Məhkəmə qərarları › İş №2(103)-947/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-947/2021

26.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-947/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-3526/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, 1000 manat dəyərində olan cavabdeh tərəfindən ona hədiyə edilən nişan üzüyünün, 1500 manat dəyərində olan Rusiya istehsallı 583 əyarlı ağ qızıl və sarı qızıl üzük, qolbaq, boyunbağı, sırğa dəstinin, 1500 manat dəyərində olan Rusiya istehsallı 750 əyarlı sarı qızıl 18 qram çəkisi olan brilliant üzüyün, 300 manat dəyərində olan 583 əyarlı Rusiya istehsallı bilərziyin, 500 manat təxmini dəyərində olan 750 əyarlı İtaliya istehsallı boyunbağının, 270 manat dəyərində olan Türkiyə istehsallı 585 əyarlı ürək formalı üzüyün, 100 manat dəyərində olan Türkiyə istehsallı qızıl klonun, 150 manat dəyərində olan Rusiya istehsallı 583 əyarlı ürək formalı qızıl klonun və ya onların cəmi 5320 manat təşkil edən dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbinə görə - o, cavabdehlə xx.xx.2017-ci il tarixində Bakı şəhəri 5 saylı Asan xidmət mərkəzində rəsmi nikah bağlamış, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X10 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra o, Bakı şəhəri Binəqədi qəsəbəsində Zəngəzur restoranının yaxınlığında yerləşən fərdi yaşayış evinə köçmüş, xx.xx.2019-cu il tarixinədək həyat yoldaşı ilə birgə bu ünvanda yaşamışdır. Qaynanası xx.xx.2019-cu il tarixdə evdə təmir işlərinin aparılması adı ilə onu müvəqqəti olaraq valideynlərinin Mərdəkan qəsəbəsində yerləşən evinə göndərmişdir. xx.xx.2019-cu ildə qaynatası ona zəng edərək bir daha evə qayıtmamasına dair göstəriş verərək, müəyyən cehiz əşyalarını götürməyi ona tövsiyyə etmişdir. Bu ərəfədə həyat yoldaşı bir neçə dəfə onu ziyarət etmək üçün Mərdəkanda yaşadığı evə gəlmişdir. xx.xx.2019-cu il tarixdən sonra onların münasibətləri kəskinləşmiş və o, nikahlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. 2019-cu ilin oktyabr ayında həyat yoldaşı onunla barışmaq üçün müraciət etmiş və o, həyat yoldaşı ilə barışaraq nikahının pozulmasına dair ərizəsini geri götürmüşdür. Bundan sonra cavabdeh onun yaşadığı Mərdəkan qəsəbəsində yerləşən valideynlərinin evinə gəlmiş və onlar bir həyətdə ayrıca evdə yaşamağa başlamışlar. 2020-ci ilin yanvar ayının 13-də cavabdeh Mərdəkan qəsəbəsində yerləşən evlərindən xalasıgilə getmək adı ilə çıxmış və bir daha evə qayıtmamışdır. Ailə həyatı qurduqdan sonra cavabdehin anası R.M.Əliyeva onun yaşının az olmasını əsas gətirərək bütün zinət əşyalarını ondan istəmiş və o, həmin əşyalarını həyat yoldaşına vermiş, həyat yoldaşı isə həmin əşyaları R.M.Əliyevaya vermişdir. Bir neçə dəfə xeyir işlərdə iştirak etmək üçün məclislərə gedərkən cavabdeh anasından zinət əşyalarını götürərək ona gətirmiş və o, həmin əşyaları taxaraq məclisdə iştirak etmiş, sonradan həmin əşyaları yenidən həyat yoldaşına qaytarmışdır. Cavabdeh 2019-cu ilin oktyabr ayında onunla barışdıqdan sonra onun valideynlərigilə gəldikdə özü ilə yalnız onun hədiyyə etdiyi nişan üzüyü ilə gəlmişdir. 2020-ci ilin yanvar ayında cavabdeh gedərkən həmin üzüyü və evdə olan 1000 ABŞ dolları və digər xırda pulları da götürmüşdür. Uzun müddətdir ona məxsus qızıl-zinət əşyalarını geri tələb etsə də, cavabdeh onun və ailəsinin təkidlərinə baxmayaraq toy zamanı adət ənənələrə uyğun olaraq ona qohumları və ailə üzvləri tərəfindən hədiyyə olunan zinət əşyalarını qaytarmaqdan boyun qaçırır. Hal-hazırda ona məxsus qızıllar qaynanası X2r. Belə ki, nikaha daxil olduqdan sonra qaynanası ona qızıllar böyükdə ola deyib ona məxsus qızılları özündə saxlamışdır. Məhkəməyə müraciət etdikdən sonra cavabdehə hədiyyə etdiyi qızıl üzüyün cavabdehə məxsus olması ona məlum olduğundan iddia tələbini bu hissədə azaldır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 3526/2020 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiasının təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi hüquq normalarının pozulmasını, iş üzrə tam və obyektiv araşdırma aparılmaması göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstrilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx xxxxx 2017-ci il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahlarından xx xxxxxx 2019-cu il təvəllüdlü bir uşaqlarının olması, ailə münasibətlərinin pozulması, ayrı yaşamaları işin mübahisələndirilməyən hallarıdır. İddiaçı hazırki iddia tələbində - özünə məxsus, ümumi dəyəri 5320 manat təşkil edən qızıl-zinət əşyalarını cavabdeh kimi Cavabdeh tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən göstərmişdir ki, iddiaçı ona hədiyyə olunan qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsini iddia etsə də, məhkəmə iclasında verdiyi izahatında həmin əşyaların cavabdehin anasında olmasını bildirmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmudur ki, tərəflər 2019-cu ilin aprel-may aylarından etibarən iddiaçının valideynlərinə məxsus evdə yaşamış, iddiaçı isə iddia ərizəsində cavabdehin 2020-ci ilin yanvar ayında yaşadıqları evi tərk edərkən ona məxsus qızıl-zinət əşyalarını da özü ilə aparmasını qeyd etmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər məcmu halda mövcud olmalıdır. Hazırki işdə isə iddiaçı iddia etdiyi qızıl-zinət əşyalarını məhz cavabdehdən tələb etdiyi halda, istər izahatlarında, istərsə də yazılı qeydində (iş vərəq 42) həmin əşyaların keçmiş qaynanası X5 olmasını bildirmişdir. Belə olan halda isə, iddiaçının cavabdeh kimi Cavabdeh qarşı vindikasiya barədə tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir, iddia özü-özlüyündə əsassızdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı, işdə olan sübutlarla da iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının məhz cavabdehin qanunsuz sahibliyində olması müəyyən olunmamışdır. İddiaçı bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı hazırki iddia çərçivəsində cavabdeh kimi X7 qarşı müvafiq tələb irəli sürmədiyindən, məhkəmə kollegiyası iddiaçının X7 qarşı bildirdiklərini yoxlamağı mümkün hesab etmir. Buna baxmayaraq, iddiaçının iddia etdiyi, özünə məxsus əşyaları onları qanunsuz saxlayan şəxs(lər)ə qarşı müvafiq tələb hüququ istisna olunmur. Çünki, apellyasiya icraatı zamanı yeni tələblərə baxılmır (MPM-in 372.4-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və ona baxılmır). Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-3526/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-3526/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar