Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-956/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh“Cavabdeh” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 4246/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş mənəvi zərərə görə 100000 manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib yaralandığı üçün, ona əlavə olaraq Cəlilabad şəhəri, Koroğlu küçəsi, bina 16-da 2 otaqlı 5 saylı mənzil verilmişdir. Qeyd olunan mənzil binanın 2-cı mərtəbəsində yerləşir, mənzildə təmir ışləri görülərkən daxili qaz xətləri çəkilmiş, mənzil daxilindən dəmir boru 2ci mərtəbədən, binanın sağ hissəsinə, xaricə çıxarılıb saxlanılmışdır ki, gələcəkdə ümumi qaz xəttinə qoşulması mümkün olsun. Xidməti vəzifəsinin icrası ilə bağlı, müxtəlif bölgələrdə xidmət etdiyindən, həmin mənzildə yaşayış olmamışdir. xx.xx.2019-cu və xx.xx.2019-cu il iarıxlərdə “Cavabdeh” X1 rayon şöbəsinin nəzarətçisi X2 təqdim etdiyi bildirişlərdən məlum olmuşdur ki, guya həmin mənzildə istifadə olunmuş qaz sərfiyyatının yekun borcu əvvəlki bildirişdə 267,60 manat, sonrakı bildirişdə isə 270,90 manat göstərilmişdir. Bundan sonra “Cavabdeh” X1 şöbəsinin rəisi və satış üzrə müdirinin qəbulunda olmuş və bildirişlərdə göstərilən borcun yaranma səbəblərini soruşmuşdur. “Cavabdeh” X1 şöbəsinin satış üzrə müdiri bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə həmin binada ümumi mənzillərə yeni qaz sayğacları quraşdırılarkən ona məxsus oian mənzilin qaz xəttində quraşdırılmış, köhnə sayğac açılaraq götürülmüş və akt tərtib olunmuş, aktda göstərilmişdir ki, qaz sayğacına müdaxilə olunmuşdur. Bu səbəbdən də onun adına qaz sayğacına müdaxilə olunduğu üçün 536,60 manat qaz şərfiyyatına görə borc yazılmışdır. Yaranmış mübahisə ilə bağlı “Cavabdeh” İstehsalat Birliyinin direktoru Ruslan Əliyevə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, müraciəti nəzarətə götürülsün, göstərdiyi faktlar ciddi araşdırılsın, təqsirkar şəxslər cəzalandırılsın, saxta sənədlər əsasında onun adına hesablanmış 536,60 manat borc məbləğinin silinməsinə köməklik göstəriisin. “Cavabdeh” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən ərizə ilə bağlı heç bir araşdırma aparılmamış və ümumiyyətlə heç bir cavab verilməmişdir. Məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı Cəlilabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-(073)-305/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, əsassız və qanunsuz olaraq yazılmış borc məbləğinin silinməsi qət olumuşdur. Hazırki vaxta kimi məhkəmə qətnaməsi icra olunmamışdır. Cavabdeh orqanın ona qarşı törətdiyi qanunsuz hərəkətlər nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmiş, sağlamlığına zərər dəymiş, sağlamlığı pozulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 4246/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, hakim tərəfindən heç bır araşdırma aparılmamış, işə baxılması zamanı süründürməçiliyə yol verilmiş, vəsatətləri əsassız yerə təmin edilməmiş, vəsatətlərinə münasibət bildirilməmiş, işə iki dəfə ümumilikdə 10 dəqiqə müddətində baxılmış, məhkəmə iclas protokolu ilə tanışlığa icazə verilməmiş, tələblərini dəfələrlə məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə tərəfindən buna əhəmiyyət verilməmiş, işə çox səthi baxılmış, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- (073)-305/2020 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddiası təmin edilərək, cavabdehin xx.xx.2019-cu il tarixli, 02233160 saylı aktı etibarsız hesab edilmiş və həmin akt əsasında iddiaçıya hesablanmış 277 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cəlilabad rayon Mərkəzi xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışına əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək nevrasteniya astenik sindromu diaqnozu ilə ambulator müalicə almışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin sübuta yetirilmədiyi üçün belə qənaətə gəlmişdir ki, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-(073)-305/2020 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair” iddiası təmin edilərək, cavabdehin xx.xx.2019-cu il tarixli, 02233160 saylı aktı etibarsız hesab edilmiş və həmin akt əsasında iddiaçıya hesablanmış 277 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cəlilabad rayon Mərkəzi xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışına əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək nevrasteniya astenik sindromu diaqnozu ilə ambulator müalicə almışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki,mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, “Cavabdeh” İstehsalat Birliyinin qanunsuz hərəkətləri nəticəsində iddiaçının iztirab və sarsıntılar keçirərək mənəvi zərərə məruz qalması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbləri əsassız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4246/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-956/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-956/2021
02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver