Məhkəmə qərarları › İş №2(103)-956/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-956/2022

14.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-956/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı, Cavabdeh «Azneft» İB-nin nümayəndəsi Tural Dilqəm oğlu və nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh «Azneft» İB-nə qarşı “əmək xəsarətinə görə əmək haqqının artım fərqinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29.10.2021-ci il tarixli, 2(009)-2724/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı - cavabdeh ”Azneft” İB-nə qarşı “əmək xəsarətinə görə əmək haqqının artım fərqinin ödənilməsi” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, 2019-cu ilin sentyabr ayından hazırki dövrə kimi almadığı 12.885,26 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 Bakı Komissarları adına X3 İdarəsinin 22 avqust 1990-cı il tarixli 590/k nömrəli əmri ilə Lökbatan sahəsində quyuların əsaslı təmiri sexində 5-ci dərəcəli traktorist olmaqla xüsusi təyinatlı texnika üzrə işə təyin edilmişdir. Həmin işdə işlədiyi zaman əmək xəsarəti aldığı üçün 22 aprel 1992-ci il tarixdə 2-ci qrup əmək əlili kimi işdən azad edilmişdir. Ona əmək qabiliyyətinin itirilməsinə görə keçmiş SOCAR Nəqliyyat Departamentindən hazırki Azneft İB-nin 2 nömrəli Nəqliyyat İdarəsi tərəfindən ödənilən vəsait düzgün ödənilmir. Belə ki, xüsusi təyinatlı traktorda işləyən şəxslərin aylıq əmək haqqı 1100-1500 manat məbləğində olmaqla orta hesabla 1300 manat civarında ödənilir. Bu hesabla iddiaçı aylıq olaraq həmin məbləğin 80% ilə 1040 manat almalı olduğu halda, 528,62 manat alır. Bu isə adi traktorçunun əmək haqqı səviyyəsindədir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29.10.2021-ci il tarixli, 2(009)-2724/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh ”Azneft” İB-nə qarşı “əmək xəsarətinə görə əmək haqqının artım fərqinin ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində qaldırıcı maşinist kimi işlədiyini qeyd etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iş materialları ilə də təsdiq olunur ki, iddiaçı traktorçu kimi işə qəbul edilmiş və məhz traktorçu vəzifəsindən irəli gələn əmək funksiyalarını yerinə yetirərkən xəsarət almış və ona müavinət təyin edilmişdir, iddiaçı ona qaldırıcı maşinist vəzifəsi üçün nəzərdə tutulmuş əmək müavinətinin ödənilməsini tələb etsə də, iş materialları ilə iddiaçının bu əsası öz təsdiqini tapmamışdır, həmçinin iddia tələbi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verildiyindən həm də bu əsasla təmin edilməməlidir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2724/2021 saylı 29.10.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 26 Bakı Komissarı adına X3 İdarəsinin 22 avqust 1990-cı il tarixli 590/k nömrəli əmrilə Lökbatan sahəsində quyuların əsaslı təmiri sexində 5-ci dərəcəli traktorçu olmaqla xüsusi təyinatlı (Spetstexnika) texnika üzrə işə təyin edilmişdir. Xüsusi təyinatlı traktor (maşın) dedikdə üzərinə qaldırıcı qurğu bağlanmış olan texnika başa düşülür. Həmin işdə işlədiyi vaxtı əmək xəsarəti aldığına görə 22 aprel 1992-ci il tarixində İİ qrup əlil kimi işdən azad edilmişdir. 26 noyabr 1991-ci ildə “Azneft MNP” Birliyinin 26 Bakı Kommissarları adına X3 İdarəsində maşinist işləyərkən əmək xəsarəti aldığına görə həkim Əmək Ekspert Komissiyasının qərarına əsasən İİ qrup əmək qabiliyyətinin 80% itirilməsi kimi fəaliyyətsiz hesab edilmişdir. İddiaçı əmək qabiliyyətinin itirilməsinə görə ünvan 1 ünvanında yerləşən keçmiş SOCAR Nəqliyyat Departamentindən, hazırki Cavabdeh 2 nömrəli Nəqliyyat İdarəsindən əmək haqqına görə ödənilən vəsait düzgün ödənilməmişdir. Belə ki, xüsusi təyinatlı traktorçu işləyən şəxslərin aylıq əmək haqqı 1100-1500 manat məbləğində, yəni orta hesabla 1300 manat civarında ödənilir. Bu hesabla İddiaçı aylıq olaraq 80%-lə 1040 manat ödənilməli olduğu halda ona 528,62 manat ödənilir ki, bu da adi traktorçunun əmək haqqı səviyyəsindədir. İqtisadi hesablamalara əsasən əmək qabiliyyətinin 80% itirilməsinə görə 1040 manat vəsaitin hər ayına ödənilən 528,62 manatı 1040 manatdan çıxılarsa, qalan 511.38 manat ona əlavə ödənilməlidir. Bu hesabla İddiaçı 2019-cu ilin sentyabrından 2021-ci ilin sentyabr ayına kimi 24 ay üçün hər aya əlavə olaraq 511.32 manat (511,32 x 24 aya), cəmi 12271,68 manat əlavə vəsait ödənilməli idi. Bundan əlavə, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edir ki, iddiaçı iddia tələbi üzrə iddia müddətini ötürməklə verdiyindən bu əsasla da iddia təmin edilməməlidir. Bu hissəyə münasibətdə qeyd edirlər ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarına, o cümlədən Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil...müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə də “mülkiyyət” kimi qiymətləndirə bilər. (“Latridis Yunanıstana qarşı”, Beyeler İtaliyaya qarşı” işlər). Göründüyü kimi, hazırki iş üzrə tələb olunan pul tələbi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşdüyündən, iddiaçının mülkiyyəti hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Göründüyü kimi, məhkəmə işə qərəzli yanaşaraq, yalnız cavabdehin mövqeyindən çıxış edərək, əks tərəfin iştirakını təmin etməyərək, təqdim etdiyi sübutları ümumiyyətlə nəzərə almadan qanuna zidd qətnamə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında cavabdeh «Azneft» İB-nin nümayəndəsi Tural Dilqəm oğlu və nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmənin 17.02.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı 2019-cu ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayına kimi olan müddət üçün 5-ci dərəcəli maşinistin vəzifə maaşının 80%-i məbləğində xəsarətə görə ödəniş hesablanmaqla ona ödənilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının və 22 avqust 1990-cı il tarixli əmrin surətindən görünür ki, X1 21.08.1990-cı il tarixdə quyuların əsaslı təmiri və xüsusi texnika sexində 5-ci dərəcəli traktorçu kimi işə təyin edilmişdir. İş materiallarında olan 22 aprel 1992-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı 01 aprel 1992-ci il tarixdən 2-ci qrup əlil kimi 5-ci dərəcəli traktorçu vəzifəsindən azad edilmişdir. İş materiallarında olan 7 nömrəli əmək xəsarəti haqqında aktın surətindən görünür ki, X1 traktorçu vəzifəsində əmək funksiyalarını yerinə yetirərkən xəsarət almışdır. Həmin aktın məzmunundan isə müəyyən edilir ki, İddiaçı qaldırıcı kran maşinisti kimi quyunun təmiri işi ilə məşğul olan zaman bədbəxt hadisə baş vermişdir. İş materiallarında olan şəxsi hesab vərəqindən görünür ki, İddiaçı 1990-1992-ci illər ərzində işlədiyi müddətdə əmək haqqı 5-ci dərəcəli “qaldırıcı kran maşinisti” kimi hesablanaraq ödənilmişdir. İş materiallarında olan və apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 fevral 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilir: “Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənciərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin” təsdiq edilməsi haqqında qərarının 3-cü bölməsinin 3.5-ci hissəsinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənciərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənciərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənciərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənciərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 İyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2006-cı İl 9 avqust tarixli 10-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin Vahid Tarif-Sorğu Kitabçası”nda “Traktorçu” peşəsi nəzərdə tutulmuşdur ki, bu peşə üzrə əməyin ödənişi 2-6-cı dərəcələr üzrə aşağıdakı kimi müəyyən edilmişdir:

312. TRAKTORÇU İşin xüsusiyyəti. 2-ci dərəcə Mühərrikin gücü 25,5 kVt-a (35 a.g.) qədər olan, maye yanacaqla işləyən traktorların müxtəlif yük, maşın və mexanizm, metal konstruksiya və müxtəlif kütləli qurğuların daşınması zamanı yedəkli vasitələrdən istifadə etməklə idarə edilməsi. Daşınan yükün yüklənməsinə, bərkidilməsinə və boşaldılmasına nəzarət. Traktorun yanacaqla doldurulması, traktorun və yedəkli qurğuların yağlanması. Traktorun işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, cari təmirin aparılması, traktorların və yedəkli qurğuların müxtəlif növ təmirində iştirak etmək. Bilməlidir: xidmət olunan traktorun iş prinsipini və quruluşunu; küçə hərəkəti qaydalarını; müxtəlif növ yüklərin yüklənməsi, boşaldılması, bərkidilməsi qaydalarını; traktorun işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılmasını; mühərrikin gücünü; təhvil-qəbul sənədlərinin tərtibi qaydasını. 3-cü dərəcə: mühərrikinin gücü 25,7-dən 44,1 kVt-a qədər (35-60 a.g.) traktorun idarə edilməsində. 4-cü dərəcə: mühərrikinin gücü 44,1-dən 73,5 kVt-a qədər olan traktorun idarə edilməsində. 5-ci dərəcə: mühərrikinin gücü 73,5 kVt-dan yuxarı olan traktorun idarə edilməsində. Qeyd:

1. Buldozer maşinistləri bu bölmə ilə yox, gördüyü işlərin xarakterindən asılı olaraq "Tikinti, quraşdırma və təmir-tikinti işləri" bölməsi və "Dağ-mədən işləri üzrə ümumi peşələr" bölməsi üzrə tarifləşdirilir.

2. Gəmi tikintisi, quyuqazma, neft və qaz emalı, geoloji kəşfiyyat və topoqrafiyageodeziya kəşfiyyat işlərində, poçt vaqonlarının daşınması, iri qabaritli ağır yüklərin şəhər içərisində daşınması zamanı traktoristlər traktorun gücünə əsasən 1 dərəcə yuxan tarifləşdirilir.

3. Qamışların biçilməsində işləyən traktoristlər bu bölmə ilə tarifləşdirilmirlər. Sorğunuzla bağlı məlumat üçün bildiririk ki, “Traktorçu” peşəsi üzrə əməyin ödəniş dərəcələri 1990-cı illərdə də analoji formada tənzimlənmişdir”. İş materiallarında olan Azneft İB Ə.C.Əmirov adına NQÇİ tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən 26.11.1991-ci il tarixdə xəsarət almışdır. Ona həmin vaxtdan 31.03.2017-ci il tarixə qədər Ə.C.Əmirov adına NQÇİ-də işdə aldığı xəsarətə görə müavinət verilmişdir. İşdə xəsarət aldığı vaxtda Xüsusi texnika sexinin işçisi olmuşdur. Traktorist (maşinist) dedikdə, üzərində qaldırıcı qurğu bağlanmış olan texnika bağa düşülür. Bu səbəbdən işçiyə 5-ci dərəcəli qaldırıcı maşinistin orta aylıq əmək haqqının 80%-i məbləğində xəsarət hesablanaraq hər ay ödənilmişdir. Axırıncı aldığı xəsarət pulunun aylıq məbləği 522.56 manat olmuşdur. Onun şəxsi işinə aid olan sənədlər 31.03.2017-ci ildən (4 vərəqdə və 70 addan ibarət qovluq) SOCAR Nəqliyyat idarəsinə onlarda ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 11.04.2022-ci il tarixli 06/11-27 saylı məktubdan müəyyən olunur ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair hazırlanan rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrıayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əmək haqqına dair göstəricilər nəzərdə tutulmamışdır. Bununla yanaşı, 2017-2021-ci illərdə “Bibiheybət Neft və Qazçıxarma İdarəsi”nin də (keçmiş 26 Bakı Komissarları adına Neft Qazçıxarma İdarəsi) aid olduğu “Xam neft və təbii qaz hasilatı” sahəsinin dövlət sektorunda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci il üzrə 1269,6 manat; 2018-ci il üzrə 1387,3 manat; 2019-cu il üzrə 1521,1 manat; 2020-ci il üzrə 1722,7 manat; 2021-ci il üzrə (ilkin) 1748,4 manat təşkil etmişdir. İş materiallarında olan cavabdeh “Azneft” İB tərəfindən təqdim edilmiş İddiaçı adına tərtib edilmilş haqq-hesab vərəqəsindən müəyyən olunur ki, 01.04.2017-ci il tarixdən 01.09.2019-cu il tarixədək olan müddət ərzində ona hər ay 522.56 manat, 01.11.2019 - 30.11.2019-cu ili əhatə edən müddətə görə 540.74 manat, 01.12.2019 – 31.12.2019-cu il tarixi əhatə edən müddətə görə isə 528.62 manat əmək xəsarətinə görə ödəniş edilmişdir. Cavabdeh bildirir ki, iddiaçıya 5-ci dərəcəli traktorçu kimi aldığı əmək xəsarətinə görə ayda 522.56 manat ödənişlər aparılmış, 01.09.2019-cu il tarixdən isə şirkətin işçilərinin əmək haqlarında olan artıma müvafiq olaraq, iddiaçıya edilən ödənişlərin məbləği də ayda 6,06 manat artmışdır. İş üzrə araşdırılan sübutlarla müəyyən edilir ki, İddiaçı 22 avqust 1990-cı il tarixdən 22 aprel 1992-ci il tarixədək olan müddət ərzində Azneft İB-nin 26 Bakı Komissarları adına X3 İdarəsində Quyuların əsaslı təmiri sexində 5-ci dərəcəli traktorçu olmaqla xüsusi təyinatlı texnika üzrə işə təyin edilmişdir. Həmin işdə işlədiyi zaman əmək xəsarəti almış və əmək qabiliyyətinin 80%-ni itirmiş, 22 aprel 1992-ci il tarixdə 2-ci qrup əmək əlili kimi işdən azad edilmişdir. Bundan sonra ona aldığı xəsarətə görə işlədiyi müəssisə tərəfindən aylıq ödənişlər edilmişdir. Hazırda iddiaçı bildirir ki, o, adi traktorçu deyil, üzərində qaldırıcı qurğu quraşdırılmış xüsusi traktorun maşinisti işləmiş, məhz həmin qurğu ilə quyunu təmir edərkən də əmək xəsarəti almışdır. Cavabdeh isə buna etiraz edərək bildirir ki, iddiaçı 5-ci dərəcəli traktorçu kimi işə qəbul edilmiş və əmək xəsarəti aldıqdan sonra da ona əmək qabiliyyətini itirməyə görə ödənişlər traktorçu kimi aparılmışdır. Kollegiya hesab edir ki, iddia tələbinə qiymət verilməsi üçün ilk növbədə iddiaçının hansı vəzifəni (traktorçu, yoxsa qaldırıcı maşinist) tutması məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, traktorçu və qaldırıcı maşinist vəzifələrinə görə nəzərdə tutulan əmək haqlarının məbləği fərqlidir və iddiaçıya əmək qabiliyyətini itirməyə görə ödənilən məbləğin hesablanması bundan birbaşa asılıdır. İş materialında olan işə qəbul haqqında əmrin surətindən görünür ki, İddiaçı 22.08.1990-cı il tarixdə quyuların təmiri və xüsusi texnika sexində 5-ci dərəcəli traktorçu kimi işə qəbul edilmişdir. Həmçinin, iş materiallarında olan İddiaçı işlədiyi 1990-1992-ci illəri əhatə edən “İşçinin şəxsi hesabı” cədvəlindən müəyyən edilir ki, ona işlədiyi bütün müddət ərzində qaldırıcı maşinist kimi əmək haqqı ödənilmişdir. Bundan başqa, iş materiallarında olan istehsalatda bədbəxt hadisə haqqında 7 №-li Aktın məzmunundan da müəyyən edilir ki, İddiaçı bədbəxt hadisə baş verərkən qaldırıcı maşinist kimi quyunun əsaslı təmiri işini həyata keçirmişdir. İddiaçıya 2017-ci ilədək xəsarətə görə müavinət ödəmiş Azneft İB Ə.C.Əmirov adına NQÇİ tərəfindən verilmiş “Əmək xəsarəti barədə” arayışdan da məlum olur ki, İddiaçı 5-ci dərəcəli qaldırıcı maşinistin orta aylıq əmək haqqının 80%-i məbləğində ödənc hesablanaraq ödənmişdir. Qeyd edilənlər, yəni iddiaçının xüsusi texnika sexində çalışması, ona işlədiyi bütün müddət ərzində cavabdeh təşkilat tərəfindən qaldırıcı maşinist kimi əmək haqqı ödənilməsi, məhz qaldırıcı maşinist kimi quyunun əsaslı təmiri ilə məşğul olarkən əmək xəsarəti alması, 2017-ci ilədək ödənişlərin qaldırıcı maşinistin orta aylıq əmək haqqına əsasən hesablanması onu deməyə əsas verir ki, iddiaçının işə qəbulu haqqında əmrdə traktorçu kimi işə qəbul edilməsi göstərilsə də, əslində o, qaldırıcı maşinist vəzifəsini tutmuş və bu vəzifə üçün nəzərdə tutulmuş əmək haqqını almış, iddiaçıya əmək xəsarətinə görə ödənilməli olan məbləğ də qaldırıcı maşinist vəzifəsi üzrə hesablanmışdır. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Bu qaydadan görünür ki, zərərçəkən şəxsin əmək xəsarəti almasına görə ödənc məbləğinin müəyyən edilməsi üçün əsas meyar onun xəsarət almazdan əvvəl malik olduğu orta aylıq əmək haqqının məbləği və xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faiz miqdarı təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əmək xəsarətinə görə ödəncin məbləği ona qaldırıcı maşinist kimi ödənilmiş əmək haqqı əsasında və peşə əmək qabiliyyətini 80% itirməsi nəzərə alınmaqla hesablandığından, habelə cavabdeh təşkilatda işçilərin vəzifə maaşları kütləvi şəkildə artdığından, lakin iddiaçıya xəsarətə görə aylıq ödəncin məbləği hesablanarkən bu artım düzgün nəzərə alınmadığından iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində iddiaçı qaldırıcı maşinistin orta aylıq əmək haqqının 1300 manat təşkil etməsini, müvafiq olaraq ona ödənilməli olan aylıq ödəncin məbləğinin 1040 manat olmasını və ümumilikdə iddia olunan dövr üzrə ona ödənilməli olan məbləğin 24 aya görə 12271,68 manat təşkil etdiyini bildirsə də, bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, cavabdeh təşkilatda qaldırıcı maşinistin orta aylıq əmək haqqının 1300 manat təşkil etməsi iş materialları ilə sübuta yetmir. Eyni zamanda kollegiya cavabdeh tərəfindən təqdim edilmiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə 01.09.2019-cu il tarixdən etibarən tarif (vəzifə) maaşlarının kütləvi artımı ilə əlaqədar olaraq zərərə görə ödənclərin verilməsi üçün orta əmək haqqının hesablanması cədvəlini mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin sənəd surət olmaqla, müvafiq qaydada təsdiq edilməmiş, iddiaçı isə həmin sənəddə göstərilən 844,43 manat orta aylıq əmək haqqının həqiqəti əks etdirmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndə qaldırıcı maşinistin orta aylıq əmək haqqı müəyyən edilməklə və həmin məbləğin 80 %-i (İddiaçı peşə əmək qabiliyyətini itiməsinin faiz miqdarı) iddia ərizəsində göstərilən müddətə, yəni 2019-cu lilin sentyabr ayından 2021-ci ilin avqust ayına qədər olan 24 ay müddət üçün hesablanmaqla İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1125.1-ci maddəsinə görə zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Kollegiya birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia müddətinin keçməsinə dair gəldiyi nəticəni də əsassız hesab edir. Belə ki, hazırkı iddia tələbinin predmetini 2019-cu ilin sentyabr ayından başlayaraq keçən 24 ay üzrə ödənilməli olan əmək xəsarətinə görə əmək haqqının artım fərqinin ödənilməsi təşkil edir. İddianın məzmunundan da göründüyü kimi, iddiaçı yalnız 2019- 2021-ci illəri əhatə edən müddət üzrə ona ödənilməli olan məbləğin artımının hesablanaraq ona ödənilməsini xahiş etmiş və bununla bağlı 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti də ötürülməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bundan başqa, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində də səhvə yol verərək hazırkı mübahisənin həlli zamanı 11 sentyabr 1964-cü ildə qəbul olunmuş və 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına istinad etmişdir. Artıq qeyd edildiyi kimi, iddia tələbi iddiaçıya peşə əmək qabiliyyətinin 80 % itirilməsi ilə nəticələnmiş əmək xəsarətinə görə ödənilən məbləğin 2019-2021-ci illəri əhatə edən müddət üzrə artırılması ilə bağlı olduğundan, bu mübahisə iddiaçının xəsarət aldığı və buna görə ödənişlərin təyin edildiyi zaman qüvvədə olan maddi hüquq normaları əsasında deyil, qeyd edilən artımın baş verdiyi zaman qüvvədə olan normalar tətbiq edilməklə həll edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olmuşdur. Ona görə də, şikayət qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməklə iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-2724/2021 saylı 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdehndə qaldırıcı maşinistin orta aylıq əmək haqqı müəyyən edilməklə və həmin məbləğin 80%-i (İddiaçı peşə əmək qabiliyyətini itiməsinin faiz miqdarı) iddia ərizəsində göstərilən müddətə, yəni 2019-cu ilin sentyabr ayından 2021-ci ilin avqust ayına qədər olan 24 aylıq müddət üçün hesablanmaqla İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar