistemi vasitəsi ilə portalda qeydiyyata salmalı idi. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh bu tələblərə riayət etməmiş, əmək müqaviləsi bildirişini Alt sistemə yerləşdirməmişdir. Aşkar edilmiş nöqsanlara görə fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq 11.02.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 21.02.2020-ci il tarixli MN 046190 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə 4.500 manat inzibati cərimə olunmuşdur. Cavabdeh həmin qərardan məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.08.2020-ci il tarixli 3(004)-1687/2020 nömrəli qərarı ilə Cavabdeh şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən 21.02.2020-ci il tarixli MN 046190 nömrəli qərarı ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 17 may 2021-ci il tarixli, 4/312 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 146-147-ci vərəqələrində olan işəgötürənin səlahiyyətlərini həyata keçirən Cavabdeh ilə işçi İddiaçı adlarından olan 1 iyul 2019-cu il tarixli əmək müqaviləsinin 1-ci sahəfəsinin ön tərəfində “1. Əmək müqaviləsi bağlayan tərəflər haqqında məlumatlar” qrafasındakı yazılar və 2-ci səhifənin arxa tərəfindəki yazılar Cavabdeh tərəfindən icra olunmuşdur. Mülki işin 146- 147-ci vərəqələrində olan işəgötürənin səlahiyyətlərini həyata keçirən Cavabdeh ilə işçi İddiaçı adlarından olan 1 iyul 2019-cu il tarixli əmək müqaviləsinin 1-ci sahəfəsinin ön tərəfində “2. Əmək müqaviləsinin müddəti, 3. İşçinin əmək funksiyası, 4. Əmək şəraitinin şərtləri” qrafasındakı yazılar, 1-ci səhifənin arxa tərəfindəki yazılar və 2-ci səhifənin ön tərəfindəki yazılar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işin 146-147-ci vərəqələrində olan işəgötürənin səlahiyyətlərini həyata keçirən Cavabdeh ilə işçi İddiaçı adlarından olan 1 iyul 2019-cu il tarixli əmək müqaviləsinin 2-ci vərəqinin arxa tərəfində “işəgötürən” qrafasındakı və “11. Tərəflərin imzaları və ünvaları.”hissəsində 1-ci “İmzası.” Qrafasındakı imzaların- Cavabdeh tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 131.1-ci maddəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bu qənaətə gələrkən məhkəmə kollegiyası həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “De Cubber Belçikaya qarşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.07.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 2019-cu ilin dekabr ayı üzrə əmək haqqından ödənilməmiş qalan 730 manat, qadın paltarının tikilməsi üzrə xidmət haqqından ödənilməmiş qalan 150 manat, 2019-cu il üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə (01.07.2019- 30.12.2019 dövr üçün) ödənilməmiş 493,50 manat olmaqla, cəmi 1.373,50 manat pul cavabdeh (işəgötürən) Cavabdeh tutularaq iddiaçı (işçi) İddiaçı ödənilməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd edilən hallarla təkzib olunduğundan qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apelyasiya icraatı zamanı iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinin onun tərəfindən imza edilmədiyini əsas gətirərək iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə vəsatət təmin edilmiş və iş üzrə məhkəmə-xətşünaslıq еkspеrtizаsı təyin еdilmişdir. İş materiallarına əlavə edilən və apellyasiya icraatı zamanı tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 17 may 2021-ci il tarixli, 4/312 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin etibarsız hesab olunmasını iddia etdiyi müqavilə onun tərəfindən imzalanması ekspert rəyi ilə qismən təsdiqini tapmışdır. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlililləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilə halları yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, aparılmış tədqiqatlarının dəyəri 104 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, ekspertiza tədqiqatının xərci qismində 104 (bir yüz dörd) manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3820/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3820/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertizası tədqiqatının dəyəri olan 104 (bir yüz dörd) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-945/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-945/2021
11.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver