Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9552/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3421 nömrəli bağ evinə dair iddiaçı (ipoteka qoyan) ilə cavabdehin (ipoteka saxlayanın) arasında bağlanmış 16.09.2013-cü il tarixli, 208/F nömrəli ipoteka müqaviləsi etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Həmin ipoteka müqaviləsi kredit öhdəliyinin icrasının təmin edilməsi üçün bağlanıb. Kredit öhdəliyi pozulduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3752/2019 nömrəli iş üzrə qəbul etdiyi 13.11.2019-cu il tarixli qətnamə ilə qət olunub ki, kredit müqaviləsi üzrə borc tutulsun və tutma ipoteka predmetinə yönəldilsin. Hazırkı iş üzrə verilən iddia ərizəsində iddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini 2 əsasla tələb edib: 1) ipoteka predmetinin qiyməti 120.000 manat müəyyən edilib, bu, evin dəyərindən aşağıdır; 2) bankın tələb etdiyi əsas və faiz borcunun məbləği şişirdilib. Lakin bu hallar iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti (120.000 manat) və tutulmalı olan borcun məbləği Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilib. Həmin qətnamədən narazı qalan şəxs qanunla məyyən edilmiş qaydada və və müddətə qətnaməni mübahisələndirə bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İddiaçının istinad etdiyi hallar göstərilən maddənin tələbləri baxımından ipoteka müqaviləsinin etibarsız sayılması üçün əsas deyil. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9552/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9552/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver