Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9649/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1 QSC-nin nümayəndəsi Elmira Budaqovanın və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rasim Bəgülovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinə və onun dövlət qeydiyyatına xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 QSC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, “Daimler Chraysler” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair (bundan sonra – avtomobil) 10.02.2006-cı il tarixli, F-158 nömrəli ipoteka müqaviləsinə və həmin müqavilənin əsasında dövlət reyestrində aparılmış qeydə xitam verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, avtomobilə dair ipoteka müqaviləsinə və müqavilənin əsasında dövlət reyestrində aparılmış qeydə xitam verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi Elmira Budaqova və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rasim Bəgülov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Avtomobil iddiaçıya məxsusdur, kreditin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilib. Kredit müqaviləsi üzrə tələb hüququ, habelə ipoteka hüququ əvvəlcə "xxxx" ASC-yə məxsus olub, daha sonra Cavabdeh1 QSC-yə güzəşt edilib. İddia onunla əsaslandırılıb ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün müddətində ipoteka predmetini əldə etmək imkanına malik olduğu halda onu almamışdır. Qətnamə də eyni qaydada əsaslandırılıb. Lakin həmin hal hazırkı işin materilları ilə təkzib olunur. Belə ki, bu məsələni “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri tənzimləyir. 43.7-ci maddədə subyektiv hüquq, 43.8-ci maddədə isə həmin hüququn həyata keçirilməsi qaydası müəyyən olunub. Subyektiv hüququn mahiyyəti bundan ibarətdir ki, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hüququn həyata keçirilməsi qaydası isə belədir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir, məhkəmə qətnaməsinin icrası isə öz növbəsində məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə müdafiəsi hüququnun realizəsi zamanı hüquqi müəyyənlik prinsipinə əməl olunmalıdır. Hüquq müəyyənlik prinsipi tələb edir ki, ipoteka predmetinin əldə edilməsi ipoteka saxlayana, yəni məhkəmə müdafiəsi hüququ realizə edilən şəxsə rəsmi qaydada təklif olunsun. Lakin işdə olan sənədlərdən görünür ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra hərrac təşkilatçısı və ya icra şöbəsi ipoteka predmetini almağı ipoteka saxlayana təklif etməyib. Bu, hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Nəticədə isə ipoteka saxlayan “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməyib. Beləliklə, ipotekaya xitam verilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9649/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9649/2021
19.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver