Məhkəmə qərarları › İş №2(103)-9845/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9845/2021

29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9845/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-306/2021 11.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh X2 qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 onunla qonşuluqda həyət evində yaşayır. 2015-ci ildə onların evlərinin həyətələri söküldü, dövlət səviyyəsində yol genişləndirildi, lakin evləri yerində qaldı. Onun evinin həyətində oğlunun qaynaq sexi var idi. Həmin sex də söküldü. O, Pirallahı rayon İcra Hakimiyyəti Başçısına müraciət etdi, sonuncu isə onu Bələdiyyəyə göndərdi, ATS-in arxa tərəfində zibilliyin yanında oğluna bir sot torpaq sahəsi ayırdı. Oğlu orada sex yaratdı və işləməyə başladı. Artıq beş ildir ki, oğlu VÖEN-lə orada işləyir, vergiləri ödəyir. Bu zəmində cavabdeh beş ildir ki, onarla ədavət aparır ki, guya onun oğlunun sexi ona mane olur. Sex onun evindən 36 metr uzaqda yerləşir. O, məhkəmədə oğluna qarşı iddia qaldırdı, iddia təmin olunmadı. Cavabdeh onun ünvanına söyüşlər söyür, onu təhqir edir. O, sosial şəbəkələrdə video qoyub. Həmin videoda o onu, ailə üzvlərini icra hakimiyyəti, polis işçilərini təhqir edib. O, hüquq mühafizə orqanlarına yazılı müraciət etdi. Ona izah edildi ki, mülki icraatı qaydasında məhkəməyə müraciət edərək mənəvi ziyanın ödənilməsini tələb edə bilər. O, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb xəstəliyi keçirmiş, üç dəfə gözdən əməliyyat olunmuşdur. Mənəvi sarsıntı keçirmişdir. Cavabdehin qızı X4 ailətlə burnuna xəsarət yetirdiyi üçün Xəzər rayon məhkməsində 300 manat cərimə olunmuşdur. Ona dəymiş mənəvi ziyan 1500 manat civarında qiymətləndirir və cavabdehdən tələb edir. Göstərilənləri nəzərə alaraq, X1 ona dəymiş mənəzi ziyanın dəyəri olan 1500 (bir min beş) manat dəyərində pulu və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-306/2021saylı, 11.08.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. ( sədrlik edən: Tapdıq Mahmudov)

4. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-306/2021saylı, 11.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,cavabdeh onun ünvanına nalayiq ifadələr söyləmiş, onu təhqir etmişdir.Şikayətdə, həmçinin göstərilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb xəstəliyi keçirmiş, gözləri tutulmuşdur.3 dəfə gözdən əməliyyat olunmuşdur.Mənəvi sarsıntı keçirmişdir. Cavabdehin qızı X4 ailətlə iddiaçının burnuna xəsarət yetirdiyi üçün Xəzər rayon məhkməsində 300 manat cərimə olunmuşdur. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

7. İşə baxılmanın yeri və vaxtı barədə cavabdeh G.Ələsgərovaya məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi:

8. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

9. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin 25.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Hüquqi dəyərləndirmə:

10. Kollegiya iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

13. Həmin qərara əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

16. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

17. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

18. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

19. İddiaçı apellyasiya şikayətində cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb xəstəliyi keçirdiyini, buna görə gözlərinin tutulduğunu, həmçinin cavabdehin qızı X4 ailətlə iddiaçının burnuna xəsarət yetirdiyini qeyd etsə də bütün bunlar iş materiallarında öz təsdiqini tapmamış və hər hansı bir mötəbər dəlillə sübuta yetirilməmişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur.

21. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Qeyd olunan əsaslara görə kollegiya belə qənaətə ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması faktı sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları, işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 358, 360, 362-cı, 382, 385, 387-ci və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-306/2021saylı, 11.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar