Məhkəmə qərarları › İş №2(103)-9707/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9707/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9707/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Azər Həsənovun iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində zərərin əvəzi kimi 35.000 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 2.367 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə daşınmaz əmlakın icbarı sığortası ilə bağlıdır. “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsinə görə daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. İddiaçıya məxsus olan, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev № 4-də yerləşən 81 №-li mənzil cavabdeh tərəfindən 25.000 manat sığorta məbləği həddində icbari qaydada sığortalanıb. Daşınmaz əmlakın hansı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisinin sığorta hadisəsi hesab olunması “İcbari sığortalar haqqında” Qanunun 36.1-ci maddəsində müəyyən olunub. 36.1.5-ci maddəyə görə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma bu hallara aiddir. İddiaçının mənzilinə binanın damından daxil olan su nəticəsində subasma baş verib. İddiaçı bildirir ki, bilinməyən şirkət tərəfindən binanın dam örtüyü sökülüb və bu vəziyyətdə yenidən təmirə saxlanılıb. Həmin dövrdə - 23.08.2020-ci il tarixdə, gecə saat 2-dən sonra güclü yağış yağmağa başlamış, mənzili su basmış, nəticədə isə otaqların divar kağızı və tavan şişərək qabar vermiş, elektrik şəbəkəsi yararsız vəziyyətə düşmüşdür. Lakin cavabdeh iddiaçıya sığorta ödənişi verməkdən imtina edib, ona görə də iddiaçı məhkəməyə müraciət edib. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə subasma nəticəsində vurulmuş zərərin məbləğinin 2.367 manat olduğu müəyyən edilib. Birinci instansiya həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsini qət edib. Bu nəticə “İcbarı sığortalar haqqında” Qanunun 41-ci maddəsinin göstərişinə uyğundur, lakin məbləğ müəyyən edilərkən şərtsiz azadolma məbləği nəzərə alınmayıb. “İcbarı sığortalar haqqında” Qanunun 39.3-cü maddəsində yaşayış evləri və mənzillərin icbari sığortası üzrə şərtsiz azadolma məbləği müəyyən edilib. 39.3.1-ci maddəyə görə Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə azadolma məbləği 250 manat təşkil edir. Eyni məbləğ iddiaçıya verilmiş, daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsində də qeyd olunub. Ona görə də qətnamə dəyişdirilməli, 2.367 manatdan 250 manat çıxılmalı, iddiaçıya verilməli olan sığorta ödənişinin məbləği 2.117 manat müəyyən edilməlidir. Beləliklə, qətnamə sığorta ödənişinin məbləğinə aid hissədə dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli qətnaməsi tutulmalı olan pulun məbləğinə aid olan hissədə dəyişdirilsin, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı2 xeyrinə tutulmalı olan pulun məbləği 2.117 (iki min yüz on yeddi) manat müəyyən olunsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar