Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-970/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh ASC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirlməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 37 nömrəli “Əmək müqaviləsinin” “İşçiyə hər ay müvafiq vergi məbləği və digər məcburi ödəniş məbləği daxil olmaqla 600 manat əmək haqqı ödənilir” məzmunundakı 4.1.1-ci bəndinin həmin əmək müqaviləsinin bağlandığı xx.xx.2017-ci il tarixdən 2022-ci ilin iyun ayına qədər dəyişdirilmədən qüvvəsində qaldığının hesab edilməsi; cavabdeh ASC-nin 2019-cu ilin mart ayından 2022-ci ilin iyun ayına qədər 39 ay ərzində hər ay iddiaçının əmək haqqından qanunsuz olaraq kəsdiyi 280 manat, cəmi 10.920 manat əmək haqqının, həmin məbləğin ödənilməsinin cavabdeh ASCnin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş gün üçün 1 %-i məbləğində ödənc olan cəmi 20.000 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüququ yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün mediasiyaya çəkdiyi xərcin əvəzi olaraq 50 manat, cəmi ümumilikdə 31.270 manat məbləğində pulun cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh ASC-də, ADC-nin "xxxx" filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsində işləmişdir. İddiaçı ilə ASC arasında bağlanmış “Əmək müqaviləsinə” əsasən iddiaçının aylıq əmək haqqısı 600 manat məbləğində müəyyən edilmişdir. 2019-cu ilin mart ayında cavabdeh ASC, əmək qanunvericiliyinin tələbləri pozulmaqla, bir tərəfli qaydada iddiaçının əmək haqqısını 280 manat azaltmışdır. İddiaçı ilk vaxtlar bunun yanlışlıq olduğunu hesab etmiş və vəziyyəti cavabdeh ASC-yə bildirməmişdir. İddiaçı bu məsələnin hər ay davamlı hal almağa başladığını gördükdə vəziyyəti və narazılığını cavabdeh ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsində işləyən və komanda rəhbəri olan (hazırda artıq vəfat etmiş) Qoşqar Həsənova şifahi şəkildə bildirmişdir. Qoşqar Həsənov iddiaçıya ASC-nin maliyyə durumunun çox ağır olduğunu bildirmiş və vəziyyət düzələn kimi iddiaçının ödənməyən (qalan) maaşının qəpiyinə kimi ödəniləcəyini qeyd etmişdir. Amma aylar keçsə də, iddiaçının maaşı yenə də 320 manat hesablanmışdır. İddiaçı xx.xx.2020-ci ildə X5 Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə e-mail vasitəsi ilə şikayət etmişdir. Lakin həmin qurumlardan iddiaçıya bildirmişlər ki, iş məhkəmədə olduğu üçün onlar bu məsələyə baxa bilməzlər. Belə ki, iddiaçı şikayət etdiyi üçün ASC-nin rəhbərliyi ASC ilə iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2021-ci il tarixli əmrlə qanunsuz olaraq xitam vermiş və iddiaçını işdən azad etmişlər. İddiaçı tərəfindən ASC-yə qarşı irəli sürülümüş “işə bərpa və sair tələbləri barədə” iddiaya baxmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(006)-2283/2021) ilə ASC üzrə verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh ASCdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən, qüvvədə saxlanılmış və iddiaçı, 2022-ci ilin mart ayında faktiki olaraq işə bərpa olunmuşdur. İşə bərpa olunsa da, cavabdeh ASC iddiaçıya məcburi iş buraxma müddəti bərpa olunduğu vaxtdan əmək müqaviləsi üzrə razılaşdıqları 600 manat əmək haqqını deyil, xeyli mübahisədən sonra 320 manat əmək haqqını ödəmişdir. Hətta qətnaməyə izah verilməsinə dair cavabdeh ASC tərəfindən verilmiş ərizə əsasında Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 8(006)- 20/2022 №-li qərardadda qeyd edilmişdir ki, borclu ASC-nin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi aşağıdakı qaydada təmin edilsin: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə iddiaçının işdən çıxarıldığı vaxtdan bərpa olunduğu vaxtadək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı (işdən azad olunanadək aldığı əmək haqqı miqdarında) cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməli və qətnamənin icrası ilə bağlı icra hərəkətləri davam etdirilməlidir. Həmin qərardaddan iddiaçı şikayət vermiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı (İş № 8(103)-141/2022) ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə yenə də şikayət etmiş, xx.xx.2021-ci i tarixdə iddiaçı, Əmək Müfəttişliyi Xidmətinə dəvət edilərək ondan izahat alınmış və xx.xx.2021-ci il tarixdə iddiaçıya bildirilmişdir ki, məhkəməyə müraciət etdiyi üçün məsələyə qarışa bilməzlər. İddiaçı sonradan şikayət etsə də, bütün şikayətlərə eyni məzmunda cavablar almış, belə ki, əmək hüquqlarının pozulması və işə bərpa tələbi ilə əlaqədar etdiyi müraciətə eyni zamanda Nəsimi Rayon Məhkəməsində də baxılmaqda olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının işə bərpa olunmağı haqqında qətnamə qəbul etdikdən sonra cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 600 manat əmək haqqı ilə “Əcəmi” Filialına işə bərpa edilsə də (işə bərpa olunmağı haqqında cavabdeh tərəfindən verilmiş əmrin surəti iddiaçının e-mailinə göndərilmişdir), sonra işə bərpa ediləndən bir neçə gün sonra iddiaçıya məlum olub ki, yenidən həmin əmək haqqı tək tərəfli dəyişdirilib və maaşı 320 manat olaraq müəyyən edilib. İddiaçı bu barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə X5 Xidmətinə şikayət etmiş və xx.xx.2022-ci il tarixdə X1 adlı əməkdaşı iddiaçıdan izahat almış və nəticədə bildirmişdir ki, Xidmət tərəfindən cavabdeh ASC-nin ünvanına **********2 saylı, xx.xx.2022ci il tarixli məktubla müraciət olunaraq, iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 7.9-cu bəndinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh ASC tərəfindən sənədlərin təqdim olunması təmin edilmədiyindən iddiaçının müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. İddiaçıya nəticə ilə razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İddiaçı bu günə qədər əmək funksiyasını yüksək peşəkarlıq ilə yerinə yetirmiş, heç xəbərdarlıq almamış, əksinə dəfələrlə həvəsləndirici təriflər, təşəkkürnamələr almışdır. İddiaçı evlidir, 2 azyaşlı övladı var və onun başqa qazanc yeri yoxdur. b) cavabdehin iddia tələbinə qarşı olan etirazı barədə məlumat
3. Cavabdeh ASC-nin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2019cu il tarixdə xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək, iddiaçının əmək haqqı 320 manat olmuşdur. Müqaviləyə dəyişikliklə bağlı məlumat “Əmək müqavilələrinin elektron informasiya sisteminə” daxil edilmişdir. Əmək müqaviləsinin bildirişi "xxxx" əlavə edilib. ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ASC-nin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ASC-nin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilərək iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının, 290 manat vəkil xərcinin tutularaq iddiaçının hesabına köçürülməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ASC tərəfindən tam icra olunmuş, iddiaçı ilə ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Əmək müqaviləsi” xx.xx.2021-ci il tarixli, AS-K-22/20 saylı əmrlə bərpa olunmuş və iddiaçının bank hesabına buraxılmış əmək haqqı hesablanaraq 3.797,65 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 31.270 manat məbləğində pul vəsaitinin ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində narazılığını ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışan və komanda rəhbəri olan Qoşqar Həsənova şifahi şəkildə bildirdiyini və əvəzində sonuncunun ona ASC-nin maliyyə durumunun çox ağır olmasını, vəziyyət düzələn kimi onun ödənməyən (qalan) maaşının qəpiyinə kimi ödəniləcəyini bildirmişdir. Lakin “Elektron Məhkəmə” portalına əlavə edilmiş sənədlərə nəzər yetirdikdə bu halı təsdiq edən hər hansı bir sübutun olmadığı görünür. İddiaçı ilə ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik xx.xx.2019-cu il tarixdə olmuş və həmin “Əmək müqaviləsinə” xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı 22 ay 320 manat əmək haqqı almış, bununla bağlı narazılığını rəsmi olaraq nə ASC-yə, nə də səlahiyyətli dövlət orqanlarına bildirməmişdir. Buna görə də, iddia, əsassız olması səbəbindən rədd edilməlidir. Bundan başqa, Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələbinə görə, işçi, pul və digər tələbləri ilə bağlı işəgötürənə qarşı iddia tələblərini 1 il ərzində irəli sürə bilər. Bu müddət ötürüldüyü halda bu kimi iddialara iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Hazırki iş üzrə iddiaçı hüquqlarının pozulduğunu, özü bildirdiyi kimi 2019-cu ilin mart ayında bilmişdir. Lakin iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 2022-ci ilin iyun ayında müraciət etmişdir. Buna görə də, iddia, iddia müddətinin keçməsinə gərə də, rədd edilməlidir. c) iddiaya iddia müddətinin tətbiqinə dair iddiaçının mövqeyi barədə məlumat
4. İddiaçının “iddia müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi və bərpa edilməsi” barədə ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilk vaxtlar əmək haqqının azalmasının yanlışlıq olduğunu hesab etmiş və bunu ASC-yə bildirməmişdir. Sonra bu halın mütəmadi davam etdiyini gördükdə, yəni təxminən 2019-cu ilin aprel-may aylarında öz filial müdirinə bu barədə məlumat vermiş və etirazını bildirmişdir. Bundan sonra cavabdeh ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışan və həm də komanda rəhbərləri olan Qoşqar Həsənova bildirmişdir. Qoşqar Həsənov, iddiaçıya bildirmişdir ki, şirkətin maliyyə durumu çox ağırdır, vəziyyət düzələn kimi sənin ödənməyən (qalan) maaşın qəpiyinə kimi ödəniləcək. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Buradan məlum olduğu kimi, cavabdehin səlahiyyətli şəxsi olan Qoşqar Həsənovun bu hərəkəti borcun etirafı hesab olunduğu üçün iddia müddəti kəsilir və buna səbəb olan fasilə isə Qoşqar Həsənovun səlahiyyətlərinin ASC tərəfindən azaldıldığı tarixdə, yəni 2020-ci ilin noyabr ayında (19 ay sonra) başa çatmışdır. Çünki həmin tarixə qədər olan müddət ərzində cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi borcu etiraf etmiş, bu pulu imkan olan kimi ödəyəcəkləri vədini verdiyi üçün bu tələb üzrə iddia müddəti kəsilmiş hesab olunur və həmin tarixdən etibarən yen iddia müddəti işləməyə başlayır. d) iş üzrə üçüncü şəxs barədə məlumat
5. İşə baxmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti işə baxmış Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Həmin Xidmət məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən xəbərdar edilsə də, həmin iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.
7. Rayon Məhkəməsi bu halı müzakirə edərək hesab etmişdir ki, həmin Xidmətinin nümayəndəsinin iştirakı olmadan işin baxılması mümkündür. e) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
9. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 21 ay müddətində 320 manat əmək haqqı ilə işləyəndən sonra yalnız xx.xx.2020-ci il tarixdən etibarən bu məsələni müvafiq qaydada dövlət orqanlarına şikayətlər ünvanlamaqla mübahisələndirmişdir. Bütün bunlardan sonra iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Bundan başqa, iddiaçı 22 ay 320,00 manat əmək haqqı almış, bununla bağlı narazılığını rəsmi olaraq nə ASC-yə, nə də səlahiyyətli dövlət orqanlarına bildirməmişdir. Əmək Məcəlləsində pul və digər tələblərlə bağlı iddia tələbi üçün nəzərdə tutulmuş 1 il prosessual müddəti imperativ haldır. İddiaçı hüquqlarının pozulduğunu ən yaxşı halda xx.xx.2019-cu il tarixdə əmək haqqının kart hesabına köçürülməsi ilə müəyyən etmiş olmalı idi. Əmək Məcəlləsinin 296.4-cü maddəsi nəzərə alınsa, iddia tələbi üçün müddət xx.xx.2020-ci il tarixdə başa çatmışdır. f) apellyasiya şikayəti barədə məlumat
10. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
11. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh ASC arasında yazılı qaydada bağlanmış “Əmək müqaviləsinə” dəyişiklik müqavilə tərələrin razılığı əsasında və yazılı qaydada ola bilər. Lakin iddiaçı belə bir dəyişikliyə razılıq verməmişdir. Onun susmasının razılıq kimi qəbul edilməsi yolverilməzdir. İddiaçı hüququnun pozulduğundan əmin olduqdan dərhal sonra şikayət etmişdir. g) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
12. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
13. Cavabdeh ASC-nin nümayəndəsi X4 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı ilə ASC arasında bağlanmış “Əmək müqaviləsinə” yazılı surətdə və tərəflərin razılaşması əsasında dəyişiklik edilmiş və iddiaçının əmək haqqısı 600 manatdan 320 manata azaldılmışdır. Lakin müqavilənin şərtinin dəyişilməsi ilə bağlı tərəflərin imzaladıqları həmin "xxxx" hazırda ASC-də yoxdur. Buna görə də həmin "xxxx" Məhkəməyə təqdim edilməsi mümkün deyil.
14. Cavabdeh ASC-nin nümayəndəsinin bu kimi izahatını nəzərə alan Məhkəmə ASC-nin nümayəndəsinə tapşırıq vermişdir ki, ASC ilə iddiaçı arasında bağlanmış "xxxx" və ya həmin "xxxx" hansı səbəbdən hazırda ASC-də olmaması barədə ASC-nin rəsmi arayışı (yazılı izahatı) Məhkəməyə təqdim edilsin.
15. Lakin cavabdeh ASC-nin nümayəndəsi F.Hüseynli apellyasiya baxışının növbəti iclasına gəlməmişdir.
16. Apellyasiya baxışının növbəti iclasına cavabdeh ASC-nin digər nümayəndəsi X6 gəlmişdir. O, əvvəlki iclasda iştirak etmiş nümayəndənin Məhkəməyə verdiyi izahatı təsdiqləyərək izahata əlavəsinin olmadığını və Məhkəmənin əvvəlki nümayəndəyə verdiyi tapşırıqdan xəbərsiz olduğunu bildirdi.
17. İş üzrə üçüncü şəxs olan X5 Xidməti apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə Məhkəmə tərəfindən xəbərdar edilsə də, iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Həmin Xidmətin nümayəndəsinin apellyasiya baxışı iclasında gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Xidmətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) işdə olan sənədlər barədə məlumat
18. İddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 37 №-li "xxxx" görünür ki, iddiaçı, ASC-nin "xxxx" filialına aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının aylı əmək haqqısının məbləği müvafiq vergi məbləği və digər məcburi ödəniş məbləğləri daxil olmaqla 600 manat müəyyən edilmişdir.
19. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, xxxxxxx000301 №-li əmək müqaviləsi bildirişindən görünür ki, işçi olan iddiaçının aylıq əmək haqqısının məbləği 320 manat müəyyən edilmişdir. Əvvəlki əmək haqqı 600 manat məbləğində olmuşdur.
20. İddiaçının “Elektron ünvan 1” və “Elektron ünvan 2” elektron poçt ünvanlarına xx.xx.2020-ci il tarixdə elektron məktublar göndərərək cavabdeh ASC tərəfindən onun əmək haqqısının birtərəfli qaydada azaldılmasından şikayətlənmişdir.
21. Cavabdeh ASC üzrə xx.xx.2021-ci il tarixdə verilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” AS-K-21/09 saylı əmrdən görünür ki, "xxxx" filialının aparıcı sığorta əməliyyatçısı vəzifəsində işləyən iddiaçı ilə xx.xx.2017-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72ci maddəsinin “a” bəndində sadalanan hal) xx.xx.2021-ci il tarixdə xitam verilməsi, həmçinin, yekun hesablaşma aparılaraq, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə olan iş ili üçün 19 əsas məzuniyyət günlərinin haqqının ödənilməsi barədə əmr verilmiş və əmrin əsasının AS-K-20/236 saylı əmrə əsasən "xxxx" filialında aparılmış yoxlamanın nəticələri barədə xx.xx.2021-ci il tarixli aktın olması göstərilmişdir.
22. İddiaçının “Elektron ünvan 3”, “Elektron ünvan 1”, “office@meclis. gov.az”, “Elektron ünvan 2”, “Elektron ünvan 4”, “apparat@ ombudsman.gov.az” elektron poçt ünvanlarına xx.xx.2021-ci il tarixdə, “n.recebov@ prosecutor.gov.az”, “Elektron ünvan 5” elektron poçt ünvanlarına isə xx.xx.2021-ci il tarixdə elektron məktublar göndərərək cavabdeh ASC-nin onu işdən azad etməsindən şikayətlənmişdir.
23. İşdə olan sənədlərdən həmçinin görünür ki, işdən azad olunduqdan sonra, hazırki iş üzrə iddiaçı hazırki iş üzrə cavabdeh ASC-yə qarşı "xxxx" iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.
24. X5 Xidmətinin Bakı Şəhər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********6 saylı cavab məktubundan görünür ki, İdarənin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının iddiasına əsasən Nəsimi Rayon Məhkəməsində mülki işə baxılır. Bu səbəbdən də, Xidmət, iddiaçının şikayətlərində göstərilənlərin araşdırlması ilə bağlı fəaliyyət göstərə bilmir.
25. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2283/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçının cavabdeh ASC-yə qarşı "xxxx" iddiasının təmin edilməsi, cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının cavabdeh ASC-nin "xxxx" filialına aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə xərclərinin cavabdeh ASC-yə aid edilməsi qət edilmişdir.
26. Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardaddan (İş № 8(006)-20/2022) görünür ki, həmin qərardadla borclu (cavabdeh) ASCnin “Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə” ərizəsinə aşağıdakı qaydada izah verilmişdir: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə iddiaçının işdən çıxarıldığı vaxtdan bərpa olunduğu vaxtadək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı (işdən azad olunanadək aldığı əmək haqqı miqdarında) cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməli və qətnamənin icrası ilə bağlı icra hərəkətləri davam etdirilməlidir.
27. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından (İş № 8(103)-141/2022) görünür ki, həmin qərardadla Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə borclu (cavabdeh) ASC-nin ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
28. ASC üzrə verilmiş “xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixli əmr ləğv edilir, iddiaçı əvvəlki işinə bərpa edilir və ona xx.xx.2021-ci il tarixdən etibarən 4 ay 7 gün müddətinə 600 AZN əmək haqqı ödənilir.
29. İddiaçının “Elektron ünvan 1”, “Elektron ünvan 6”, “Elektron ünvan 7”, “Elektron ünvan 8”, “Elektron ünvan 4” elektron poçt ünvanlarına xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə, “Elektron ünvan 8”, “Elektron ünvan 4” elektron poçt ünvanlarına xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə elektron məktublar göndərərək cavabdeh ASC-nin ona qarşı etdiyi qanunsuzluqlardan şikayətlənmişdir.
30. X5 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, iş üzrə məhkəmə qətnaməsi olduğundan, iddiaçı, qətnamənin icrası ilə bağlı müvafiq icra qurumuna müraciət etməlidir. Əgər məhkəmə qətnaməsi cavabdeh ASC tərəfindən icra edilmirsə, onda iddiaçı bununla bağlı məhkəməyə müraciət etməlidir.
31. ASC üzrə xx.xx.2022-ci il tarixdə verilmiş AS-K-22/14 saylı əmrdən görünür ki, ASC-nin “Əcəmi” filialının aparıcı sığorta əməliyyatçısı olan iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
32. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/9-00015 №-li arayışından görünür ki, iddiaçı, hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etməzdən əvvəl Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, bu zaman o, 50 manat məbləğində rüsum ödəmiş, lakin cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
33. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2017-ci il tarixdə 37 №-li əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh ASC-nin "xxxx" filialının “aparıcı sığorta əməliyyatçısı” vəzifəsinə işə qəbul edilmiş və iddiaçıya 600 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixli xxxxxxx000301 №-li əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının aylıq əmək haqqının məbləği 320 manat müəyyən edilmişdir.
34. Cavabdeh ASC bildirir ki, əmək haqqının məbləğinin azaldılması ilə bağlı onunla iddiaçı arasında "xxxx" yazılı qaydada müqavilə bağlanmışdır.
35. İddiaçı isə bildirir ki, onunla cavabdeh ASC arasında "xxxx" müqavilə ("xxxx") bağlanmamış, o, əmək haqqının məbləğinin azaldılması ilə bağlı ümumiyyətlə nə yazılı, nə də ki, şifahi razılıq verməmişdir.
36. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz (maddə 43.; bənd 4.). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər (maddə 46.; bənd 6.). Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir (maddə 82.).
38. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Qeyd edilən maddi və prosessual maddi hüquq normalarının tələblərindən görünür ki, hazırki iş üzrə sübutetmə yükünü daşıyan cavabdeh ASC sübut etməlidir ki, o, onunla iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə” dəyişiklik barədə iddiaçı ilə razılığa gəlmiş və iddiaçı ilə "xxxx" müqavilə bağlanmışdır. Lakin ASC, "xxxx" müqaviləni məhkəmələrə təqdim etməmişdir, baxmayaraq ki, Məhkəmə tərəfindən cavabdeh ASC-nin nümayəndəsinə tapşırıq vermişdir ki, ASC ilə iddiaçı arasında bağlanmış "xxxx" və ya həmin "xxxx" hansı səbəbdən hazırda ASC-də olmaması barədə ASC-nin rəsmi arayışı (yazılı izahatı) Məhkəməyə təqdim edilsin.
40. Qeyd edilənlərə əsasən hesab edilməlidir ki, iddiaçının əmək haqqısının dəyişdirilməsi ilə ASC ilə iddiaçı arasında "xxxx" müqavilə bağlanmamışdır.
41. Cavabdeh ASC-nin başqa mövqeyi ondan ibarətdir ki, iddia əsassızdır, çünki əmək haqqının məbləğinin azaldılması barədə iddiaçı narazılığını bildirməmişdir.
42. Məhkəmə cavabdehin bu dəlilini də, əsassız hesab edir. Belə ki, işçinin susmağı ilə onun əmək haqqısının məbləğinin azaldılması Əmək Məcəlləsində nəzərdə tutulmamışdır.
43. Beləliklə də, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, iddia tələbi əsaslıdır; Rayon Məhkəməsi bu tələbi əsassız hesab etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
44. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
45. Məhkəmə, iddia tələbini əsaslı hesab etsə də belə nəticəyə gəlir ki, iddia təmin edilə bilməz.
46. Belə ki, işə Rayon Məhkəməsində baxılan zaman cavabdeh ASC iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
47. Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 296-ci maddəsinin tələbinin mənasına görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
48. Nəzərə alınsa ki, iddiaçı, qanunsuz olaraq azaldılmış əmək haqqını 2019-cu ilin mart ayının sonunda, aprel ayının əvvəlində almış və bununla da, hüququnun pozulduğunu həmin vaxtdan aşkar etməsinə baxmayaraq o, 1 illik müddəti ötürməklə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir.
49. İddiaçı, iddia müddətinin onun tərəfindən üzrlü səbəbdən ötürülməsi barədə mövqeyini yuxarıda qeyd edilənlər ilə əsaslandırır (bax: bu qətnamənin 4-cü bəndinə).
50. Məhkəmə, iddiaçının dəlillərinə qiymət verərək bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin tələbinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
51. Həmin maddənin göstərişinə əsasən, “yaxın qohum” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir.
52. İddiaçının ilk olaraq mübahisənin məhkəmədən kənar həll edilməsi üçün cavabdeh ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış və həm də komanda rəhbəri olmuş (hazırda vəfat etmiş) Qoşqar Həsənova müraciət etməsi iddia müddətinin axımının dayandırılmasına səbəb olmamış və həmin hallar üzrlü hesab edilə bilməz.
53. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh ASC-yə qarşı irəli sürdüyü hazırki iddia, iddia müddətinin üzürlü səbəb olmadan ötürülməsi əsası ilə təmin edilməməlidir.
54. Məhkəmə həmçinin qeyd edir ki, iddianın yuxarıda qeyd edilən hissəsi təmin edilmədiyindən iddiaçının “əmək haqqının ödənilməsinin gecikdirilmiş hər gün üçün 1 %-i məbləğində ödəncin tutulması barədə” tələbi də, təmin edilə bilməz.
55. Bundan başqa Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçının mediasiya təşkilatına və iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüququ yardıma görə çəkdiyi xərclər onun özünə aid edilməlidir. j) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Beləliklə, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul və sair tələbi barədə” iddiası təmin edilməsin. İddiaçı mediasiya təşkilatına və iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüququ yardıma görə çəkdiyi xərclər onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.