Məhkəmə qərarları › İş №2(103)-9851/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9851/2021

26.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9851/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və son haqq-hesabın ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, ödənilməmiş 9.500 manat əmək haqqı və hər gecikdirilən günə görə həmin məbləğin 1 faizi həcmində əlavə ödəniş cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd olunsun. İddianın rədd edilən hissəsinə son haqq-hesabın ödənilməsi barədə tələb aiddir. Apellyasiya şikayətində qətnamənin iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirilib və tələb olunub ki, həmin hissədə qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında əmək münasibəti olub, iddiaçı cavabdeh təşkilatın direktoru vəzifəsində çalışıb. Cavabdeh təşkilatın təsisçilərinin 07.07.2020-ci il tarixli, 01/20 nömrəli qərarı ilə iddiaçının həmin vəzifədən azad edilməsi qərara alınıb və 15.07.2020-ci il tarixli, 112 nömrəli əmr ilə iddiaçı Əmək Məclləsinin 68-ci maddsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunub. Belə halda cavabdeh iddiaçıya son haqq-hesabı sonuncu iş günü verməli idi. Bu qayda Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsində müəyyən edilib. Həmin maddədən görünür ki, son haqq-hesaba göstərilən ödəmələr aiddir: 1) istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi; 2) işçiyə ödənilməli əmək haqqı; 3) digər ödəmələr. İşgötürənin son haqq-hesab üzrə işçiyə borcunun olmadığını sübut etmə vəzifəsi işəgötürənin üzərinə düşür. Lakin işəgötürən bu barədə sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi son haqq-hesaba daxil olan bir ödəmənin - əmək haqqının tutulmasını qət edib. Lakin son haqq-hesaba daxil olan bütün ödəmələri iddiaçıya vermək cavabdehin vəzifəsidir. Ona görə də son haqq-hesaba daxil olan bütün ödəmələri iddiaçıya vermək vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qətnaməsi qismən – son haqq-hesabın verilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin tələb təmin olunsun. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsində müəyyən edilmiş son haqq-hesaba daxil olan bütün ödəmələr Cavabdeh MMC tərəfindən İddiaçı ödənilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar