Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9527/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (qardaşı) Tahir Əliyevin iştirakı, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub: 1) 29.11.2009-cu il təvəllüdlü uşaq X3 iddiaçının (ananın) himayəsinə verilsin; 2) 31.05.2008-ci il təvəllüdlü X2 və 29.11.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 175 manat aliment cavabdehdən (atadan) alınaraq iddiaçıya (anaya) verilsin; 3) iddiaçının özünün saxlanması üçün hər ay 250 manat aliment cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, uşaq X3 iddiaçının himayəsinə verilsin, X2 və X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01.06.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat aliment cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən ləğv edilsin, uşaqların saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (qardaşı) Tahir Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin bir hissəsi – alimentin miqdarına aid olan hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarının hər ay hər uşaq üçün 150 manat müəyyən edilməsi həmin maddənin göstərişinə uyğundur, bu, birinci instansiya məhkəməsinin qətnaməsində düzgün əsaslandırılıb. 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli arayışa görə cavabdeh 2-ci dərəcə əlilliyə görə hər ay 130 manat sosial müavinət alır. Əgər alimentin qazancın və başqa gəlirlərin 1/3 hissəsi kimi tutulması qət edilərsə, ödənilməli olan alimentin miqdarı 43 manat olacaq. 43 manat 2 uşağın zəruri xərclərinin ödənilməsi üçün kifayət deyil, uşaqların marağı əhəmiyyətli dərəcədə pozulacaq. Ailə Məcəlləsinin 78.1-ci maddəsindən görünür ki, alimentin qazancdan (gəlirdən) müəyyən hissə kimi tutulması tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduqda alimentin sabit pul məbləğində tutula bilər. Bundan başqa, cavabdehin 2-ci dərəcə əlilliyinin olması onun qazanc əldə etmək imkanından məhrum olduğunu təsdiq etmir. İddiaçı bildirir ki, cavabdeh qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir. Beləliklə, birinci instansiya məhkəməsi alimentini miqdarının hər ay hər uşaq üçün 150 manat, iki uşaq üçün cəmi 300 manat müəyyən etməklə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9527/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9527/2021
08.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver