Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9717/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh X2 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X3, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlanma müqaviləsinin, reyestr qeydinin və çıxarışın ləğvi və vərəsəlik hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(008)-4258/2021 saylı mülki işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X3, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əlibala Məmmədovla mərhum anası X1 arasında ünvan 1 ünvanında yerləşən 132a saylı bağ evinə dair 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində 20 avqust 2020-ci il tarixdə, 4Ə-1173 reyestr nömrəsi ilə bağlanılmış bağışlanma müqaviləsinin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi, həmin evə dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2 nümayəndəsi-vəkili vəsatət verərək, mülki işin baxılması üçün Cavabdeh1 qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(008)- 4258/2021 saylı qərardadı ilə (qərardadda yol verilmiş yalnışlığın düzəldilməsi barədə məhkəmənin 27.07.2021-ci il tarixli qərardadı nəzərə alınmaqla) vəsatət rədd edilmişdir. Hazırda həmin qərardaddan cavabdehin nümayəndəsi-vəkili şikayət verərək, qərardadın ləğv edilməsi və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27.07.2021-ci il tarixli 2(008)-4258/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia predmeti ünvan 1 ünvanında yerləşən 132a saylı bağ evinə dair Mülki Prosessual Məcəlləsinin 39.1. maddəsinin tətbiq dairəsinə düşən hüquqi münasibətlər olduğundan iddia tələbinə mübahisə obyektinin yerləşdiyi yer üzrə Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. İddiaçı daşınmaz əşya ilə bağlı bağışlama müqaviləsi və reyestr xidmətində aparılmış qeydin ləğv edilməsini, həmin daşınmaz əşya üzərində vərəsəlik hüququnun tanınmasını tələb etdiyindən məhkəmə haqlı olaraq müstəsna aidiyyət qaydalarına uyğun hesab edərək vəsatətin rədd edilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(008)- 4258/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9717/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9717/2021
27.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver