Məhkəmə qərarları › İş №2(103)-9638/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9638/2021

25.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9638/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin və ipoteka müqaviləsinin ləğv olunması, qalan kredit məbləğinin kredit verilən günə olan məzənnə ilə hesablanması və manatla ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(006)-4388/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC ilə aralarında 04 avqust 2015-ci il tarixində bağlanılmış kredit müqaviləsinin və həmin tarixdə bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi, qalan kredit məbləğinin ABŞ dollarının kredit verilən günə (0.7844 AZN) olan məzənnə ilə hesablanması və manatla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 14 avqust 2015-ci il tarixdə 13000 ABŞ dolları nəğd kredit götürmüş, banka kredit üçün müraciət edərkən almaq istədiyi məbləği manatla almaq niyyətinin olduğunu bildirmişdir. Ona bankdan kredit verilərkən də kreditin manatla veriləcəyi bildirilmiş, o, krediti manatla almış, lakin müqaviləyə imza atandan sonra bilmiş ki, verilən kredit məbləğinin valyutası ABŞ dolları ilə ifadə olunmuşdur. Həmin kredit müqaviləsinin təminatı kimi cavabdeh "xxxx" İKB ilə aralarında 14 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.1 kv.m yaşayış sahəsi, yardımnçı sahəsi 19.9 kv.m olan 2 otaqlı mənzili tam mülkiyyət üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit götürdükdən cəmi bir neçə müddət sonra Respublika ərazisində devalivasiya baş vermis və dolların məzənnəsi 1.05 manat olmuş, buna baxmayaraq kredit borcunu vaxtı-vatında ödəmişdir. Lakin ikinci devalivasiyanın baş verməsi və dolların manata nəzərən məzənnəsinin sürətlə qalxması nəticəsində o, banka olan ödənişlərini etməyə çətinlik çəkmişdir. Vəziyyəti gündən-günə pisləşməyə başlamış, maddi çətinliklər və və mənəvi sarsıntılar yaşamışdır. Borcları gündən-günə artmış və nəticədə ödəmə qabiliyyəti tamamilə aşağı düşmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(006)-4388/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar ona vaxt məhdudiyyəti verilməsini xahiş etmiş, lakin qeyd etdiyi hal təsdiq edən hər hansı sənəd əlavə etməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-128/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsindən müəyyən olunmuşdur ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-11305/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 14 avqust 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 10918,53 ABŞ dolları əsas, 818,99 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14757,52 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətinə manatla tutulmuş, tutma İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 2 otaqlı, 47,1 kv.m ümumi, 27,1 kv.m yaşayış, 19,9 kv.m yardımçı sahədən ibarət 28/19 saylı evin, 21 saylı mənzilinə yönəldilmiş, mənzilin ilkin satış qiyməti 39000 manat müəyyən edilmişdir. Fərdi yaşayış evinin açıq hərracdan İxtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və mənzilin satışdan əldə olunan vəsaitdən cəmi 14757,52 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətinə manatla iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi, qalan vəsaitin isə cavabdeh İddiaçı qaytarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi 20 manat məbləğində pul cavabdeh İddiaçı "xxxx" İKB ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət efdilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3733/2017 saylı, 13.11.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-11305/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1918/2018 saylı, 06 mart 2018-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3733/2017 saylı, 13.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-128/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" İKB ASC və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı evin yenidən qiymətləndirilməsi, hərracın keçirilməsinin dayandırılması” tələbinə dair iddiası rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1219/2020 saylı, 21.08.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 128/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1272/2021 saylı, 02.03.2021ci il tarixli qərar ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1219/2020 saylı, 21.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mövcud mübahisənin həlli ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Məhkəmə qeyd etmişdir ki, eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur, kredit müqaviləsi və onun əsasında bağlanmış ipoteka müqaviləsi üzrə məhkəməyə müraciət olunduğundan və bununla bağlı pulun tutularaq ipoteka predmetinə yönəldilməsi barədə qətnamə mövcud olduğundan zatən hər iki müqaviləyə xitam verilmişdir, ləğv edilmiş müqavilələrin yenidən ləğv edilməsinə zərurət qalmamışdır, iddianın digər hissələri olan qalan kredit məbləğinin kredit verilən günə olan məzənnə ilə hesablanması və manatla ödənilməsi hissəsində məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbləri ilkin hissələrdə təmin olunmadığından, ilkin tələblərlə bağlı tələb olduğundan və prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia bu hissələrdə də təmin oluna bilməz. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. İddia tələbi əsassızdır, göründüyü kimi, İddiaçı ilə Cavabdeh (Nikoyl) ASC arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş, hazırda mübahisələndirilən kredit müqaviləsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, kredit müqaviləsi üzrə borcun tutulması müəyyən edilmiş və tutma ipoteka predmetinə yönəldilmişdir. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Kollegiya iddiaçı tərəfindən dəlillərin formal olaraq irəli sürülməsi qənaətinə gəlir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması barədə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4388/2021 saylı iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar