Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9813/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili X3 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə 21.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Binəqədi rayon məhkəməsinin 2(004)-1842/2018 saylı, 12.04.2018-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının azadılması, ondan 13.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli, 2(001)-1842/2018 saylı qətnaməsi ilə 13.04.2007-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, İddiaçı 13.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəliləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır. Hesab edir ki, alimentin azaldılması barədə iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili F.Bədəlov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2013- cü il tarixli 2(001)- 2333/2013 saylı qətnaməsinə əsasən İddiaçı ilə birgə nikahdan olan uşaqların saxlanılması üçün ondan Cavabdeh xeyrinə hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8256/2018 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2013-cü il tarixli 2(001)-2333/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-61/2021 saylı, 18.03.2021-ci il tarixli hökmü ilə 6 il 22 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidaarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmişdir. AR CM 70,1 və 70.3-cü maddələrinə əsasən İddiaçı təyin olunmuş 6 il 22 gün azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 3 il 6 ay sınaq müddəti təyin olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 10.06.2021-ci il tarixli arayışa əsasən "xxxx" MMCnin (VÖEN **********) təsisçisi bildirir ki, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən onun direktoru İddiaçı işdən azad edilməsi ilə əlaqədar təsisçinin 18 may 2020-ci il tarixli təyinat qərarı əsasında dövlət reyestrində müvafiq dəyişikliklərin aparılması üçün Verği orqanına ərizə ilə müraciət olunmasına baxmayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” 04.09.2020-ci il tarixli **********770200 nömrəli qərar çıxarmışdır. Göstərilənlərlə əlaqədar MMC-nin direktoru İddiaçı işdən azad edilməsi mümkün olmamışdır. İddiaçı qeyri-rəsmi olaraq işdən azad olunmuş və ona əmək haqqı hesablanmamışdır. AR Vergilər Nazirliyi tərəfindən verilmiş 29.01.2021-ci il tarixli, **********296700 saylı arayışa əsasən "xxxx" MMC-nin subyektinin ləğvi barədə vergi ödəyicisi tərəfindən qəbul edilmiş qərara əsasən obyekt 29.01.2021-ci il tarixdə ləğv edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş 01.07.2021-ci il tarixli hesabdan çıxarışa əsasən İddiaçı sonuncu dəfə 28.12.2019-cu ildə 327,25 manat ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Hazırkı işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2333/2013 saylı, 09 iyul 2013- cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə birgə nikahdan olan uşaqların saxlanılması üçün ondan Cavabdeh xeyrinə hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bundan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, iddiaçıya Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-61/2021 saylı, 18.03.2021-ci il tarixli hökmü ilə 6 il 22 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidaarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmişdir. AR CM 70,1 və 70.3-cü maddələrinə əsasən İddiaçı təyin olunmuş 6 il 22 gün azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 3 il 6 ay sınaq müddəti təyin olunmuşdur. Bundan əlavə, iddiaçının direktoru olduğu "xxxx" MMC-nin subyektinin ləğvi barədə vergi ödəyicisi tərəfindən qəbul edilmiş qərara əsasən obyekt 29.01.2021-ci il tarixdə ləğv edilmişdir. Bu səbəbdən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, rayon məhkəməsi iddia tələbini qismən təmin edərək, 175 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016-cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır. Beləliklə, kollegiya qeyd edir ki, uşağın əvvəlki təminatının saxlanması baxımından qətnamə dəyişdirilməli, alimentin məbləği 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Yuxarıda işin müəyyən olunmuş hallarına- uşağın əvvəlki təminatının saxlanması baxımından Məhkəmə kollegiyası hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3187/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılması hissəsində dəyişdirilməli və aliment məbləği 200 (iki yüz) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin və 13.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qətnamə dərhal icra edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-9813/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9813/2021
27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver