Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9703/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Fövzü qızının Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli 2(009)-3992/2017 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Fövzü qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 21.02.2013-cü il təvəllüdlü X2 görə hər ay 300 manat sabit pul məbləğində aliment və axırıncı üç il müddətinə ödənilməmiş alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, birgə nikahdan 21.02.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə nikahları 2017-ci ildə pozulmuşdur. Cavabdehin qeydiyyatda olduğu və yaşadığı yer Rusiya Federasiyasının Ulyanovsk şəhəridir, bizneslə məşğul olur və yüksək gəliri var. Uşağın sağlamlığının qayğısına qalmaq və zəruri xərcləri ödəmək üçün vəsait tələb olunur, lakin Cavabdeh 2013-cü ildə uşaq doğulduğundan sonra bu günədək öz övladı ilə maraqlanmamış, köməklik göstərməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli 2(009)- 3992/2017 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Cavabdeh 21.02.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutulması və iddiaçı (anası) İddiaçı Fövzü qızına verilməsi, alimentin tutulmasının əvvəlinin 07.08.2017-ci il tarixdən hesablanması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və apelyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçı ilə ailə qurduqdan sonra iki ay ərzində Rusiya Federasiyasında yaşamış, sonra isə Azərbaycan Respublikasına köçmüşdür. Uşağın doğulması barəsində yalnız 2017-ci ildə birgə nikahın pozulması zamanı məlumatı olmuşdur. Məhkəmə prosesindən məlumatı olmamış, öz qardaşına onun adından məhkəmə prosesi zamanı çıxış etməyə heç bir səlahiyyət verməmişdir. Cavabdeh ərizə ünvanlayaraq, qeyd etmişdir ki, hazırda Rusiya Federasiyasında yaşadığı üçün üzrlü səbəblərdən məhkəmə prosesində iştirak etmək imkanı xaricindədir Şikayətin təmin edilməsini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahlarından 21.02.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında olan nikah 29.06.2017-ci il tarixdə pozulmuşdur. İddiaçı 21.02.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb etmişdir. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayanlar üçün 2017-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alaraq 136,6 manat sabit pul məbləğində aliment müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi hallar iddia tələbinin rədd edilməsinə əsas verməməklə, onun uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən X3 etibarnamə verilmiş, sonuncu da məhkəməyə ünvanlandığı ərizədə cavabdehin hər ay 70 manatdan artıq aliment ödəməyə imkanı olmadığını göstərmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3992/2017 saylı iş üzrə 13 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9703/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9703/2021
25.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver