Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-984/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin vəkili Rəşad Abdiyevin iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində cavabdehdən tələb olunub: 1) 2020-ci ilin mart, aprel, may və iyun aylarına görə əmək haqqı ödənilsin; 2) iş vaxtından artıq işə, yəni iş günlərində 8 saatdan artıq işə görə, habelə şənbə, bazar və bayram günlərində işə görə əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 2020-ci ilin aprel və may aylarına görə boşdayanma vaxtı üçün iddiaçının tarif (vəzifə) maaşının 2/3 hissəsi miqdarında əmək haqqının iddiaçıya ödənilməsi cavabdehə həvalə edilsin, iddianın qalan hissəsi rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin iddianın təmin edilməsinə aid olan hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamədə dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin arasında əmək münasibəti olub, iddiaçı cavabdeh təşkilatda fəhlə işləyib. 2020-ci ilin aprel və may aylarında boşdayanma olub. Belə ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmrdən (iş v. 37) görünür ki, xx.xx.2020-ci il tarixdən istehsalat sahəsində yaranan boşdayanma ilə əlaqədar iddiaçıya boşdayanma vaxtı üçün tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı ödənilməsi əmr edilib. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli digər əmrdən (iş v.64) görünür ki, boşdayanmanın ləğv edilməsi əmr edilib. 2020-ci ilin aprel və may ayları həmin 2 əmrdə göstərilən tarixlərlə əhatə olunduğuna görə hesab olunur ki, aprel və may aylarında boşdayanma olub. Cavabdeh bildirir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən 42 gün müddətinə ödənişsiz əmək məzuniyyətinə çıxıb, ona görə də həmin müddət üçün boşdayanmaya görə əmək haqqı verilməli deyil. Cavabdeh bunu təsdiq etmək üçün xx.xx.2020-ci il tarixli əmri (iş v. 63) apellyasiya şikayətinə əlavə edib. Həmin əmrdən görünür ki, boşdayanma ilə əlaqədar iddiaçının xx.xx.2020-ci il tarixdən 42 gün müddətinə ödənişsiz əmək məzuniyyətinə buraxılması əmr edilib. Bu əmr 3 səbəbdən sübut kimi qəbul edilmir: 1-ci, əmr birinci instansiya məhkəməsində təqdim edilməyib, qətnamə qəbul edildikdən sonra apellyasiya şikayətinə əlavə edilib. Mülki-Prosessual Məcəllənin 371-ci maddəsinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh əmri birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmayıb. 2-ci, əmrin məhz xx.xx.2020-ci il tarixdə verildiyini təsdiq edən sübut (əmrlərin qeydiyyatı kitabı və s.) təqdim edilməyib. Əmrin sonradan geri tarixlə tərtib edilməsi mümkündür. Əmək Məcəlləsinin 85-ci maddəsinin 1-ci hissəsində qeyd olunub: “İşəgötürən ... habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır”. Apellyasiya icraatı zamanı əmrlərin qeydiyyatına dair sübutun məhkəməyə təqdim edilməsi cavabdehə təklif edilsə də həmin sübut təqdim edilməmişdir. 3-cü, əmrin surəti iddiaçıya təqdim edilməyib. Apellyasiya icraatı zamanə əmrin surətinin iddiaçıya təqdim edildiyini təsdiq edən sübutun məhkəməyə təqdim edilməsi cavabdehə təklif edilsə də həmin sübut təqdim edilməmişdir. Ona görə də hesab olunur ki, 2020-ci ilin aprel və may aylarında boşdayanma olub. Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə görə boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Lakin aprel və may ayları üçün boşdayanma ilə əlaqədar iddiaçıya tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı ödənilməyib. Belə ki, əmək haqqının ödənildiyini sübut etmə vəzifəsi cavabdehin üzərində düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Beləliklə, qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-984/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-984/2021
19.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver