Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9787/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli qətnaməsi (İş № 2(001)- 1492/2020) ilə ondan hazırkı iş üzrə cavabdehin xeyrinə yetkinlik yaşına çatmayan 1 uşağın – 05.08.2019-cu il təvəllüdlü Aylinin yetkinlik yaşına kimi saxlanması üçün onun qazancının 1/4 hissəsi məbləğində tutulmalı olan alimentin 22.04.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək olan hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan hazırkı iş üzrə cavabdehin xeyrinə yetkinlik yaşına çatmayan 1 uşağın yetkinlik yaşına kimi saxlanması üçün iddiaçının qazancının 1/4 hissəsi məbləğində aliment tutulmalıdır. Qətnamə qəbul edildikdən bir müddət sonra iş üzrə tərəflər barışmış və 22.04.2020-ci il tarixdən etibarən birlikdə yaşamış və iddiaçı ailənin xərcini özü çəkmişdir. 11.01.2021-ci il tarixdə isə iş üzrə tərəflərin münasibətləri yenidən pozulmuş və onlar bir daha ayrılmışlar. Qeyd edilən müddətdə uşaq iddiaçının himayəsində olduğundan iddiaçı hesab edir ki, həmin müddətə görə aliment borcu ləğv edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.07.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli qətnaməsi ilə tutulmalı olan alimentin 21.01.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək olan müddətdə iddiaçının aliment ödəməkdən azad edilməklə yığılmış borcun silinməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan hazırkı iş üzrə cavabdehin xeyrinə yetkinlik yaşına çatmayan 1 uşağın yetkinlik yaşına kimi saxlanması üçün iddiaçının qazancının 1/4 hissəsi məbləğində aliment tutulmalıdır. Qətnamə qəbul edildikdən bir müddət sonra iş üzrə tərəflər həqiqətən də barışmış və 22.04.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək birlikdə yaşamışlar. Lakin həmin müddətdə ailənin, o cümlədən uşağın xərcləri iddiaçı tərəfindən deyil, cavabdehin atası tərəfindən qarşılanmışdır. Bundan başqa, işə baxmış Rayon Məhkəməsi aliment borcunu 21.01.2020-ci il tarixdən başlayaraq silinməsini qət etsə də, iddiaçının özünün də bildirdiklərindən müəyyən edilir ki, 21.01.2020-ci il tarixdən 22.04.2020-ci il tarixədək iş üzrə tərəflər birgə yaşamamış, həmin müddətdə onların münasibətləri hələ bərpa olunmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Apelyasiya baxışı iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı apelyasiya baxışı iclasında iştirak edərək, apelyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli qətnaməsi (İş № 2(001)-1492/2020) ilə yetkinlik yaşına çatmayan 1 uşağın – 05.08.2019-cu il təvəllüdlü Aylinin yetkinlik yaşına kimi saxlanması üçün hazırki iş üzrə İddiaçı, onun qazancının və başqa gəlirinin 1/4 hissəsi məbləğində alimentin 21.01.2020-ci il tarixdən başlayaraq tutularaq hazırki iş üzrə Cavabdeh ödənilməsi və sair. qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.08.2020-ci il tarixli qətnaməsindən (İş № 2(103)-4923/2020) görünür ki, Binəqədi Rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İş üzrə tərəflərin bildirdiklərindən müəyyən edilir və onlar arasında mübahisə doğurmur ki, iş üzrə tərəflər bir müddət barışmış və 22.04.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək birlikdə yaşamışlar. İddiaçı bildirir ki, həmin müddətdə ailənin xərclərini o özü qarşılamışdır. Qeyd edilən müddətdə uşaq onun himayəsində olduğundan hesab edir ki, həmin müddətə görə aliment borcu ləğv edilməlidir. Bunu etiraz edən cavabdeh isə bildirir ki, qeyd edilən müddət ərzində onlar birlikdə yaşasalar da, ailənin, o cümlədən uşağın xərcləri iddiaçı tərəfindən deyil, onun (cavabdehin) atası tərəfindən qarşılanmışdır. Buna görə də iddia rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin Terminal-1 X2 Gömrük Postunda böyük inspektor vəzifəsində işləyir və onun aylıq gəliri 2.406,18 manat, illik gəliri isə 25.924,59 manat təşkil edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 107.1-ci maddəsinə görə, aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə görə, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələbindən işin hallarına, cavabdehin onunla iddiaçının 22.04.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək birlikdə yaşamışları barədə etirafına yanaşdıqda müəyyən edilir ki, qeyd edilən müddətə görə tutulmalı olan alimentin ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi üçün cavabdeh sübut etməlidir ki, həmin müddət ərzində uşağın xərclərinin iddiaçı tərəfindən deyil, (cavabdehin bildirdiyi kimi) cavabdehin atası tərəfindən qarşılanmışdır. Lakin cavabdeh bu halı təsdiq edə biləcək etibarlı və mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Onun tərəfindən Rayon Məhkəməsinə şahid qismində təqdim edilmiş X1 Rayon Məhkəməsinə verdiyi ifadədə qeyd edilən halı təsdiq etsə də, H.Aslanovun ifadəsi etibarlı sübut kimi qəbul edilə bilməz, çünki H.Alışanov cavabdehin atasıdır və belə olan təqdirdə vacibdir ki, müzakirə edilən hal başqa sübutla da təsdiq edilsin. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, 22.04.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək olan müddət üçün uşağın xərclərini iddiaçı qarşılamışdır. Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Eyni zamanda Məhkəmə bildirir ki, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı, ondan cavabdehin xeyrinə tutulmalı olan alimentin 22.04.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək olan hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi isə iddianı təmin edilməsini və iddiaçının 21.01.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək olan müddət üçün hesablanmış aliment ödəməkdən azad edilməklə borcun silinməsini qət etmişdir. Apelyasiya şikayətində cavabdeh bildirir ki, Rayon Məhkəməsi aliment borcunu 21.01.2020-ci il tarixdən başlayaraq silinməsini qət etsə də, iddiaçının özünün də bildirdiklərindən müəyyən edilir ki, 21.01.2020-ci il tarixdən 22.04.2020-ci il tarixədək onunla iddiaçı birgə yaşamamış, həmin müddətdə onların münasibətləri hələ bərpa olunmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, dəlil əsaslı olsa da, bu dəlilə münasibətdə qətnamənin həmin hissəsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Çünki qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, bu hal qətnamədə yol verilmiş yanlışlıq nəticəsində baş vermişdir, yəni Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, 22.04.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək olan müddət üçün hesablanmış alimentin ödənilməsindən azad edilməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 228.2-ci maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Odur ki, göstəriləni nəzərə alan Məhkəmə hesab edir ki, qətnamədə yol verilmiş yanlışlıq Rayon Məhkəməsi tərəfindən qeyd edilən prosessual hüquq normasının tələbinə uyğun olaraq aradan qaldırılmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin isə ləğv edilərək iddianın rədd edilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9787/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9787/2021
22.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver