Məhkəmə qərarları › İş №2(103)-9523/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9523/2021

13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9523/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2021-ci il tarixli, 2(010)-6/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan QSC "xxxx" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 131.718 manat pul məbləğində vurulmuş maddi zərər və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Abşeron Building MMC-dən və Cavabdeh2 tutularaq Ləğv prosesində olan QSC "xxxx" KB-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 oktyabr 2012-ci il tarixində Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 nömrəli üçtərəfli müqavilə imzalanmışdır. Müqavilənin predmetinə görə tərəflər internet şəbəkəsində Təchizatçının Cavabdeh1 MMC informasiya sistemlərindən istifadə edilməklə malların alqısatqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üçün bank kartlarından istifadə etməklə (internet-mağaza) Bankın müştəriləri tərəfindən həyata keçirilən əməliyyatlar üzrə hesablaşmaları təşkil etmək və yerinə yetirmək öhdəliyi götürmüşlər. Yəni müqavilənin predmetinə görə müqavilə tərəflərinin əsas vəzifələri - Vasitəçi olaraq "xxxx" MMCnin kartlardan istifadə etməklə internet şəbəkəsi vasitəsilə xidmətlərin ödənişi üzrə əməliyyatların həyata keçirilməsi üçün təchizatçı Cavabdeh1 MMC-nin ödəniş üzrə şlüzə çıxışının təmin edilməsi, Bank olaraq "xxxx" KB vasitəçi tərəfindən hazırlanmış hesablaşma məlumatlarının Banka verildikdən sonra kartlarla aparılmış əməliyyatların məbləği müəyyən olunmuş haqq tutulduqdan sonra Təchizatçının cavabdehin hesabına köçürməyi, Təchizatçı cavabdeh isə öz növbəsində göstərilən xidmətlər müqabilində kart sahiblərindən kartları qəbul edərək bank kartları vasitəsilə ödənişlərin aparılmasını təmin etmək və s. kimi müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən Bank araşdırma (şübhəli əməliyyatların aşkara çıxarılması məqsədilə) apardığı müddətdə müqavilədə göstərilmiş hal baş verdikdə Təchizatçı (cavabdeh) aparılmış əməliyyatlara dair sənədləri Banka təqdim etməyi öhdəsinə götürür. Banka yuxarıda göstərilən sənədlər təqdim edilmədiyi təqdirdə, Bankın həmin əməliyyatlara dair haqqı ödəməmək hüququ yaranır. Cavabdehin internet saytında ödəniş kartları ilə edilmiş əməliyyatların problemli olması barədə beynəlxalq ödəniş sistemləri tərəfindən məlumat daxil olmuş və nəticədə isə daxil olan chargeback-lərin (kart sahiblərinin ödənişlərə etirazı) sayı günbəgün artmağa başlamışdır. 08.01.2013-cü il tarixinə 35 chargeback daxil olmuş və bunlar üzrə aparılmış əməliyyatların cəmi 172.388.3 manat məbləğində olmuşdur. Qaydalara əsasən isə daxil olmuş chargeback-lər üzrə geri ödəniş edilməli və kart sahiblərinin iddiaları dərhal təmin edilməlidir. Aparılmış əməliyyatların qanuniliyi şübhə doğurduğundan, bu əməliyyatlarla bağlı sənədlərin banka təqdim edilməsi üçün cavabdehə dəfələrlə müraciət edilmişdir. Lakin cavabdeh qeyd olunan sənədləri təqdim etməkdən yayınmış, bu səbəbdən bank daxil olmuş chargebacklər üzrə iddia məbləğlərini öz hesabına ödəmiş, bunun nəticəsində banka 172.388.3 manat məbləğində maddi ziyan vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015-ci il tarixli - Cavabdeh1 MMC-nin təsisçisi və direktoru Cavabdeh2 AR CMnin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum olunmasına dair hökmünə əsasən o, "Abşeron Building” MMC-nin direktoru olaraq vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə cinayət əməlləri nəticəsində "xxxx" Kommersiya Bankına 187.763,92 manat külli miqdarda ziyan vurmuş, dəymiş ziyandan 56.045,53 manat ödənilmişdir. Beləliklə maddi ziyanın dəyəri 131.718 manat təşkil edir. Banka vurulan maddi ziyan formasında təzahür etmiş hüquq pozuntusu Bankın iştirakçısı olduğu ictimai münasibətlərə, işgüzar dövriyəyə mənfi təsir göstərdiyindən forma və məzmun baxımından əmlak xarakterli zərər (ziyan) törənmiş, bu zərər yetirmə Bankın mülkiyyət hüquqlarını pozmuş, bunun nəticəsində bank öz mülkiyyətindən (maddi vəsait) məhrum olmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(010)-6/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada 131 718 (yüz otuz bir min yeddi yüz on səkkiz) manat vurulmuş maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6/2021 saylı iş üzrə 11.06.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Suraxanı rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ədalətsiz, qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ləğv prossesində olan QSC "xxxx" KB-nin ona və digər cavabdehə qarşı iddiası üzrə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməmişdir. Bununlada, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsini qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər haqqında, öhdəliklərin icrası haqqında müddəaları düzgün tətbiq edilməmiş, hüququn tətbiqində səhv buraxılmış, qanun səhv təfsir edilmiş və bununlada Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Hüququn tətbiqində səhvə yol verilməsi ondan ibarətdir ki, məhkəmə işin həlli zamanı mübahisələndirilən məsələni tənzimləyən hüquq normasını tətbiq etmir. Tətbiq edilməli olan qanunun tətbiq edilməməsi dedikdə, məhkəmə tərəfindən qəbul etdiyi qətnamədə tətbiq edilməli olan maddi hüquq normasını qeyd etməməsi, işi qüvvədə olan qanunvericiliyin normalarının əksinə həll edilməsi başa düşülür. Bu cür pozuntulara həmçinin məhkəmə tərəfindən qüvvədən düşmüş qanunun, qanunla müəyyən edilmiş qaydada ratifikasiya edilməmiş beynəlxalq müqavilələrin normalarının tətbiqi və s. də aiddir. Qanunun düzgün şərh edilməməsi o hallarda mümkündür ki, tətbiq edilməli olan qanun tətbiq edilmiş, lakin onun məzmunu və mahiyyəti düzgün başa düşülməmiş və bu səbəbdən məhkəmə tərəflərin hüquq və vəzifələri barəsində düzgün olmayan nəticəyə gəlmişdir. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsini 21 iyul 2021-ci il tarixdə poçt vasitəsilə qeydiyyatda olduğu ünvana göndərilmiş və ailə üzvləri tərəfindən almışdır. Lakin onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilməmişdir. Beləliklə, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi üçün əsaslar mövcuddur: Məhkəmə maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Hesab edir ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(010)-6/2021 saylı qətnaməsinin ədalətsiz, qanunsuz və əsassız olması nəzərə alınıb, həmin qətnamə tamamilə ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv Prosesində olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, Belə ki, iş materiallarına əlavə edilmiş QSC "xxxx" KB ilə "Abşeron Building” MMC arasında bağlanmış 28.09.2012-ci il tarixli, CAA.313440.01 saylı X4 görünür ki, Bank Azərbaycan Respublikası qanunvericiliyi bankdaxili reqlament və bu müqaviləyə əsasən “Müştəri”yə açılmış hesaba daxil olan pul hesabını daxil etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərilərin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 02.10.2015-ci il tarixli 1(103)-1038/2015 saylı qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CMnin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02.03.2016-cı il tarixli 1(102)-338/2016 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olmuş Cavabdeh2 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.10.2015-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin Apelyasiya instansiya Məhkəməsində yenidən baxılması təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 06.03.2020-ci il tarixli 1(103)-8/2020 saylı qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü dəyişdirilərək, həmin hökmlə Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2-ci maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmiş, bu qərarla təyin edilmiş cəza həmin hökmlə Cinayət Məcəlləsinin 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 19 may 2014-cü il tarixdən 06 oktyabr 2016-cı il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzasının əvvəli 07 noyabr 2019-cu il tarixdən hesablanmış və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 06.03.2020-ci il tarixli 1(103)-8/2020 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015ci il tarixli hökmü dəyişdirilərək, həmin hökmlə Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2-ci maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmiş, bu qərarla təyin edilmiş cəza həmin hökmlə Cinayət Məcəlləsinin 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 19 may 2014-cü il tarixdən 06 oktyabr 2016-cı il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzasının əvvəli 07 noyabr 2019-cu il tarixdən hesablanmış və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin cinayət işi üzrə QSC "xxxx" KB zərərçəkmiş şəxs kimi tanınsa da, mülki iddia verilməmiş və hazırda iş üzrə cinayət faktı və maddi ziyan dəyməsi faktı sübuta yetirildiyi üçün bu iddianı verməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 barəsində qanuni qüvvəyə minmiş hökmlə zərərçəkmiş hüquqi şəxs QSC "xxxx" KB-na 131718 manat, yəni külli miqdarda maddi ziyan vurması faktı müəyyən olunduğundan iddianın təmin olunması, Cavabdeh1 MMCdən və Cavabdeh2 birgə qaydada 131718 manat vurulmuş maddi ziyan tutularaq hüquqi şəxs ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində yalnız qanunvericiliyin normalarını saymış, qətnamənin ləğvinə yaxud dəyişdirilməsinə əsas ola biləcək hər hansı dəlillərə istinad etməmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(010)-6/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar