Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9541/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh "xxxx" Elektrik Şəbəkə Müəssisəsinin nümayəndəsi Hüseynov Ruslan Əhliman oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-942/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 3.000.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Elektrik Şəbəkə Müəssisəsinin ikinci cavabdeh qismində mülki işə cəlb edilməsi, cavabdehlər "xxxx" ASC-dən və "xxxx" Elektrik Şəbəkə Müəssisəsindən müştərək qaydada onun xeyrinə 3.000.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs vəzifəli şəxs olan İsgəndərov Niyazi Qurban oğlunun öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə – Əkbərov İlkin Vaqif oğlunun ölümünə səbəb olmuşdur. Belə ki, "xxxx" Elektrik Şəbəkə Müəssisəsinin Nizami rayon Texniki-İstismar şöbəsində usta vəzifəsində işləyərkən vəzifəli şəxs olub öz işinə vicdansız və laqeyd münasibət göstərib, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, 13 iyul 2010-cu il tarixdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ilə Rüstəmov küçəsinin kəsişdiyi yerdə basdırılmış küçə işıqlanması elektrik dirəyinə toxunması ilə elektrik vurmasından Əkbərov İlkin Vaqif oğlunun ölümünə səbəb olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 aprel 2011-ci il tarixli 1(007)-89/2011 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs İsgəndərov Niyazi Qurban oğlu Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 aprel 2011-ci il tarixli 1(007)-89/2011 nömrəli hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" Elektrik Şəbəkə Müəssisəsinin Nizami rayon Texniki-İstismar şöbəsinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 aprel 2011-ci il tarixli hökmü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İsgəndərov Niyazi Qurban oğlu "xxxx" Elektrik Şəbəkə Müəssisəsinin Nizami rayon Texnikiİstismar şöbəsində usta vəzifəsində işləyərkən, törətdiyi səhlənkarlıq cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Oğlu ali təhsilli, həm də magistr təhsilli olmaqla, Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi işləmişdir. O, ailəli olmuş və ölümündən sonra bir azyaşlı uşağı qalmışdır. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun ölümü nəticəsində keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdeh "xxxx" ASCdən alınaraq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-942/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" Elektrik Şəbəkə Müəssisəsinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmuna uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Elektrik Şəbəkə Müəssisəsinin nümayəndəsi Hüseynov Ruslan Əhliman oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, zərər çəkmiş şəxsin hüquqi varisi olan, hazırkı iş üzrə İddiaçı vurulmuş ziyanın əvəzi olaraq 6.000 manat və 2.000 manat olmaqla cəmi 8.000 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçı cinayət iş üzrə 29.03.2011-ci il tarixdə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Həmin cinayət iş üzrə mülki iddia olmamışdır. Bundan başqa, Əkbərov İlkin Vaqif oğlunun ölümünə görə İddiaçı maddi zərərin əvəzi olaraq "xxxx" Elektrik Şəbəkə Müəssisəsi tərəfindən hər ay 348 manat məbləğində pul ödənilir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-942/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 aprel 2011-ci il tarixli 1(007)-89/2011 saylı qanuni qüvvəyə minmiş hökmündən görünür ki, "xxxx" EŞM-in Nizami rayon TİŞ-də usta vəzifəsində işləyən İsgəndərov Niyazi Qurban oğlu səhlənkarlıq etmiş, onun işə vicdansızcasına və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi vətəndaşın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuş və bu əməllər ehtiyatsızlıqdan Əkbərov İlkin Vaqif oğlunun ölümünə səbəb olmuşdur. İsgəndərov Niyazi Qurban oğlu Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsindəəmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fizikişəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi, sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, işin hallarından göründüyü kimi, qüvvəyə minmiş hökmdə olan ifadələrdən, məhkəməyə təqdim edilmiş qəbzlərdən və ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi olan, hazırkı iş üzrə İddiaçı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmamışdır. Çünki, zərər çəkmiş şəxsin hüquqi varisi olan, hazırkı iş üzrə İddiaçı vurulmuş ziyanın əvəzi olaraq 6.000 manat və 2.000 manat olmaqla cəmi 8.000 manat məbləğində pul vəsaiti qəbul etmiş, məhkəməyə 29.03.2011-ci il tarixdə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə mülki iddia olmamışdır. Bundan başqa, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Əkbərov İlkin Vaqif oğlunun ölümünə görə maddi zərərin əvəzi olaraq "xxxx" Elektrik Şəbəkə Müəssisəsi tərəfindən hər ay 348 manat məbləğində pul ödənilir. Bu halları iddiaçı mübahisələndirmir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-942/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-942/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9541/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9541/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver