Məhkəmə qərarları › İş №2(103)-973/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-973/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-973/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan AZ-İİ seriyalı 373257 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X10 30 mart 2020-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 135 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir.

2. İş materiallarında olan AZ-İV seriyalı, 738684 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 07 may 2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

3. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 26 sentyabr 2020-ci il tarixdə anadan olmuşdur. - AZ-İV seriyalı, 492982 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 26 sentyabr 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

4. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək bildirişindən görünür ki, "xxxx" ASC-də bölmə rəhbəri vəzifəsində işləyən Cavabdeh aylıq əmək haqqı 2500 manatdır.

5. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2516/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, 18 fevral 2010-cu il təvəllüdlü X7 və 05 iyun 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019- cu il tarixdən başlayaraq Məmmədova (Feyziyeva) Günay Seyfulla qızının xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə Məmmədova (Feyziyeva) Günay Seyfulla qızı arasında 18 aprel 2009-cu ii tarixdə Bakı nikah evində bağlanmış 774 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 18 fevral 2010-cu il təvəllüdlü X7 və 05 iyun 2015-ci il təvəllüdlü X9 anası Məmmədova (Feyziyeva) Günay Seyfulla qızının yanında qalmaları qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. Kreditor İddiaçı borclu Cavabdeh qarşı “aliment” tələbinə dair ərizə ilə məhkəməyə müraciə edərək, borclu Cavabdeh onun xeyrinə uşağı X4 və X8 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulmasına dair əmr verilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, o, borclu Cavabdeh ilə xx.xx.2020-ci ildə qanuni nikaha daxil olmuşdur. Birgə nikah həyatından onların xx.xx.2020 təvəllüdlü X6 və xx.xx.2022 təvəllüdlü X11 adlı iki uşaqları olmuşdur. Yaşadıqları müddətdə onun borclu ilə münasibətləri yaxşı olmuş, sonradan borclunun ona qarşı münasibəti dəyişmiş və onlar ayrılmışlar, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Onlar artıq uzun müddətdir ki, ayrıayrı ünvanlarda yaşayırlar. Borclu hal-hazırda Access Bankda filial müdiri vəzifəsində işləyir, son altı ayın ortalaması ilə 2404 azn əmək haqqısı vardır. Lakin borclu uzun müddətdir kı, öz uşağına maddi yardım göstərmir. Ona gorə də, o, məcburiyyət qarşısında qalaraq aliment tələbi barədə məhkəməyə müraciət etmək qərarını almışdır.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə əmri ilə xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması əmr edilmişdir.

9. Borclu Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə əmrindən etirazla məhkəməyə müraciət etmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə etiraz təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı xx.xx.2022-ci il tarixli əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın təmin edilməsi, 23 may 2022-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutulub, İddiaçı verilməsi, məhkəmə xərcləri Cavabdeh aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan 70 manat məbləğində dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə keçirilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.2, 78.1 və 78.2ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, İddiaçı ilə birgə nikah münasibətimizdən doğulmuş 26 sentyabr 2020-ci il təvəllüdlü X4 və 07 may 2022-ci il təvəllüdlü X1 üçün ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarının hər ay qazancının (başqa gəlirlərimin) məhz ¼ (dörddə bir) hissədə müəyyən olunmasına dair qətnaməni qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Feyziyeva (Məmmədova) Günay Seyfulla qızı ilə arasında 18 aprel 2009-cu il tarixdə bağlanmış nikahın pozulmuş, birgə nikah münasibətlərindən doğulmuş 18 fevral 2010-cu il təvəllüdlü X12 və 05 iyun 2015-ci il təvəllüdlü X9 anasının yanında qalması müəyyən olunmuş və uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün 27 iyun 2019-cu il tarixdən başlayaraq ondan hər ay qazancımın (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarda alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Bundan sonra İddiaçı ilə rəsmi nikaha daxil olmuş və iddiaçı ilə birgə ailə münasibətləridən 26 sentyabr 2020-ci il tarixdə X6 və 07 may 2022-ci il tarixdə X11 doğulmuşlar. Hazırkı iddia tam təmin ediləcəyi təqdirdə əmək haqqından artıq faktiki olaraq 2\3 hissəsi tutulacaqdır. Bu hallar isə maddi vəziyyətinə ciddi mənfi təsir göstərəcəkdir. Yasamal Rayon Məhkəməsinə də Feyziyeva (Məmmədova) Günay Seyfulla qızına qarşı da iddia ərizəsi ilə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)- 2516\2019 nömrəli 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə 18 fevral 2010-cu il təvəllüdlü X12 və 05 iyun 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Feyziyeva (Məmmədova) Günay Seyfulla qızının xeyrinə hər ay tutulan alimentin miqdarının 1\4 (dörddə bir) hissəsi miqdarına azaldılmasına dair qətnamənin qəbul olunmasını xahiş etmişdir. Həmin iddia üzrə mülki icraat Yasamal Rayon Məhkəməsində e-2(004)-5629\2022 nömrə ilə qeydə alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsində e-2(004)-5629\2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsini təqdim edərək apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“Uşaq Hüquqları haqqında” Konvensiyasının

10. Maddə 3 sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

11. Maddə 13 uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

12. Maddə 19 valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

13. Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar;

14. Maddə 75.4 valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

15. Maddə 76.1.2 aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur;

16. Maddə 78.1 və 78.2 valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. Həmin Qərarın 8.8-ci bəndinə əsasən aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununlada onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallalarında da görünür ki, cavabdehin keçmiş həyat yoldaşı, hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 ilə birgə nikahlarından 18 fevral 2010-cu il təvəllüdlü X12 və 05 iyun 2015-ci il təvəllüdlü X16 adlı övladları olmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2516/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikahları pozulmuş və 18 fevral 2010-cu il təvəllüdlü X7 və 05 iyun 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Məmmədova (Feyziyeva) Günay Seyfulla qızının xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulmuşdur. Cavabdeh tərəf isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsaslanaraq, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2516/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin azaldılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edildiyini bildirərək, alimentin Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir.

26. Kollegiya hesab edir ki, cavabdeh apellyasiya şikayətinin hazırkı dəlili yeni iddia tələbinin əsasını təşkil edir ki, bu halda cavabdeh alimetin azaldılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

27. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qanuniliyi və əsaslılığı işdə olan sübutlar əsasında mahiyyəti üzrə yoxlanılır. Lakin cavabdehin apellyasiya şikayətində istnad etdiyi və apellyasiya icraatı zamanı təqdi etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində e-2(004)-5629\2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi hazırda mübahisələndirilən qətnamədən sonra qəbul edilmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı 14 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar