Məhkəmə qərarları › İş №2(103)-983/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-983/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-983/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, eyni Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-983/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlk iddia üzrə İddiaçı, onun vəkili X1, ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-146/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər.

2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı hərracın nəticələrinə dair protokolun, alğı-satqı müqaviləsinin və çıxarışın ləğvi tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.5 kv.m. olan 20 saylı mənzilin altındakı 43.9 kv.m. ölçüdə zirzəminin Hərracların Təşkili üzrə X4 Rəsul Fəzli oğluna satılmasına dair 27 mart 2018-ci il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırılmaqla Cavabdeh2 verilmiş 24 aprel 2018-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(007)-2843/2018 saylı qətnaməsi ilə iddia təmin olunaraq, ünvan 1 saylı binanın 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.5 kv.m. olan 20 saylı mənzilin altındakı 43.9 kv.m. ölçüdə zirzəminin Hərracların Təşkili üzrə X4 Rəsul Fəzli oğluna satılmasına dair 27 mart 2018-ci il tarixli hərrac protokolu etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırılmaqla Cavabdeh2 verilmiş 24 aprel 2018-ci il tarixli ********** saylı çıxarışın ləğv olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli, 2(103)-9314/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(007)-2843/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(102)-7436/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, külli miqdarda pul vəsaiti xərcləyərək zirzəmini mənzil halına salmasına baxmayaraq ilk iddia üzrə iddiaçının sahibliyində və istifadəsində olan əmlak cavabdehin mülkiyyətinə keçmiş və nəticədə iddiaçıya ziyan dəymişdir. X7 ilə bu barədə aparılan söhbətlər heç bir nəticə vermədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən ilk iddia üzrə iddiaçı iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh2n və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.5 kv.m. olan 20 saylı mənzilin altındakı 43.9 kv.m. ölçüdə zirzəminin abadlaşdırılmasına xərclənmiş 32.579,11 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 187,74 manat dövlət rüsumunun tutlmasma dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 43.9 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş 27 mart 2018-ci il tarixli hərrac protokolu ilə Cavabdeh2 özgəninkiləşdirilmiş və Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən 24 aprel 2018-ci il tarixli ********** nömrəli Çıxarış təqdim edilmişdir. 24 aprel 2018-ci il tarixdən etibarən Cavabdeh2 özünə məxsus sözügedən əmlak üzərində mövcud olan hüquqlarını tam şəkildə icra edə bilmir. İddiaçı qeyd edilən əmlakdan qanunsuz istifadə etməklə birbaşa olaraq İddiaçının əsas Konstitusyon hüquqlarından biri olan mülkiyyət hüququndan məhrum edir. Hal-hazırda cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən əmlakdan istifadə edilməklə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə bərabər, eyni zamanda, iddiaçıya 24000 manat məbləğində maddi zərər də vurulmuşdur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-146/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) həm ilkin, həm də qarşılıqlı iddia ərizələri üzrə iddia tələblərinin rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının onu ödəyən şəxslərin özlərinə aid edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.2, 700.1, 700.3, 1090.1, maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13.1-ci, MPM-nin 82.3 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, pul xərcləyərək həmin zirzəmini mənzil halına salsa da, əmlak cavabdehə keçmiş və onun xərclədiyi vəsait batmışdır. Cavabdehlə apardığı danışıqlar heç bir nəticə verməmişdir. Hesab edir ki, tələbi təmin edilməli, cavabdehlərdən 32579.11 manat, 187.74 manat dövlət rüsumu tutularaq ona geri ödənilməlidir. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. O həmin obyekti öz vəsaiti hesabına qazdıraraq 24 kamaz torpaq çıxarmaqla açmışdır. Qarşı tərəf məhkəmənin yekun aktı qanuni qüvvəyə minməmiş gedib özünə çıxarış almışdır ki, bu da qanunsuzdur. İkimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, özəl mənzilinin döşəməsi çökdüyü üçün döşəmənin altının dirəklərini möhkəmlətmək məqsədilə mənzilinin zirzəmisini 1998-ci ildən qazma işləri apararaq 24 kamaz torpaq çıxararaq öz vəsaiti hesabına təmir elətdirmişdir. Həmin vəsaiti gərgin əmək hesabına qazanmışam. Xüsusi evinin altında yaratdığı 50 kv.m. olan obyekti havasız olduğu üçün ev kimi yox, obyekt kimi 2005-ci ildən sənədləşdirərək özəlləşdirmək şərti ilə əmlak komitəsi ilə müqavilə bağlayıb icarəyə götürmüşdür. 2005-ci ildən 2017-ci ilə kimi Əmlak Komitəsinin balansına ayda 63 manat rüsum köçürtmüşdür. Dəfələrlə müraciət etməsinə baxmayaraq, həmin obyekti özəlləşdirə bilməmişdir. Çünki ƏMDX ona 1 kv.m.-ə düşən rüsumu dəqiq deməmiş, hələ müəyyən yüksək məbləğlər istəmişlər. 2017-ci ildə onu ƏMDX-ə özəlləşdirmə üçün çağıranda bildirilmişdir ki, onun obyektini özəlləşdirmişlər, onlara 15000 manat verməlidir. Edilən müraciətlərdən sonra həmin məbləği 7500 manata endirmişlər. Bunun üçün 750 manat ödəməli, qalığını isə hissə-hissə ödəməli olmuşdur. O pulu ödəmək istəyəndə isə bildirmişlər ki, bu obyekt 2018-ci ildə 7500 manata alınmışdır. Obyekt satılmamış 3 dəfə ƏMDX-ə müraciət etmişdir. Lakin həmin adamın adını ona bildirməmişlər. Həmin adamı tapdıqda isə o bildirmişdir ki, obyekti 70000 manata satacaq. İddiaçı həmin mənzildə 30 ildir ki, yaşayır. Həmin obyekti isə 15 ildir ki, işlədir. Bu obyekt üçün 5 ilini vermiş, 45000 dollar pul xərcləmişdir. Halbuki 1991-ci ildə 6000 dollara almışdır. Bütün vergiləri və kommunalı özü ödəmişdir. Yaşadığı bina Kristal Abşeron tərəfindən plana salınmışdır, hansısa yollarla onun şəxsi obyektini özəlləşdirib öz tanışlarına satmışlar.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 13, bənd 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, əmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

17. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

22. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

23. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

24. Maddə 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

28. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

“İcarə Haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 9.5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.

30. Maddə 9.6. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki iş üzrə qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qətnamənin ilkin iddiasının təmin olunmaması hissəsindən şikayət verildiyindən, hazırda apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

41. Belə ki, işdə olan materiallar əsasında məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətindəki ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,5 kv.m. olan 20 saylı mənzilin altında yerləşməklə dövlət mülkiyyətində olan ümumi sahəsi 43,9 kv.m. qeyri-yaşayış sahəsi 30 sentyabr 2005-ci il tarixdən etibarən eyni tarixli icarə müqaviləsi əsasında iddiaçının istifadə və sahibliyində olmuş, həmin müqaviləyə əsasən o, cavabdeh quruma icarə haqqı ödəmişdir.

42. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (icarəyəverən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış icra müqaviləsindən görünür ki, icarəyəverən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43,9 kv.m. olan Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nizami rayon MKTB-nın balansında olan qeyriyaşayış sahəsini icarəçinin müddətli istifadəsinə vermiş və icarə müqaviləsinin 6.2-ci bəndinə əsasən, icarəyəverənin yazılı icazəsi olmadan icarəçi tərəfindən icarəyə verilən sahədə əsaslı təmir işləri, rekonstruksiya, yenidənqurma aparılması qadağan edilmişdir.

43. İşdə olan materiallar əsasında müəyyən olunur ki, həmin qeyri-yaşayış sahəsi ilkin olaraq 15 000 manat qiymətlə hərraca çıxarılmış, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı 18 iyul 2017-ci il, 22 avqust 2017- ci il, 26 sentyabr 2017-ci il, 31 oktyabr 2017-ci il, 05 dekabr 2017-ci il, 09 yanvar 2018-ci il, 13 fevral 2018-ci il və 27 mart 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda sözügedən əmlak 7500 manata Cavabdeh2 satılaraq hərracın nəticələri haqqında eyni tarixli 11/01 saylı protokol tərtib olunmuş, xx.xx.2018-ci il tarixdə isə sözügedən əmlak sonuncunun adına dövlət qeydiyyatına alınmaqla ona eyni tarixli çıxarış verilmişdir.

44. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,5 kv.m. olan 20 saylı mənzilin altında 43,9 kv.m. ölçüdə zirzəminin Hərracların Təşkili üzrə X4 Rəsul Fəzli oğluna satılmasına dair 27 mart 2018-ci il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırılmaqla Cavabdeh2 verilmiş 24 aprel 2018-ci il tarixli ********** saylı çıxarışın ləğv olunması qət edilmişdir. 45 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinə dair protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaəti bundan ibarətdir olmuşdur ki, mübahisəli əmlakın hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən hazırkı apellyasiya baxışının predmetini təşkil edən iddia tələblərinin təmin edilməsi üçün əsas mövcud deyidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir.

46. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(102)-7436/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.

47. Kollegiya hesab edir ki, hazırki ilkin iddia tələbi üzrə mübahisənin həlli üçün ilk növbədə 2 məsələnin aydınlaşdırılması zəruridir: 1) ilkin iddia üzrə iddiaçının icarəyə götürdüyü qeyri-yaşayış sahəsində təmir işləri aparması qanuni olmuşdurmu? 2) təmir işlərinin aparılmasına xərclənən vəsaitin miqdarına dair mötəbər sübut mövcuddurmu?

48. Birinci sualın aydınlaşdırılması məqsədi ilə kollegiya qeyd edir ki, icarəyə götürülən əmlakın yaxşılaşdırılması ilə bağlı hüquqi tənzimləmə Mülki Məcəllə, “İcarə Haqqında” Azərbaycan Respublikasının Qanunu və tərəflər arasında bağlanılan icarə müqaviləsinin şərtləri ilə müəyyən olunur.

49. Mülki Məcəllənin 700.3-cü maddəsinə müvafiq olaraq, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 680.2-ci maddəsinə görə, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1088.1-ci maddəsinə əsasən icraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.

50. Mülki Məcəllənin qeyd olunan müddəalarından da göründüyü kimi digər şəxsin qanuni mülkiyyətində olan əmlakı üzərində yaxşılaşdırılmalar aparmaq istəyən şəxs həmin əmlakın sahibinin bu barədə razılığını və qərarını gözləməli, yalnız bu qərardan sonra müvafiq işlərin aparılmasını vicdanla həyata keçirilməlidir. Hazırki mülki işin hallarına diqqət yetirdikdə müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı təmir işləri apardığını iddia etdiyi zaman mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmamışdır və həmin əmlak dövlətə məxsus olduğundan əmlaka Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə aralarında bağlanmış icarə müqaviləsi əsasında sahiblik etmişdir. Bu halda mülki qanunvericiliyin tələblərinə görə həmin əmlak üzərində apardığı yaxşılaşdırmalarla bağlı qeyd edilən quruun razılığı alınmalı idi və yalnız həmin qərardan sonra müvafiq hərəkətləri edib-etməməli olduğu qənaətinə gəlinə bilərdi. İlkin iddia üzrə iddiaçı öz ərizəsində təmir işlərinin aparılması ilə bağlı müvafiq razılığın alındığını qeyd etsə də, buna dair hansısa mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

51. Növbəti olaraq “İcarə Haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5ci maddəsinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 9.6-cı maddəsinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.

52. Qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi yenə də icarəyə götürülən əmlakın üzərində aparılan yaxşılaşdırılması ilə bağlı həmin əmlakın mülkiyyətçisinin razılığının olması mühüm şərt kimi təsbit edilmiş, yalnız bu razılığın olması halında icarəçinin gördüyü işlərlə bağlı xərclərin tələb edilməsi hüququnun olması, əks halda həmin yaxşılaşdırmaların əvəzi ödənilmədən icarəyəverənə keçməsi öz əksini tapmışdır. Hazırki iş üzrə də yuxarıda qeyd edildiyi kimi ilkin iddia üzrə iddiaçı dəyərini tələb etdiyi yaxşılaşdırmaları apararkən icarəyəverənin bu barədə razılığının olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

53. Qeyd edilən şərt daha konkret müddəalarla tərəflər arasında bağlanılmış xx.xx.2005-ci il tarixli və xx.xx.2006-cı il tarixli icarə müqavilələrində də öz əksini tapmışdır. Belə ki, hər iki müqavilənin 6.2-ci bəndinə əsasən icarəyəverənin yazılı icazəsi olmadan icarəçi tərəfindən icarəyə verilən sahədə əsaslı təmir işləri, rekonstruksiya, yenidənqurma aparılması qadağan edilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin qeyd edilən şərtinə diqqət yetirdikdə hətta icarəyəverən tərəfindən verilən icazənin yazılı olması tələbinin təsbit olunduğunu görmək olur. Bu da o deməkdir ki, ilkin iddia üzrə iddiaçı, yəni icarəçi özü müqavilə üzrə öhdəliklərini pozaraq icarəyəverənin yazılı razılığını almadan sonuncuya məxsus əmlakın üzərində yaxşılaşdırmalar etmişdir.

54. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, ilkin iddia üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsində təmir işləri aparmağa, ümumiyyətlə hüququ olmamışdır və buna görə də həmin təmir işləri üçün çəkilmiş xərclərin tələb olunmasına dair hər hansı hüquqi əsas mövcud deyildir.

55. Kollegiya işin bütün hallarına qiymət verilməsi baxımından icarəyəverənin, həqiqətən də, təmir işlərinin aparılması ilə bağlı razılığının olmasını ehtimal edərək iddiaçıya dəymiş zərərin miqdarı ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

56. İlkin iddia üzrə iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16, mənzil 20-də yerləşən İddiaçı məxsus 2 mərtəbəli binanın 1-ci mərtəbəsindəki mənzilin 43.9 m2 sahədən ibarət zirzəmisində aparılmış qazıntı və tikinti-təmir işlərinə dair smeta tərtib olunmuş, smetaya görə görülən işlərlə bağlı ümumilikdə 32.579,11 manat məbləğində xərcin çəkildiyi müəyyən edilmiş və həmin smetada “Məsləhətçi-ekspert: Nəzərov S.İ” adlı şəxsin adı qeyd olunmuşdur. Məhkəmə təqdim olunan sübuta münasibətdə qeyd edir ki, smeta bunu tərtib etməyə səlahiyyəti olan və bu səlahiyyətin təsdiq edildiyi hansısa şəxs və qurum tərəfindən tərtib edilmədiyindən, adı qeyd edilən “Məsləhətçi-ekspert: Nəzərov S.İ” adlı şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmadığından və həmin şəxsin bu smetanı tərtib etməyə səlahiyyətinin dərəcəsi hansısa sənədlə müəyyən olunmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz və həqiqəti nə dərəcədə əks etdirdiyi şübhə doğurur.

57. Həmçinin iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəyə əlavə edilən xx.xx.2019-cu il tarixli sənəddən görünür ki, Nəsimi 16-da yaşayan, aşağıda imza edən mənzil sakinləri, qonşular təsdiq edə bilərlər ki, Nəsimi 16, mənzil 20də yerləşən şəxsi evin altında yerləşən obyekti İddiaçı öz vəsaiti hesabına qazdıraraq 24 kamaz torpaq çıxarmaqla açmışdır. Təqdim edilən sənədlə bağlı kollegiya qeyd edir ki, sözügedən sənədin, həqiqətən də, xx.xx.2019-cu il tarixdə tərtib olunduğu, həmin tarixdə olsa belə 10 ildən də çox öncə baş vermiş hadisəni nə dərəcədə təsdiq edə biləcəyi, sənədə imza çəkən şəxslərin qazıntıların aparılması zamanı, həqiqətən də, həmin ərazidə yaşamaları məhkəmədə şübhə doğurur və ümumiyyətlə, həmin qazıntının aparılması ilə iddiaçının nə qədər vəsait xərcləməsi bu və ya digər sübutla öz əksini tapmamışdır.

58. O cümlədən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 3056/2022 saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmiş və qiymətləndiricinin rəyinin alınması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavab məktubunda aşağıdakılar göstərilmişdir: “... Qərardadın icrası ilə əlaqədar xx.xx.2022 ci il tarixdə şirkətin qiymətləndirici eksperti Süleyman Tağıyev sözügedən ünvanda olmuşdur. Bununla belə, həmin binanın söküldüyü və hazırda mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda, qərardadın icrasının təmin edilməsi məqsədi ilə əmlakın sökülməmişdən əvvəlki vəziyyətinə dair fotoşəkillər İddiaçı tələb edilsə də, o, hər hansı fotoşəkil təqdim edə bilməmişdir. Beləliklə, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı bina sökülməklə hazırda mövcud olmadığından, o cümlədən əmlakın sökülməmişdən əvvəlki vəziyyətinə dair fotoşəkillər təqdim edilmədiyindən qərardadda soruşulan sualların cavablandırılaraq müvafiq rəyin hazırlanması mümkün olmamışdır”.

59. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1063 saylı Ekspert rəyində aşağıdakılar göstərilmişdir: “... Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən, 16 saylı binanin faktiki olaraq söküldüyünü, binanın yerləşdiyi ərazinin metal təbəqə vasitəsilə hasara alinaraq tikinti işlərinin aparıldığını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,5 kv.m. olan 20 saylı mənzilin altındakı 43,9 kv.m. olan zirzəminin abadlaşdırılmasına nə qədər vəsait xərcləndiyi, hazırkı şəraitdə və vəziyyətdə, habelə texniki göstəriciləri baxımından mübahisəli zirzəmiyə uyğun olan təmirsiz qeyri-yaşayış sahəsinin orta bazar qiyməti ilə aylıq icarə haqqının nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır”.

60. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən də mübahisəli əmlaka çəkilmiş xərcin müəyyənləşdirilməsi və işin hərtərəfli araşdırılması ilə bağlı kifayət qədər tədbirlər görülsə də, iddia tələbində qeyd olunan məbləğin təsdiq olunması ilə bağlı hər hansı nəticə əldə oluna bilməmişdir.

61. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

62. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

64. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun, onun tərəfindən xərcləndiyinə və ümumiyyətlə, həmin xərclərin çəkilməsi hüququnun olmasına dair heç bir sübut təqdim etməmişdir və buna görə də birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

65. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

66. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

68. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

69. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

70. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-146/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən ilkin iddia üzrə iddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar