Məhkəmə qərarları › İş №2(103)-9796/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9796/2021

19.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9796/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 900.000 manat kompensasiya cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 10.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin olunmasın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmış, qalan hissənin, yəni iddianın rədd edilməsinə aid hissənin əsaslılığı yoxlanılmamışdır. Qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-193/2015 nömrəli iş üzrə 07.07.2015-ci il tarixli hökmündən görünür ki, Binəqədi rayonu QİS-nin 3 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləyən Ramil Qasımov xidməti vəzifəsini yerinə yetirməyərək ünvan 1 ünvanına vaxtında baxış keçirməmiş, bu səbəbdən nöqsanlar (qaz cihazının tüstü borusunun düzgün quraşdırılmaması, qapıda dəliklərin olmaması) aşkar edilməmiş, qaz təchizatı dayandırılmamış, nəticədə həmin ünvanda yaşayan Şəmsi Nağıyev 09.11.2014-cü il tarixdə hamam otağında dəm qazından zəhərlənərək ölmüşdür. Bu hökmlə Ramil Qasımov Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Hazırkı işdə İddiaçı zərərçəkmiş Şəmsi Nağıyevin qardaşıdır, cinayət işində zərərçəkmişin hüquqi varisi qismində tanınmışdır. Qardaşının ölümü iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 03.11.2008ci il tarixli, 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24.04.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzini cavabdeh ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin işçisinin təqsirkar olduğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilib. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Kompensasiyanın məbləği 10.000 manat müəyyən edilib. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur. Cavabdeh İB-nin maliyyə vəziyyəti həmin məbləğdə təzminat ödəməyə imkan verir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edidlməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar