Məhkəmə qərarları › İş №2(103)-9456/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9456/2021

08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9456/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X6 katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «mənəvi ziyan» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(011)-4368/2021 saylı qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi kimi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh İB-yə qarşı «mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(011)-4368/2021 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) cavabdehdən vurulmuş mənəvi zərərə görə 50.000 manat kompensasiya və 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmiş, qətnamədən iddiaçı və cavabdehin nümayəndəsi kimi X3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir. Məhkəmə kollegiyası, şikayətləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 69.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Göründüyü kimi, hüquqi şəxsləri məhkəmədə müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri təmsil edir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş iş yerinə dair arayışdan (səh. 101) görünür ki, cavabdehin nümayəndəsi kimi apellyasiya şikayətini imzalayan X3 ilə Cavabdeh İB arasında bağlanmış əmək müqaviləsinin müddəti 22.06.2017-ci il tarixdə bitmişdir (həmin arayışdan görünür ki, onun etibarlılıq müddəti 22.06.2017-ci il tarixədəkdir). Belə olan halda, X1 Cavabdeh İB-nin nümayəndəsi kimi apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Qeyd olunmalıdır ki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hala diqqət yetirməmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələ həll olunmadığından, hazırkı vəziyyətdə iddiaçının apellyasiya şikayətinə baxılması məqsədəmüvafiq deyildir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «mənəvi ziyan» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(011)-4368/2021 saylı qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi kimi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya cavabdehə münasibətdə qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar