Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-977/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 822/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin dəyişdirilərək, 1 uşağın – xx.xx.2008-ci il təvəllüdlü Fidanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay bütün gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə xx.xx.2008-ci il təvəllüdlü Fidan üçün hər ay 300 manat sabit pul məbləğində müəyyən olunmuş alimentin ödənilməsi cavabdeh tərəfindən hər dəfə müxtəlif bəhanələr və gecikmələrlə icra edilir. b) iddia tələbinə qarşı etiraz barədə məlumat
3. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə müəyyən edilən aliment cavabdeh tərəfindən mütəmadi olaraq ödənilir. Alimentin dəyişdirilməsi üçün əsas yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 822/2020 saylı qətnaməsi ilə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsini, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsində alimentin tutularaq iddiaçıya ödənilməsini, ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasını qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən hər ay 300 manat sabit pul məbləğində aliment məbləği hazırki halda uşağın mənafeyinə uyğun olmadığından, iddiaçı sabit pul məbləğində müəyyənləşdirilmiş alimentin cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsində dəyişdirilməsini tələb etdiyindən iddia təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, cavabdehin aylıq qazancının 1/4 hissəsi 300 manatdan az məbləği təşkil edir ki, bu halda alimentin dəyişdirilməsi uşağın mənafeyinə uyğun deyil. Lakin Rayon Məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməmiş, iddiaçının şifahi mülahizəsinə əsasən işə birtərəfli baxaraq qərəzli və qanunazidd qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
8. İşə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
9. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
10. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2003-cü il təvəllüdlü Leylinin və xx.xx.2008-ci il təvəllüdlü Fidanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
13. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamədən (iş № 2(103)-822/2020) görünür ki, həmin qətnamə ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin alimentin məbləğinin müəyyən edilməsi hissəsinin dəyişdirilməsi, 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa görə 300 manat, cəmi isə 600 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından (iş № 2(102)-4099/2020) görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. İşdə olan sənədlərdən bəlli olur ki, yuxarıda adları qeyd edilən uşaqlardan biri – xx.xx.2003-cü il təvəllüdlü Leyli artıq yetkinlik yaşına çatmış və onun üçün ödənilən alimentin ödənişi dayanmışdır. Hazırda cavabdeh 1 uşağa – xx.xx.2008-ci il təvəllüdlü Fidana görə iddiaçıya hər ay 300 manat sabit pul məbləğində aliment ödəyir.
16. İddiaçı həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin dəyişdirilməsini və hər ay cavabdehin bütün qazancının 1/4 hissəsi miqdarında müəyyən edilməsini xahiş edir.
17. İşə baxmış Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə təmin etmişdir.
18. İddia tələbi və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan cavabdeh bildirir ki, əvvəlki qətnamə ilə müəyyən edilən aliment onun tərəfindən mütəmadi olaraq ödənilir. Onun aylıq qazancının 1/4 hissəsi 300 manatdan az etdiyi üçün alimentin dəyişdirilməsi uşağın mənafeyinə uyğun deyil. Aliment dəyişdirilməməlidir.
19. AZEMİS “Elektron məhkəmə” informasiya sistemində cavabdehin gəlir məlumatlarından çıxarışdan müəyyən edilir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində biznes məsələləri üzrə məsləhətçi vəzifəsində işləyir və aylıq əmək haqqısı 1.130 manat təşkil edir.
20. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 204503/2024 saylı məktubuna əsasən müəyyən edilir ki, uçot baza məlumatlarına əsasən Cavabdeh tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği “0,0” manat təşkil etmişdir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1. və 76.1.1.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.).
22. Göründüyü kimi, qanunverici uşaqlar üçün valideynlərdən alimentin sabit pul məbləğində tutulmasının əsaslarını Ailə Məcəlləsinin 78.1-ci maddəsində təsbit etmişdir. Həmin əsaslardan biri də aliment ödəməyə borclu olan valideynin qazancının (gəlirinin) qeyri-müntəzəm olmasıdır. Aylıq qazancı müntəzəm olan valideyndən 1 uşağın saxlanmasına görə alimentin onun aylıq qazancının 1/4 hissəsi miqdarında tutulması qanunvericiliyin tələblərinə uyğundur.
23. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. İşin hallarından müəyyən olunur ki, cavabdehin əvvəllər qazancı (gəliri) qeyrimüntəzəm olduğu üçün ondan aliment sabit pul məbləğində tutulmuşdur. Alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən iddiaçının tələbi ilə alimentin dəyişdirilməsi və cavabdehin aylıq qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında müəyyən olunması üçün əsas yaratmışdır.
25. Məhkəmə hesab edir ki, alimentin belə formada dəyişdirilməsi cavabdehin indiyədək sabit məbləğdə müəyyən edilmiş alimenti müntəzəm olaraq vaxtı-vaxtında ödəyib-ödəməməsindən asılı deyil. Çünki qanunverici alimentin dəyişdirilməsini belə bir şərtdən asılı etməmişdir. Bununla bağlı cavabdehin dəlili əsassızdır.
26. Məhkəmə, cavabdehin alimentin aylıq qazancın 1/4 hissəsi miqdarında tutulmasının uşağın mənafeyinə uyğun olmaması ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, əvvəla cavabdeh daha az miqdarda aliment ödəməsinin onun hansı marağına toxunmasını izah edə bilməmişdir. Belə olan hal cavabdehin uşağın saxlanması üçün əlavə xərclərdə iştirakına maneçilik yaratmır. Digər tərəfdən uşağın saxlanmasında bilavasitə iştirak edən, bunun üçün maddi və digər çətinliklərinin nədən ibarət olmasına qərar verməkdə sərbəst olan iddiaçının cavabdehin stabil aylıq əmək haqqı almasını əsas tutaraq alimentin bu formada dəyişdirilməsini tələb etməyə haqqı çatır. Çünki bu dəyişiklik cavabdehin aylıq əmək haqqısının müəyyən hissəsi kimi alimentin hər ay vaxtında, gecikmədən və müntəzəm olaraq tutulmasına zəmin yaradacaqdır ki, iddiaçının belə tələb irəli sürməsi anlaşılandır. Həmçinin fərdi sahibkar olduğu müəyyən olunan cavabdehin əlavə gəlirləri, habelə gələcəkdə əmək haqqısına əlavə, əmək haqqı artımı olacağı təqdirdə, belə vəziyyətin yetkinlik yaşına çatmayan uşağın maddi təminatına müsbət təsir edəcəyi də istisna edilmir. Məhz bu və digər amilləri nəzərə almış qanunverici də müntəzəm aylıq qazancın olması halında alimentin valideynin aylıq qazancından (gəlirindən) tutulmasını daha məqsədəmüvafiq hesab etmişdir.
27. Belə olan halda, müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən cavabehdən tutulmalı olan alimentin dəyişdirilməsi və cavabdehin aylıq qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. g) apellyasiya baxışının nəticəsi
28. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-in 112.1 və 112.1.3-cü maddələrinin mənasına görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə həm əvvəlki qətnamə ilə 300 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının, həm də dəyişən alimentin miqdarının bir illik məcmusu nəzərə alındıqda, iddianın qiyməti hər bir halda 5.000 manatdan az hesab olunur.
32. Bundan başqa Məhkəmə bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkə qətnamədən kassasiya şikayəti verə bilməz.
33. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-nin 384, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.