Məhkəmə qərarları › İş №2(103)-9676/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9676/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9676/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(001)- 2129/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.07.2013-cu il təvəllüdlü X3 və 28.06.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər uşaq üçün hər ay 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin əvvəlki dövr üçün 3 illik müddət həddində hər uşaq üçün 5808 manat olmaqla, 11.616 manat pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər 07.09.2012-ci il tarixdə faktiki nikaha daxil olmuşlar və birgə nikahdan iki övladları olmuşdur. Cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. Uşaqların maddi təlabatlarının ödənilməsi, sağlamlıqlarının qayğısına qalması və normal inkişafı üçüm xeyli vəsait tələb olunur. Dəfələrlə cavabdehdən aliment ödəməsini tələb etsə də, o, könüllü olaraq aliment ödəməkdən yayınmışdır. Uşaqların təkbaşına bütün maddi tələbatları ödəməyə imkanı olmadığından aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(001)- 2129/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 26.01.2021-ci il tarixdən başlayaraq, Cavabdeh 26.07.2013-cu il təvəllüdlü X3 və 28.06.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin dərhal icra edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2129/2021 saylı iş üzrə 26.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddiaçının iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(001)-2129/2021 saylı məhkəmə qətnaməsini maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə qəbul edildiyindən, ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, fikri öyrənilməmişdir. Məhkəmə tərəfindən göndərilmiş məhkəmə bildirişində başqa tarix göstərilsədə məhkəmə qətnaməsində isə tamami ilə başqa tarix qeyd edildiyini bildirmişdir. Yəni, məhkəməyə getdiyi gün məhkəmə keçirilməmiş, onun iddiaya münasibəti öyrənilməmişdir. Məhkəmə tərəfindən onun hüququ pozulmuşdur. Bundan başqa ziyanına çıxarılmış qətnamə ünvanına göndərilməmiş, icra şöbəsinə qətnamənin icrası ilə əlaqədar dəvət ediləndə həmin qətnamədən məlumatı olmuşdur. Halbuki qətnamə ünvanına poçt vasitəsi ilə göndərilməli idi. O, müraciət etdikdən sonra məhkəmə qətnaməsini aldığını qetd etmişdir. Onun hüquqları məhkəmə tərəfindən tamami ilə pozulmuşdur. Buna görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2021cı il tarixli 2(001)-2129/2021 saylı qətnaməsi ilə razı deyil. Bütün bu hallar məhkəmənin işə qərəzli yanaşmasını göstərir. Əlavə olaraq qeyd edir ki, o, ikinci dəfə ailə qurmuş, yaşamağa evi yoxdur, kirayədə yaşayır, maddi durumu çox aşağıdır. Məhkəmə qətnaməsindəki qeyd edilən aliment məbləğini ödəmək iqtidarında olmadığını bildirmişdir. Ona görə də qeyd edilən məbləğ onun ödəyə biləcəyim həddə olduğunu qeyd etmişdir. O, uşaqlarının saxlanılmasında iştirak etməkdən boyun qaçırmadığını, lakin maddi durumunun həmin məbləği ödəməyə imkan vermədiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, Tağıyev X2 Günel Ağalar qızının doğulmuş X4 və X3 atası hesab edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, 26.07.2013cü il təvəllüdlü X3 və 28.06.2015-ci il təvəllüdlü X6 ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4995/2015 saylı, 05.06.2015-ci il tarixli qətnaməsinə əsasən, 26 iyul 2013-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 anası İddiaçı öhdəsində olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, **********8 saylı arayışından görünür ki, Cavabdeh Əlizamin oğlu (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq”altsisteminə əsasən 18.04.2020-ci il tarixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Arayış Bakı Apellyasiya Məhkəməsinə təqdim etmək üçün verilir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 14.10.2021-ci il tarixli, 4426 saylı arayışından görünür ki, Cavabdeh İmişli şəhəri, S.Atamalıoğlu küçəsi 5 ünvanda yaşayır. Arayış Bakı Apellyasiya Məhkəməsinə təqdim etmək üçün verilir. Məhkəmə kollegiyası AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə kollegiyası cavabdehin qazancının qeyrimüntəzəm olmasını və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmamasını nəzərə alaraq, alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi 26.01.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 26.01.2021-ci il tarixdən tutulmalıdır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçıya izah edilir ki, cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə, gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası uşaqların saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilməsini cavabdehin hal-hazırki maddi vəziyyətinə və mənafeyinə uyğun hesab edir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, 26.01.2021-ci il tarixdən başlayaraq, Cavabdeh 26.07.2013-cu il təvəllüdlü X3 və 28.06.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin dərhal icra edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdehin ikinci dəfə nikaha girməsi və hazırda işləməməsi Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan da az (“Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir) dolanışıq xərci- yəni aliment tutulmasına əsas vermir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(001)-2129/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar