Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-971/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, tərcüməçi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən qanunvericiliyə uyğun olaraq tam məbləğdə son haqqhesab və iki aylıq işdənçıxma müavinətinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş №2(006)-597/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17.02.2017-ci il tarixdən 21.11.2019-cu il tarixinə qədər "xxxx" MMC-də Mehmanxana meneceri vəzifəsində çalışmışdır. 13.11.2019-cu il tarixdə işəgötürən müəssisənin bağlanması haqqında telefonla zəng vurub şifahi şəkildə xəbərdarlıq etmiş və onunla bağlanmış əmək müqaviləsinə 21.11.2019-cu il tarixdə bir tərəfli qaydada xitam vermişdir. İşəgötürən bununla onun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmənin ekspert rəyini əsas götürməklə iddianı əsassız sayması və rədd etməsi ilə razı deyil. Belə ki, cavabdeh ona işdənçıxarma müavinəti ödəməmişdir və onun ən azından gecikmiş ödənişlər üçün faiz almaq hüququ vardır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. O, əlavə olaraq göstərdi ki, apardığı hesablamalara əsasən hazırda cavabdehin ona ödəməli olduğu məbləğ 841 manatdır və bu məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı 17.02.2018-ci il tarixdə Cavabdeh2 MMC-də menecer vəzifəsinə işə qəbul edilmiş, 21.11.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv edilməsi) tutduğu vəzifədən azad olunmuşdur. İşin mübahisələndirilən halları işdən azad olunarkən işçiyə işdən azad olunma ilə bağlı son haqq-hesabın düzgün həyata keçirilib-keçirilməməsidir. İddiaçının konkret tələbi cavabdehdən qanunvericiliyə uyğun olaraq tam məbləğdə son haqq-hesab və iki aylıq işdənçıxma müavinətinin tutulması barədədir. Birinci instansiya məhkəməsi bu halların araşdırılması üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və 16.04.2021-ci il tarixli, 9/1502 saylı ekspert rəyinə əsasən müəyyən etmişdir ki, iş materiallarında olan sənədlər nəzərə alınmaqla Cavabdeh2 MMC tərəfindən İddiaçı 10.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərkən ona işdənçıxarma müavinəti və son haqq-hesab ödənişlərinin məbləği DSMF və İSH üzrə tutulmalar nəzərə alınmaqla 973,35 manat məbləğində müəyyən edilir (o cümlədən: 625,82 son haqq-hesab məbləği - 446,08 manat hesablanmış əmək haqqı - 98,55 manat DSMF və İSH üzrə cəmi tutulmalar). Həmçinin 01.01.2019-07.09.2020-ci il üzrə şəxsi hesab çıxarışına əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı son haqq-hesab kimi hesablanmış 973,95 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq iddianın əsassız olduğu qənaətinə gəlmiş və göstərmişdir ki, İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilərkən ödənilmiş son haqq-hesabın düzgün hesablanmadığına, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işdənçıxma müavinəti və digər ödəmələrin düzgün həyata keçirilmədiyinə istinad etsə də, işdə olan sübutlara əsasən Cavabdeh2 MMC tərəfindən İddiaçı son haqqhesab kimi ödənilmiş pul vəsaitinin ekspert rəyində göstərilən məbləğlə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 77, 83, 172-ci MPM-nin 14.2, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçının tələbinin əsası kimi istinad olunan hallar sübuta yetirilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-971/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-971/2022
02.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver