Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9839/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(006)-6047/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(006)- 6047/2021 saylı qərardadı ilə (hakim İlham Cəfərov) iddia ərizəsi qaytarılmış və iddiaçıya yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(006)-6047/2021 saylı qərardadı ilə şikayəti təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cehiz əşyalarının qaytarılması tələbinə dair iddialar müstəsna aidiyyət qaydasında əmlakın olduğu yerə görə verilir. Belə ki, iddiaçının qaytarılmasını tələb etdiyi əmlak cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin 133 saylı mənzilində (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) yerləşir və sonuncu iddiaçıya həmin mənzildə yaşamağa imkan verməməklə yanaşı, mənzilə buraxmamaqla əşyalarını götürməyə imkan vermir. Bu hərəkətləri ilə də cavabdeh iddiaçının mülkiyyət hüququndan məhrum etməsə də, qanuni sahib kimi hüquqlarını pozur ki, iddiaçı da həmin hüquqlarının pozulmasının aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi, iddia ərizəsini geri qaytararkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 34, mənzil 3 ünvanında rəsmi qeydiyyatda olduğundan işə həmin ərazinin yurisdiksiyasına aid oluduğu məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə həmçinin aşağıdakıları qeyd etmədiyi zəruri hesab edir. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipi əks olunmaqla iddianın bir qayda olaraq fiziki şəxs olan cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı, qanunverici bir sıra hallar üçün ərazi aidiyyətini dəqiq müəyyən edərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna etməklə ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur Belə ki, MPM-in müstəsna aidiyyəti tənzimləyən 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Qeyd edildiyi kimi, MPM-in 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Göründüyü kimi, müstəsna aidiyyət qaydası yalnız daşınmaz əşyalarla bağlı konkret tələblər üzrə iddiaları ehtiva edir. Hazırkı mübahisənin predmeti isə daşınar əşya olan cehiz əşyalarıdır. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Belə olan halda, məhkəmə kollegiyassı hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə ümumi ərazi aidiyyəti qaydalarını tətbiq etməklə iddianı bu qaydanın pozulması əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(006)-6047/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(006)-6047/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9839/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9839/2021
05.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver