Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-97/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7” şirkətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına və qanunsuz tikilinin sökülməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına və qanunsuz tikilinin sökülməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə satılmış evlərin sökülməsi və özbaşına zəbt edilmiş torpaq sahəsindən həmin şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdə alqı-satqı yolu ilə Binəqədi qəsəbə bələdiyyəsindən Binəqədi qəsəbəsi ərazisindən 400 kv. metr torpaq sahəsi almış, lakin sonradan yaxınlıqdan keçən yüksək gərginlikli hava elektrik xəttinin yeri dəyişdirilərək həmin torpaq sahəsinin üstündən çəkilmişdir. Bu səbəbdən də, o, həmin sahədə fərdi yaşayış evi tikə bilmək üçün yüksək gərginlikli elektrik xəttinin yerinin dəqiqləşdirilərək torpağın altından çəkilməsini gözləməli olmuşdur. Lakin, sonradan torpaq sahəsinə baş çəkdikdə, orada qanunsuz olaraq iki evin tikilməsinin şahidi olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-52/2022 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) iddia rədd olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı “X7” şirkəti və Binəqədi qəsəbə bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində icraata cəlb olunmuşlar. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticələrin işin hallarına uyğun olmaması, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən bələdiyyə sərəncamının və s. sənədlərin, eləcə də torpaq sahəsinin qanunsuz zəbt olunaraq onun üzərində özbaşına tikilinin aparılmasını təsdiq edən və qüvvədə olan polisin qərarının olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə, eləcə də iddia ərizəsində qeyd olunanlara və birinci instansiya məhkəməsndə verilmiş izahatlara uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat verərək, mübahisəli ərazidə yerləşən evin sənədinin olmadığı, həmin evi ozünün tikmədiyini, başqasından tikili vəziyyətdə aldığını, sənədli evlərin qiymətinin baha olması səbəbindən başqa şəxsdən hazırkı evi hazır, tikili vəziyyətdə aldığını, evi alan zaman ərazinin mübahisəli oldğunu bilmədyini, ona bu barədə heç kimin məlumat vermədiyini, sonradan bu barədə məlumat əldə etdiyini, iddiaçını isə ilk dəfə məhkəmədə gördüyünü bildirərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X7” şirkətinin nümayəndəsi iş üzrə rəyə əsasən, eləcə də kadastr məlumatları əsasında həmin ərazinin bələdiyyənin mülkiyyətində olan ərazi olmadığını, neft ərazisi olmasını, qeyd olunan mübahisəli ərazinin bir hissəsinin bilavasitə “X7” şirkətinin nəzarətində olan əraziyə düşməsini və s. bildirərək, şikayətin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddia aşağıda göstərilən əsaslarla təmin olunmamalıdır. Belə ki, iddiaçı X1 13 sentyabr 2007-ci il tarixli qərarına (sərəncamına) əsaslanaraq, həmin bələdiyyənin ərazisində fərdi ev tikntisi məqsədilə əldə etdiyi 400 m2 torpaq sahəsindən cavabdehlərin çıxarılmasını və həmin torpaq sahəsində inşa olunmuş tikililərin sökülməsini tələb etmişdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi əsl olmayan cavabdehlərə qarşı yönəlmişdir. Lakin, məhkəmə bu istiqamətdə qənaətini əsaslandırmamış, nəyə görə cavabdehlərin əsl olmayan cavabdeh olmasını, əsl cavabdehlərin kim olmasını və s. göstərməmişdir. Birinci instansiya məhkəməsi sonrakı mövqeyində mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasına əsaslı şübhələrin olmasını qeyd etmişdir ki, bu da əvvəlki hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir (əgər iddia həqiqətən əsl olmayan cavabdehlərə qarşı verilmişdirsə, o zaman iddia tələbləri məhz bu əsasa görə rədd olunmalı idi). Göründüyü kimi, məhkəmə qətnaməni lazımi qaydada əsaslandırmamış, iş üzrə tam və ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddia aşağıda göstərilən əsaslarla təmin olunmamalıdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı tələbinin hüquqi əsası kimi mübahisəli torpaq sahəsinin bələdiyyə qərarı ilə ona ayrılmasını, cavabdehlərin isə həmin torpaq sahəsini qanunsuz zəbt edərək, orada inşa edilmiş evlərdə yaşamasını və s. göstərmişdir. Belə olan halda ilkin olaraq iddiaçının əldə etdiyi torpaq sahəsinin statusu dəqiq müəyyən edilməli, eləcə də torpaqayırma prosedurunun qanunvericiliyin tələblərinə uyğun tam başa çatıb-çatmaması (müvafiq yerquruluşu işlərinin həyata keçirilməsi, torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi, əşya hüquqlarının dövlət qeydiyyatına alınması və s.) araşdırılmalı, bundan sonra cavabdehlərin faktiki yaşadığı müvafiq torpaq sahəsinin sərhədləri ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin sərhədlərinin kəsişməsi və s. bu kimi zəruri hallar yoxlanılmalıdır. Yuxarıda qeyd edilən hallar iddiaçının xeyrinə müəyyən olunarsa, o zaman “cavabdehlərə satılmış evlərin sökülməsi və özbaşına zəbt edilmiş torpaq sahəsindən həmin şəxslərin çıxarılması” barədə tələbə mahiyyəti üzrə hüquqi qiymət verilə bilər. Əks halda iddia özü-özlüyündə əsassızdır. Qeyd edilməlidir ki, torpaq və mülki qanunvericilik daşınmaz əmlak kimi torpaq sahələrinə hüquqların yaranması üçün bir-neçə hüquqi əsas (torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması, dövlət qeydiyyatından keçirilməsi və s.) eyni vaxtda mövcud olmalıdır. Belə ki, iddiaçının istinad etdiyi bələdiyyə qərarının qəbul edildiyi dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. İşin hallarından və iddiaçı tərəfin təqdim etdiyi sənədlərdən görünür ki, X1 13 sentyabr 2007-ci il tarixli qərarı (sərəncamı) qəbul edilsə də, həmin vaxtı və ya sonradaqn səlahiyyətli orqanlar tərəfindən müvafiq torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi (torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi və s.), habelə hüquqların dövlət qeydiyyatına alınması proseduru həyata keçirilməmişdir. İddiaçı iddia ərizəsinə yalnız bələdiyyənin özü tərəfindən tərtib olunmuş sxem əlavə etmidir ki, bu da yuxarıda qeyd edilən müvafiq yerquruluşu sənədlərini əvəz edə bilməz.. Halbuki, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən, eyni zamanda müvafiq yerquruluşu işləri aparılmalı, torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmalı idi və s. Buna baxmayaraq apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməsi, habelə mübahisəli torpaq sahəsinin statusunun müəyyən edilməsi istiqamətində iş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir (işdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı analoji ekspertiza təyin olunmuş, lakin iş rəy verilmədən məhkəməyə qaytarılmış, birinci instansiya məhkəməsi isə rəyin alınması üçün tədbirlər görülməmişdir). Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2024-cü il tarixli, 3-16- 16/2-10/9202 nömrəli ekspert rəyinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 03 may 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən - sözügeden mübahisəli torpaq sahəsinin üzərinə digər şəxslərə aid olan hasara alınmışiki hissədən ibarət torpaq sahələri və hər hissə üzərində yaşayış evləri mövcuddur. Sahələr mübahisəli oldğundan vizual baxış keçirilmişdir. Faktiki sahə 430 m2 təşkil edir. Torpaq sahəsinin kordinatları aşağıdakı kimidir: X=399353.8660, Y=4478505.0460, X=399382.0530, Y=4478503.4370, X=399382.0100, Y=4478488.4250, X=399353.4310, Y=4478489.8200. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlükdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oil).Sahə bütövlükdə (6-35-110kVt-lıq) yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Sahəyə dair cizgidə dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülərqeyd edilmədiyindən sənədin faktiki sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsi Dövlət mülkiyyəti torpağıdır. Sahədəki tikililərin qeydiyyatı barədə məlumat yoxdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi bələdiyyə qərarında göstərilən müvafiq torpaq sahəsinə dair dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən sənədin faktiki sahəyə aid olmasını müəyyənləşdirmək, dolayısı ilə cavabdehlərin faktiki yaşadığı müvafiq torpaq sahəsinin iddiaçının bələdiyyə qərarında göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, ekspertiza rəyi ilə də iddiaçının əsaslandığı torpaq sahəsinin sərhədlərini yerində müəyyən etmək, həmçinin onun hər hansı hissədə zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, ekspertiza rəyi ilə iddiaçının iddia etdiyi, yəni cavabdehlərin faktiki yaşadığı torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi (Binəqədi Oil) olması, sahənin bütövlükdə (6-35-110kVt-lıq) yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşməsi, həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olan torpaq sahəsi olması da müəyyən edilmişdir. Bu səbəbdən də “X7” şirkəti və Binəqədi qəsəbə bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində icraata cəlb edilmişdir. Üçüncü şəxs “X7” şirkətinin nümayəndəsi iddiaya münasibətində göstərmişdir ki, o iş materialları ilə tanış olmuş, müəyyən olunmuşdur ki, həqiqətən mübahisəli ərazinin bir hissəsi məhz “X7” şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə, bələdiyyə mülkiyyətinə aid deyildir. Həmin ərazi ümumilikdə dövlət torpaqlarına aiddir. İddiaçı isə iddia ərizəsində cavabdehlərin faktiki yaşadığı torpaq sahəsinin onun mülkiyyətində olmasından çıxış edərək, cavabdehlərin sahibliyinin qanunsuz olmasını iddia etmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün (uğurlu olması üçün) - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər birlikdə, məcmu halda mövcud olmalıdır. Əks halda iddia təmin oluna bilməz. Beləliklə, qanunvericiliyin qeyd edilən tələblərinin hazırki mübahisəyə tətbiq edilməsi nəticəsində iddianın uğurlu olması üçün aşağıdakı hallar müəyyən edilməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni sahibi) olmalı, həmin torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı, lakin onların sahiblik hüququ olmamalı (torpaq sahəsi qanunsuz olaraq zəbt edilməli və bu hal keçən müddət ərzində davam etməlidir), nəticədə iddiaçı öz əmlakı üzərində sahiblikdən (mülkiyyətdən) məhrum olmalıdır. Bununla yanaşı, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada mövcud olmalı, onun sərhədləri dəqiq müəyyən edilməli (yerquruluşu işləri tamamlanmalı), mübahisə doğurmamalıdır. Yuxarıda qeyd edildiyi kimi, ekspertiza rəyi ilə iddiaçının istinad etdiyi bələdiyyə qərarına əsasən torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfin özü də bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayətində həmçinin bələdiyyə qərarı ilə iddiaçının həmin qərarda göstərilən torpaq sahəsinə əşya hüquqlarının yaranmasını qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı bildirir ki, torpaq və digər qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə özünə məxsus olan torpaqların mülkiyyətə, istifadə və icarəyə verilməsində müstəsna səlahiyyətə malikdir. Torpaq Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən anunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar çıxış edir. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). Məhkəmə kollegiyası qəbul edir ki, bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar özüözlüyündə onların ünvanlandığı şəxslər üçün əmlak hüquqları yaradır, eyni zamanda həmin aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Lakin, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı istinad etdiyi bələdiyyə qərarının qəbulundan sonra müvafiq yerquruluşu işlərini tam başa çatdırmamış, bu səbəbdən də həmin torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən olunması mümkün olmamışdır (iddiaçının müvafiq torpaq sahəsi ilə bağlı müvafiq səlahiyyətli inzibati orqanlara müraciət etmək hüquqları istisna olunmur). Yəni, iddiaçı hazırki icraat çərçivəsində bələdiyyə qərarında göstərilən torpaq sahəsinin məhz cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni ərazi olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı təyin olunmuş ekspertiza və mütəxəssis rəyləri ilə də bu halın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, cavabehlərin faktiki yaşadığı daşınmaz əmlaklar (torpaq sahəsi, onun üzərində inşa olunmuş fərdi yaşayış evləri) üzərində hər hansı əşya hüquqları qeydə alınmasa da, hazırki vəziyyətdə iddiaçının tələbi üzrə onların müvafiq torpaq sahəsindən çıxarılması, habelə tikililərin sökülməsi mümkün deyidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular yalnız müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə sökülə bilər. Hazırki vəziyyətdə isə iddiaçı maraqlı tərəf kimi qəbul edilə bilməz. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətində xx.xx.2020-ci il tarixli Binəqədi RPİnin İŞ-nin cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara da istinad edərək, cavabdehlərin faktiki yaşadığı torpaq sahəsinin ona məxsus olmasını göstərmişdir. Qeyd edilməlidir ki, MPM-nin 82.4-сü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və digər qərarı mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi qərar məhkəmə tərəfindən qəbul edilməməklə, “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Binəqədi RPİ-nin İŞ-nin qərarıdır. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi hazırki iddianın qanuni həlli baxımında iddiaçının iddia etdiyi müvafiq torpaq sahəsinə əşya hüquqlarının mövcudluğu ilə yanaşı, həmin torpaq sahəsinin mülki və torpaq qanunvericiliyin tələbləri baxımından sərhədlərinin yerdə dəqiq müəyyən olunması (yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyin tələblərinə uyğun müvafiq yerquruluşu işlərinin tammalanması və s.) halının mövcudluğu müəyyən edilməlidir. Qeyd edilən hallar isə digər sübutlarla (izahatlar və s.) müəyyən edilməməklə, səlahiyyətli dövlət orqanlarının tərtib etdiyi müvafiq yerquruluşu sənədləri ilə müəyyən edilə bilər. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddiaçının tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfin izahatı da iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia yuxarıda göstərilən əsaslarla təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 50 (əlli) manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına və qanunsuz tikilinin sökülməsi cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iddia tələbləri hazırki qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin olunmasın. Apellyasiya icraatı zamanı yaranmış məhkəmə xərci İddiaçı aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri kimi - 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-97/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-97/2024
30.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver