Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9738/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3cavabdeh "xxxx" KB ASC-yə qarşı “ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(006)-3286/2021 saylı mülki işlə bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" KB ASC ilə “X6” MMC arasında 19.05.2010-cu il tarixli, 05UM/10 saylı əsas kredit müqaviləsinə əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə Bank ilə İddiaçı3 Mehbah oğlu arasında olan 18.01.2016-cı il tarixli, 05UMİ/10 saylı ipoteka müqaviləsinin, İddiaçı1 arasında olan 13.01.2011-ci il tarixli, 05UMZ/10 saylı, İddiaçı2 və iddaçı X3 arasında olan 24.12.2012-ci il tarixli, 05UMZ/10-2 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı3 mülkiyyətində olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 1, 2 ünvanında yerləşən, 119.2 kv.m sahədən ibarət olan qeyriyaşayış sahəsinin, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 21, 22 ünvanında yerləşən, 120.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 23, 24, 25 ünvanında yerləşən, 77.3 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 19, 20 ünvanında yerləşən, 105.8 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin və Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 11, 12 ünvanında yerləşən, 70.2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, cavabdeh "xxxx" KB ASC ilə “X6” MMC arasında 19.05.2010-cu il tarixli, 05UM/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.11.2015-ci il tarixli, 176UB/15 saylı əlavəkredit müqaviləsinə əsasən, MMC-yə 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 500 000 (beş yüz min) AZN məbləğində kredit verilmişdir. Cavabdeh Bank ilə iddiaçı X2 arasında 18.01.2016-cı il tarixli, 05UMİ/10 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, İddiaçı3 mülkiyyətində olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 1, 2 ünvanında yerləşən, 119.2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 21, 22 ünvanında yerləşən, 120.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 23, 24, 25 ünvanında yerləşən, 77.3 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 19, 20 ünvanında yerləşən, 105.8 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi və Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 11, 12 ünvanında yerləşən 70.2 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi əsas kredit müqaviləsi üzrə “X6” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh Bank ilə İddiaçı1 arasında 13.01.2011-ci il tarixli, 05UMZ/10 saylı, İddiaçı2 və iddaçı X3 arasında 24.12.2012- ci il tarixli, 05UMZ/10-2 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən, əsas kredit üzrə “X6” MMC-nin öhdəliklərininin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini iddiaçılar öz üzərinə götürmüşdür. Cavabdeh bank ilə “X6” MMC arasında bağlanmış 20.11.2015-ci il tarixli, 176UB/15 saylı əlavə kredit müqaviləsi zaminlər və ipoteka qoyana heç bir məlumat verilmədən və onlarla razılaşdırılmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişilik edilmədən bağlanmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, əsas kredit razılaşması və sonradan bağlanmış kreditxətti müqavilələri zamin və ipoteka qoyanın hüquqlarını kobud şəkildə pozmaqlabağlanmışdır. Tərəflərindən mübahisələndirilən hər üç müqavilədən göründüyü kimi, həmin müqavilələr 05UM/10 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi bağlanmışdır. Lakin burada Bank tərəfindən kobud pozuntulara yol verilərək, zaminlər və ipoteka qoyanların hansı öhdəliyə görə zamin durduqları və ipoteka qoyulmasını müəyyənləşdirmək mümkün olmur. Bu səbəbdən onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, qərar maddi və prosessual hüquq normalarının kobud pozuntusu ilə çıxarılmış və sübutların tədqiqi düzgün aparılmamışdır. Məhkəmə iddiaçıların ifadəsini almaq üçün zəruri addımları atmamışdır, işin faktiki halları tam araşdırılmamış, iş üzrə qərar konstitusion prinsip olan çəkişmə prinsipinin pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən həmin iş üzrə iddiaçıların iştirakını təmin etməmiş, onların sübutlarını nəzərə almamış və nəticədə maddi və prosessesual hüquq normalarının kobud pozuntusu ilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, iddiaçıların hazırkı iddia tələbini qaldırmaqda məqsədi kredit borcunun icrasından yayınmaqdır. Belə ki, İddiaçı2 adından bundan əvvəl həmin zaminlik müqaviləsinin etibarsız edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş, lakin iddia təmin edilməmişdir. Həmin mübahisəyə baxan Ali Məhkəmənin 23.02.2021-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin edilməmişdir. Bundan sona iddiaçılar həmin müqavilənin ləğvi barədə hazırkı iddia tələbini qaldırmışlar. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 324.2, 389.1, 324.4, 337.1, 359.1-cu maddələrini və Azərbaycan Respublikası MPP-nin 14.2, 77.1, 217.4-cü maddələrini tətbiq etməklə iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 397.1-ci maddəsinə müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki qanunvericiliyə əsasən müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsində haqlı olaraq göstərmişdir ki, iddiaçılar öz iddia tələbinin faktiki əsası kimi istinad etdikləri ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi ilə bağlı halları sübut edə bilməmiş, bu barədə mötəbər sübutlar təqdim etməmişlər. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rəddedə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı3nın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(006)-3286/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9738/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9738/2021
23.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver