Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9850/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, lakin qərardad ləğv edilməli, iddia ərizəsinin qəbul edilməsindən imtina olunması barədə yeni qərardad qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qəbul etməkdən imtina edərkən Mülki-Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin göstərişinə istinad edib. Həmin maddəyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Əslində isə iddia ərizəsinin qəbul edilməsindən başqa əsasla – MPM-in 153.2.1-ci maddəsində göstərilən əsasla imtina olunmalıdır. Həmin maddəyə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, iddia ərzəsində qiymətləndirici (cavabdeh) tərəfindən verilmiş qiymətləndirmə hesabatı mübahisələndirilib. Bu hesabat başqa mülki iş üzrə məhkəmənin qərardadı əsasında verilib və həmin mülki işdə sübutetmə vasitəsidir. Mülki işdə sübutetmə vasitələri iddia ərizəsi verilməklə mübahisələndirilə bilməz, bunun üçün məhkəmə aktlarından prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi barədə” iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9850/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9850/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver