Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-964/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-964/2025 (Açar sözlər: aliment miqdarının azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndə-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6420/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 15 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər rəsmi nikaha daxil olmuş və həmin nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Məhkəmə qətnaməsi ilə tərəflərin rəsmi nikahı pozulmuş, Murad anasının yanında saxlanılmış və onun saxlanması üçün iddiaçıdan qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmuşdur.
2. Hazırda iddiaçı ikinci dəfə qurduğu ailədən daha iki övladının olmasını və əmək haqqının azaldığını əsas gətirərək alimentin azaldılmasını xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-965/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixində cavabdehlə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2014-cü il tarixində Murad adlı bir oğlu olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-965/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən aralarında başlanmış nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X4 cavabdehin yanında saxlanılması və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. 2019-cu ildə o, yenidən nikaha daxil olmuş və həmin nikahdan iki övladı olmuşdur. Beləliklə də onun ailə vəziyyətində əsaslı dəyişiklik olmuşdur. Hazırda onun öhdəliyində cavabdehlə birgə nikahlarından olan oğlu Muraddan başqa iki uşağı da vardır. Qanunvericiliyin tələbləri baxımından üç və daha çox uşaq üçün tutulan alimentin miqdarı qazancın (başqa gəlirlərin) yarısı qədər müəyyən edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-965/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hesab edir ki, ailə vəziyyətində olan dəyişikliyi və hazırda iki uşağının olmasını nəzərə alaraq, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-965/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilməli, qazancı və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında alimentin ondan tutulması qət edilməlidir. 5.Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, qətnamə ilə 2016-cı ildən aliment tutulmuşdur, həmin vaxtdan indiyə kimi yaşayış minimumu ölkə üzrə artmışdır. Qarşı tərəfin həmin alimenti ödəməyə imkanı var.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6420/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1 və 27-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cü maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 76.1.1 və 112-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamədə ona istinad etmişdir ki, iddiaçının əmək haqqı 1127 manatdır və onun ¼ hissəsini 281,75 manat təşkil edir. Bu məbləğ hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan cəmi 46,75 manat çoxdur. Qalan 845,23 manat məbləğində pul isə ona qalır. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə nəzərə almamışdır ki, qeyd edilən məbləğ təkcə iddiaçıya deyil, iddiaçının da daxil olduğu 4 nəfərdən ibarət olan ailəsinin bir ay ərzində dolanması üçün nəzərdə tutulmuş məbləğdir. Məhkəmə qətnamədə həmçinin uşağın əvvəlki vəziyyətinin saxlanılması, uşağın təlim-tərbiyəsinin cavabdehin üzərində olması və sairə bu kimi hallara istinad edərək iddianı rədd etmişdir. Halbuki qanunverciliyin tələblərinə əsasən məhkəmənin istinad etdiyi eyni məsələlər onun digər uşaqlarıma münasibətdə də qüvvədədir. Belə ki, digər uşaqlarının da cavabdehin yanında qalmış uşağı ilə eyni dərəcəli təminat hüququna malikdirlər. Bu məsələ ilə bağlı qanunvericiliyin tələbləri isə kifayət qədər aydın və dəqiqdir. Belə ki, onun maddi vəziyyəti əsaslı şəkildə dəyişmişdir. Əvvəllər daha çox maaşı olan işdə işləsə də hazırkı iş yerində aldığı maaş əvvəlkindən 2-3 dəfə azdır. Yəni, maddi vəziyyətində kifayət qədər əsaslı dəyişiklik olmuşdur. Həmçinin onun ailə vəziyyətimdə də kifayət qədər əsaslı dəyişiklik olmuşdur. Hazırda yenidən nikaha daxil olmuş və həmin nikahdan 2 uşağı var. Göründüyü kimi qanunvericliyin tələblərinə əsasən hər iki tələb üzrə, yəni həm maddi həm də ailə vəziyyətimdə kifayət qədər əsaslı dəyişikliklər baş vermişdir. Məhkəmə isə bu hallardan heç birini nəzərə almadan tamamilə qeyri-qanuni və əsassız qətnamə çıxarmışdır.
10. Mülki işin apellyasiya baxışı zamanı iddiaçı elektron qaydada apellyasiya şikayətinə əlavə təqdim etmiş və onu apellyasiya şikayətindəki eyni məzmunlu dəlillərlə əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11.Cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmuşdur.
12. Cavabdeh etirazını iddiaçının kifayət qədər aylıq gəliri, əmlakı və üçüncü dəfə ailə qurub saxlamaq imkanı olması ilə əsaslandıraraq iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir.
15. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü və cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi barədə hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası işə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
16. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir
17. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
18. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Maddə 76.1.1 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur
22. Maddə 76.2 Bu Məcəllənin 76.1-ci maddəsinə göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
24. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı
25. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
26. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
27. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
28. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu
29. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Hazırki iş üzrə iddia rədd edildiyindən və iddiaçı qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
38. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin dəyişdirilməsinə və ya ləğvinə hər hansı hüquqi əsas yoxdur.
39. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-223/2017 saylı qərarının surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-965/2016 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iddiaçı Məmmədova İlahə Nüsrəddin qızının xeyrinə qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması və alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Qaradağ rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə, 121 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X4 anası Məmmədova İlahə Nüsrəddin qızının yanında qalması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Məmmədova İlahə Nüsrəddin qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6481/2019 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi alimentin tutulması anının müəyyən edilməsi hissəsində dəyişdirilməsi və aliment birinci instansiya məhkəməsinə müraciət edildiyi vaxtdan xx.xx.2015-ci il tarixdən tutulması, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
40. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı "X2" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis (mülki tikinti/qüllələr) vəzifəsində çalışır və əmək haqqısı 1127 manat təşkil edir.
41. Kollegiya qeyd edir ki, məhkəmə aktı ilə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iddiaçının qazancının ¼ hissəsində aliment tutulması qət edilmişdir. Hazırda isə iddiaçının əmək haqqı 1127 manat olmaqla həmin məbləğin ¼ hissəsi 281,75 manat təşkil edir. Göründüyü kimi bu məbləğ 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış mimumundan 46,75 (281,75-235) manat məbləğ artıqdır və əmək haqqından 845,23 (1127-281,75) manat iddiaçının özünə qalır.
42. Hazırda iddiaçı həm maddi, həm də ailə vəziyyətindəki dəyişikliklərin nəzərə alınaraq Muradın saxlanılması üçün təyin edilmiş aliment miqdarının azaldılaraq qazancının 1/6 hissəsi miqdarında, yəni 187,83 manat (1127/6) müəyyən edilməsini xahiş edir.
43. Yuxarıda sadalanmış hüquqi müddəaların əlaqəli şəkildə təhlilindən belə nəticəyə gəlinir ki, qanunvercilk tərəflərin maddi və ailə vəziyyətindəki dəyişikliklər və digər diqqətəlayiq hallar nəzərə alınaraq təyin edilmiş aliment miqdarının artırılması və ya azaldılması barədə tələbin həlli zaman uşağın əvvəlki təminat səviyyəsinin maksimal həddə saxlanılmasını imperativ qayda kimi təsbit etmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.
44. Bundan başqa uşaq hazırda cavabdehin himayəsində olduğundan onun məişət qayğıları, təlim-tərbiyəsi və digər zəruri xərcləri cavabdehin üzərindədir. Bu səbəbdən kollegiya hesab edir ki, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın başqa zəruri ehtiyaclarının ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edir.
45. İddia tələbi ilə bağlı o da qeyd edilməlidir ki, iddiaçının ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan iki uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması vəzifəsindən azad etmir. Çünki uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək, maddi və mənəvi tələbatını ödəmək hər iki valideynin vəzifəsidir. İddiaçı da Cavabdeh ilə birgə nikahından doğulan övladına minimum dolanışıq xərclərindən az olmayan məbləğdə aliment ödəməklə qanundan irəli gələn valideynlik borcunu yerinə yetirmiş olacaqdır.
46. Odur ki, göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
47. Beləliklə, şərh olunanlardan belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi barədə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur, belə olan halda apellyasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
48. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6420/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev