Məhkəmə qərarları › İş №2(103)-9533/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9533/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9533/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Ərzuman qızının nümayəndəsi, eyni zamanda vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Ərzuman qızının cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş borcun qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3101/2021 saylı iş üzrə qəbul etdiyi 14 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərzuman qızının cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" İKB ASC-nin ("xxxx" ASC) bağlanmış 1-G1-1-880-15 saylı 15 oktyabr 2015-ci il tarixli müqavilə və ona edilmiş əlavə sazişin tələblərinə zidd olaraq Bankın ondan aldığı artıq pul vəsaitinin Bank tərəfindən ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15.10.2015-ci il tarixində Nikoyl İKB ASC-nin ("xxxx" ASC) 1 saylı filialından 12000 USD məbləğində 36 ay müddətində ipoteka krediti götürmüş, Xəzər rayonu A.Bakıxanov küçəsi, döngə 3 ev 10 saylı evimi ipoteka qoymuşdur. Bununla bağlı onunla bank arasında 1-G1-1-0-880-15 nömrəli müqavilə bağlanılmışdır. Lakin 21 dekabr 2015-ci il tarixində Respublikada devalvasiya olmuş və manatın dollara olan məzənnəsi dəyişmişdir. Bundan sonra Bank devalvasiya ilə əlaqədar kredit müqaviləsinin şərtlərinə yenidən baxmaq üçün onu dəvət etmişdir. 09.02.2016-cı il tarixində onunla bank arasında "1-G1-1-880-15 saylı 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əlavə saziş" və "1-G1-1-880-15 saylı 15 oktyabr 2015-ci il tarixli İpoteka müqaviləsinə əlavə saziş" imzalanmışdır. Əlavə sazişlə edilmiş dəyişikliyə görə Müqavilə üzrə kredit borclarının ödənilməsi 1 ABŞ dolları = 1.05 AZN məzənnəsi əsasında həyata keçiriləcəkdir. Bundan sonra o, kredit ödənişlərini davam etməyə başlamışdır. 2018-ci ilin iyun ayında o, ipoteka qoyduğu evi şəxsi səbəblərindən satmaq, bununla əlaqədar müqavilənin bitməyinə 5 ay qalmasına baxmayaraq krediti bağlamaq qərarına gəlmişdir. Banka müraciət etdiyində bank onlara 19241 AZN (11305 USD) borlu olduğunu bildirmişdir. O, Əlavə sazişi xatırlatmış və bildirmişdir ki, onun ödənişlərinin 1 ABŞ dolları- 1.05 AZN məzənnə əsasında hesablanacağı ilə bağlı müqavilə bağlamalarına baxmayaraq onun bütün kredit ödənişlərini həmin günə olan məzənnə ilə (məsələn 1 ABŞ dolları -1.70 AZN) hesablanır. Onlar o, Əlavə sazişin hüquqi əhəmiyyət kəsb etmədiyini və onun onlara tələb eldikləri 19241 AZN (11305 USD) vəsaiti ödəmək məcburiyyətində olduğunu bildirmişlər. O, evi təcili satmaq məcburiyyətində olduğundan onların tələblərinə əməl etmişdir və həmin məbləği ödəyib evi ipotekadan çıxartmışdır. Sonraİar dəfələrlə Əlavə sazişdən irəli gələn artıq ödədiyi vəsaiti geri almaq üçün şifahi Banka müraciət etmişdir. Onlar ona heç bir kömək edə bilməyəcəklərini bildirmişlər. Nəhayət Bank rəhbərliyinə etdiyi yazılı müraciəti 23 dekabr 2020-ci ildə cavablandırılmışdır və ona rəsmi şəkildə bildirilmişdir ki, guya o, bütün ödənişlərini USD valyutasında həyata keçirmişdir və bu səbəbdən də silinmələr ödənişinə uyğun aparılıb. Halbuki o, bütün ödənişlərini AZN-lə etmişdir, bank özü silinmələri USD valyutası ilə edib. Hesab edir ki, Bank onu aldadıb onunla Əlavə saziş bağlamağına və onun ödənişlərini 1 ABŞ dolları = 1.05 AZN məzənnəsi ilə silməli olmasına baxmayaraq ödənişlərini daha yüksək rnəzənnə (Ödədiyi günə uyğun məzənnə ilə) ilə hesablayıb. Və nəticədə ona xeyli maddi ziyan vurub. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3101/2021 saylı iş üzrə qəbul etdiyi 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən hesablamalar sazişin tələblərinə uyğun aparılmadığmdan artıq vəsaitin alınması nəticəsində cavabdeh əsassız olaraq varlanmışdır. Bu halı araşdırmaq üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilməli iş hərtərfli və obyektiv araşdırılmalı idi. Lakin məhkəmə tərəfindən iddia ərizəsində göstərilən xüsusatlar üzrə obyektiv və hərtərəfli araşdırma aparılmadığından nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Bundan başqa cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməsi də onu göstərir ki, cavabdeh özü-özlüyündə iddiaçının hüquqlarını pozduğunu bilir lakin, iddia müdətinin tətbiqi barədə ərizə verməklə süni şəkildə məsuliyyətdən yayınmağa çalışmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Ərzuman qızının nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iş materialları ilə iddiaçının artıq pul vəsaiti ödəməsi öz təsdiqini tapsa da, birinci instansiya məhkəməsi iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir. Digər tərəfdən, iddiaçı artıq ödənişlər barədə banka həm yazılı, həm də şifahi müraciətlər etmişdir. Həmin vaxt pandemiya dövrü olduğu üçün məhkəməyə müraciət etmək yubanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan ipoteka saxlayan "xxxx" İKB ASC ilə ipoteka qoyan İddiaçı Ərzuman qızı arasında bağlanmış 15.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayanla borcalan kimi bağladığı 1-G1-1-880-15 saylı 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka qoyan tərəfindən ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.105932 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 406.78 kv/m, yaşayış sahəsi 133.93 kv/m, yardımçı sahəsi 272.85 kv/m olan 4 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı Ərzuman qızı ilə "xxxx" İKB ASC arasında bağlanmış 15.10.2015-ci il tarixli, 1-G1-1-880-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən İddiaçı Ərzuman qızına illik 21% ödəmək şərtilə 36 ay müddətinə 12.000 USD məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.02.2016-cı il tarixli “15.10.2015-ci il tarixli 1-G1-1-880-15 saylı kredit müqaviləsinə əlavə saziş”dən görünür ki, sazişə əsasən tərəflər “21.12.2015-ci i latrixdən etibarən müqavilə üzrə kredit borclarının ödənilməsinin 1 ABŞ dolları = 1.05 AZN məzənnə əsasında həyata keçiriləcəyi, sazişin qüvvəyə mündiyi tarixədək kredit müqaviləsi üzrə mövcud hesablanmış, gecikmiş faizlər və cərimələr kredit müddətinin sonuna keçirilərək müddət sonu ödəniləcəyi, sazişin imzalandığı tarixdən ödənişlər yeni ödəniş qrafiki əsasında həyata keçiriləcəyi, yeni ödəniş qrafiki ilə müqavilə üzrə ödəniş qrafiki arasındakı məzənnə fərqinin məbləği annuitetin son ayında ödəniləcəyi” barədə razılığa gəlmişlər. İş materiallarında olan 04 iyun 2018-ci il tarixli Nikoil İKB ASC-nin mübadilə əməliyyatı haqqında bank çıxarışından görünür ki, İddiaçı 11305,28 ABŞ dolları 1.702 məzənnə ilə hesablanaraq 19241,59 manat məbləğində vəsait qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən iddiaçının tərəf olduğu kredit müqaviləsi üzrə tutulmaların düzgün aparılmadığı, cavabdehin onun hesabına əsassız olaraq varlandığı sübuta yetirilmədiyindən və beləliklə də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən hazırki iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməklə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Belə ki, tərəflər arasında razılıq əldə edilərək, 21.12.2015-ci i latrixdən etibarən müqavilə üzrə kredit borclarının ödənilməsinin 1 ABŞ dolları = 1.05 AZN məzənnə əsasında həyata keçirilməlidir. Lakin 04 iyun 2018-ci il tarixli Nikoil İKB ASC-nin mübadilə əməliyyatı haqqında bank çıxarışından görünür ki, tutulmalı pul vəsaiti 1.05 məzənnə ilə hesablanmaq əvəzinə 1.702 məzənnə ilə hesablanaraq 11305,28 ABŞ dollarına münasibətdə 19241,59 manat məbləğində vəsaiti iddiaçıdan tutulmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə cavabdeh bank tərəfindən iddiaçıdan artıq pul vəsaitinin tutulması öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Şərh olunanlarla yanaşı kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olsa belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Yuxarıda göstərildiyi kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi artıq ödəniş 04 iyun 2018-ci il tarixdə olmuşdur, iddiaçı da məhz həmin vaxtdan artıq ödəniş edilməsinin ona məlum olduğunu bilmişdir. İddiaçı isə yalnız 29 mart 2021-ci il tarixdə hazırkı iddia tələbi ilə çıxış etmişdir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məkhəməsinin qətnaməsi isə düzgün əsaslandırılmadığından ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsinin verilməsi üçün və apellyasiya şikayəti verərkən ödədiyi rüsum məbləğləri onun özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Ərzuman qızının apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3101/2021 saylı iş üzrə qəbul etdiyi 14 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Ərzuman qızının cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddiaçı Ərzuman qızının iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumları onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar