Məhkəmə qərarları › İş №2(103)-9633/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9633/2021

23.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9633/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh QSC Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Rövşən Hüseynzadənin iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və QSC Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatına qarşı “müqavilənin ləğv edilməsi və borcun silinməsi tələbinə” dair iddia ərizəsi üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(006)-5332/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və QSC Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatına qarşı “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(006)-5332/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və QSC Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatına qarşı “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək ləğv edilməsini, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borcla bağlı mübahisə mövcud olmuş, mübahisə iddiaçının iştirakı olmadan həll edilmişdir. Cavabdehin məsələdən məlumatı var. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.08.2021-ci il saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iştirak edən QSC Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericliliyə əsaslanaraq belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-cı maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinin tələbinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, qərardad qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarında iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 24.05.2007-ci il tarixli, 200 saylı kredit müqaviləsi ilə bağlı iddiasının təmin edilməsi barədə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17.08.2009-cu il tarixli, 2(044)-1192/09 saylı qətnaməsi mövcuddur. Belə olan halda İddiaçı ləğv edilməsini istədiyi kredit müqaviləsi üzrə "xxxx" ASC daha əvvəl iddia ilə məhkəməyə müraciət etdiyi üçün, hazırki iş üzrə iddiaçıdan pretenziya qaydasına əməl edilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(006)-5332/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar