Məhkəmə qərarları › İş №2(103)-9489/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9489/2021

19.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9489/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və X1 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı «hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair 2(006)-2446/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı5 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və X2 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi Samir Səfərov küçəsi 3 nömrəli evin 64 saylı mənzilinin Cavabdeh2 ASC tərəfindən əldə edilməsi barədə 19 noyabr 2019-cu il tarixli, Y-243 saylı yekun protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.11.2016-cı il tarixli, 2(010)-4350/2016 saylı qətnaməsi ilə cavabdehdən 15.12.2014-cü il tarixli, 13933-CNS-14053 saylı müqavilə üzrə ümumilikdə 47.079 ABŞ dolları 66 sent məbləğində pulun tutulması və borcun ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi Samir Səfərov küçəsi 3 nömrəli evin 64 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il tarixli, 2(103)-1073/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.11.2016-cı il tarixli, 2(010)-4350/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə, faizin məbləğinə və cəmi borc məbləğinə aid hissələrdə dəyişdirilmiş, evin ilkin satış qiyməti 90.000 manat olaraq, faiz məbləği 2.385 ABŞ dolları 74 sent müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli, 2(102)-6491/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il tarixli, 2(103)-1073/2018 saylı icra vərəqəsi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin 14.11.2019-cu il tarixli, 18-139447/18-9 saylı sifariş məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi Samir Səfərov küçəsi 3 nömrəli evin 64 saylı mənzilinin açıq hərracda satılması məqsədi ilə "xxxx" MMC adlanan quruma ünvanlandırmışdır. "xxxx" MMC onlara hərracın keçirilməsinin vaxtı, yeri barədə rəsmi bildiriş məktubu vermədən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivi Samir Səfərov küçəsi 3 nömrəli evin 64 saylı mənzilini 19 noyabr 2019-cu il tarixdə Cavabdeh2 ASC ilə ümumi dəyəri 57.375 manata hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlamışlar. Bununla da, "xxxx" MMC adlanan qurum qərəzli olaraq maddi hüquq pozuntularına yol verməklə qeyriobyektiv, qərəzli və qanunsuz hərrac keçirməklə əmlak hüquqlarını kobud surətdə pozmaqla məhdudlaşdırmış və mülkiyyətdə olan mənzilin özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Qeyd edirlər ki, "xxxx" MMC onlara heç bir məlumat vermədən, qanunsuz və əsassız şəkildə, maddi hüquq pozuntularına yol verməklə qeyri-obyektiv hərrac keçirməklə əmlak hüquqlarını kobud surətdə pozmaqla məhdudlaşdırmış və mülkiyyətdə olan mənzilin özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar İddiaçı5 və İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edilmiş, məhkəmə tərəfindən MPM-nin 2, 8, 9, 14, 88, 217, 218-ci maddələrinin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən tətbiq edilməmişdir. Sadalanan maddi və prosessual hüquq normalarının məhkəmə tərəfindən pozulması sonda düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Hesab edirlər ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçılar İddiaçı5 və İddiaçı3 dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli, 2(010)- 4350/2016 saylı qətnaməsi ilə Cavabdeh2 ASC-nin İddiaçı5 və qeyrilərinə qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı5 44.586 ABŞ dolları 25 sent məbləğində əsas borc, 2.410 ABŞ dolları 26 sent məbləğində faiz, 83 ABŞ dolları 15 sent məbləğində cərimə olmaqla, cəmi 47.079 ABŞ dolları 66 sent məbləğində borcun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat xidmət haqqının tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə İddiaçı5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Samir Cəfərov küçəsində istifadədə olan 0,06023 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 10 mərtəbəli binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 48,7 m2, yaşayış sahəsi 30,1 m2, yardımçı sahəsi 18,6 m2 olan 2 otaqlı 64 nömrəli mənzilin ilkin satış qiyməti satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılması və satışından əldə ediləcək pul vəsaiti hesabına İddiaçı5 banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin İddiaçı5 qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il tarixli, 2(103)-1073/2018 saylı qətnaməsi ilə İddiaçı5 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli, 2(010)- 4350/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə, faizin məbləğinə və cəmi borc məbləğinə aid hissələrdə dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri Suraxanı rayonu Samir Cəfərov küçəsi 3 saylı evin 64 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat, faiz məbləği 2.385 ABŞ dolları 74 sent müəyyən edilmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq Cavabdeh2 ASC-dən 50 manatın tutularaq Dövlət büdcəsinə, İddiaçı5 150 manatın tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, qətnamə İddiaçı5 münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018ci il tarixli, 2(102)-6491/2018 saylı qərarı ilə İddiaçı5 kassasiya şikayətinin geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2018-ci il tarixli, 2(103)-1073/2018 saylı qərardadından verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2018-ci il tarixli, 2(103)-1073/2018 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra, icra vərəqəsi icra olunması üçün Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsi Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata qəbul edilmiş, bundan sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaqla, Suraxanı rayon İcra və Probasiya şöbəsinin 05.12.2018-ci il tarixli 18239447/18-9 saylı sifariş məktubuna əsasən ipoteka predmeti satılmaq üçün açıq hərraca çıxarılmışdır. Bu barədə "xxxx" MMC sifarişçi olan Suraxanı rayon İcra və Probasiya şöbəsinə, tələbkar olan banka və borclu İddiaçı5 18 yanvar 2019cu il tarixli və 15 fevral 2019-cu il tarixli 82 və 260 saylı bildiriş ünvanlamışdır. Bundan başqa, hərrac barədə KİV vasitəsi ilə məlumat (elan) verilmişdir. Bundan sonra hərrac baş tutmuş və mənzil tələbkar bank tərəfindən əldə edilmişdir. Bununla bağlı mübahisələndirilən protokol tərtib olunmuş, alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi hərracın nəticələrinə dair protokolun və əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. Bununla yanaşı iddiaçılar tərəfindən iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və bu da, həmçinin iddianın rədd edilməsi üçün əsasdır. Bu səbəbdən, iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı rədd etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı5 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(006)- 2446/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar