Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9790/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Natiq Mustafayevin Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi İsrafil Əlilinin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması və əlavə xərclərin ödənilməsi öhdəliyinə xitam verilməsi barədə” ilk iddiasına, Cavabdeh İddiaçı qarşı “alimentin və əlavə xərcin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərin 2 övladı var: 1) 21.12.2002-ci il təvəllüdlü X1; 2) 27.02.2009-cu il təvəllüdlü X2. Başqa mülki iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 07.01.2020-ci il tarixli qətnamə ilə qət olunub ki, iki övladın saxlanması üçün atadan hər ay aylıq gəlirin 1/3 hissəsi miqdarında aliment və əlavə xərcə görə 200 manat tutularaq anaya verilsin. Böyük övlad 21.12.2020-ci ildə yetkinlik yaşına çatıb və bundan sonra hazırkı mübahisə yaranıb. Böyük övlad müddətsiz birinci dərəcə əlildir. Onun diaqnozu “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır kəmağıllıq, autizim əlamətləri ilə. Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları” kimi qeyd olunub. Tələb və onun həlli: Atanın ilk iddia ərizəsində tələb olunub ki, böyük övlad yetkinlik yaşına çatdığına görə alimentin miqdarı azaldılsın, böyük övlada görə əlavə xərc üçün hər ay atanın 200 manat ödəmək öhdəliyinə xitam verilsin, kiçik övlada görə hər ay atanın gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulsun. Ananın qarşılıqlı iddia ərizəsində tələb olunub ki, kiçik övladın saxlanması üçün hər ay atanın gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulsun, böyük övladın saxlanması üçün hər ay atadan 2.000 manat aliment və əlavə xərcə görə hər ay 400 manat pul tutulsun. Qətnamə ilə qət olunub ki, ilk və qarşılıqlı iddia qismən təmin olunsun, Nərimanov Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, kiçik övladın saxlanması üçün hər ay qazancın və başqa gəlirlərin 1/4 hissəsi miqdarında aliment, böyük övladın saxlanması üçün hər ay 200 manat miqdarında aliment atadan tutularaq anaya verilsin. İlk və qarşılıqlı iddiaların qalan hissəsi təmin edilməyib. Şikayət və izahatlar: Qətnamədən ana apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv olunsun və qarşılıqlı iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh (ana) və onun vəkili apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının (atanın) vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Qətnamənin bir hissəsi – qarşılıqlı iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Qarşılıqlı iddianın rədd edilən hissəsi böyük övlada aid olan hissədir. Belə ki, ana böyük övlada görə hər ay 2.000 manat aliment və əlavə xərcə görə hər ay 400 manat pul tələb etsə də, məhkəmə böyük övlad üçün 200 manat aliment tutulmasını qət edib, tələbin qalan hissəsini rədd edib. Böyük övlad yetkinlik yaşına çatıb, ona görə də uşaq hesab olunmur. Belə ki, Ailə Məcəlləsinin 49.1-ci maddəsinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Odur ki, böyük övladın anası onun saxlanması üçün atadan aliment tələb etmək hüququna malik deyil. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Bu maddədə göstərilmiş əsas mövcud olduqda alimenti valideyndən yetkinlik yaşına çatmış övladın özü tələb edə bilər. Ona görə də ana qarşılıqlı iddia ərizəsində göstərilən tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Əgər yetkinlik yaşına çatmış övladın fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması üçün qanunvericilikdə müəyyən olunmuş əsaslar varsa, məhkəmə tərəfindən bu barədə qətnamə qəbul oluna bilər. Bu halda da aliment tələb etmək hüququ yetkinlik yaşına çatmış övladın özünə məxsus olur, lakin bu hüququ onun adından qəyyumu həyata keçirir. Lakin böyük övladın fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması barədə məhkəmə qətnaməsi yoxdur, anası isə onun qəyyumu deyil. Odur ki, ana aliment tələbi irəli sürə bilməz. Beləliklə, ana böyük övlad üçün atadan aliment tələb etmək hüququna malik olmadığına görə onun apellyasiya şikayəti təmin edilə bilməz. Ata qətnamədən apellyasiya şikayəti vermədiyinə görə ananın böyük övladla bağlı aliment tələbinin təmin edilmiş hissəsinə münasibətdə qətnamə apellyasiya qaydasında ləğv oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9790/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9790/2021
15.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver