Məhkəmə qərarları › İş №2(103)-987/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-987/2020

04.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-987/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-188/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı BOKT ASC-nin xeyrinə əsas borc üzrə 26857,98 ABŞ dolları, faiz borcuna görə 6567,16 ABŞ dolları, cərimə borcuna görə 11585 ABŞ dolları olmaqla, cəmi 45010,14 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus ünvan 1, mənzil 15 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına əsas borc üzrə 26857,98 ABŞ dolları, faiz borcuna görə 6567,16 ABŞ dolları, cərimə borcuna görə 11585 ABŞ dolları olmaqla, cəmi 45010,14 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, cavabdehin əşyaları ilə birlikdə ünvan 1, mənzil 15 ünvanında yerləşən mənzildən çıxarılması, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 2015/00046-01 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-188/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli 2015/00046-01 saylı kredit müqaviləsi üzrə 29735,75 ABŞ dolları əsas, 1837,85 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31573,60 (otuz bir min beş yüz yetmiş üç ABŞ dolları, 60 sent) ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə iddia qaldırlması üçün ödənilən 30 manat dövlət rüsumu və 01 manat bank xidmət haqqının tutulması, tutmanın 2015/00046-01İP saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qeyd olunan qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməmiş, cavabdehin iştirakı olmadan işə baxılmaqla, onun məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi cəhətdən əsaslandırılmamış, yalnız iddiaçının izahatları və maddi hüquq normalarının sadalanması ilə kifayətlənmiş, hansı əsasla bu nəticəyə gəlməsi barədə hər hansı açıqlama verilməmişdir. Cavabdeh tərəfindən bank olmayan kredit təşkilatına ödənilmiş məbləğlər düzgün hesablanmamış, cavabdeh tərəfindən sonradan ödənilmiş məbləğlər nəzərə alınmamış, bu da öz növbəsində xx xxxxxx 2017-ci il tarixli 15915 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə də öz təsirini göstərmişdir. Bundan başqa, ipoteka predmetinin orta bazar qiyməti 130-140 min manat olduğu halda, mənzilin ilkin satış qiyməti 95000 manat müəyyən edilmiş, bununla əlaqədar əmtəəşünaslıq ekspertizası keçirilməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən ödənilən kredit məbləği birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, cavabdeh tərəfindən ödənilən pulun cari hesabda olduğunu və şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında xx xxxx 2015-ci tarixdə 2015/00046-01 saylı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 24 faiz ödənilməsi şərtilə 35000 ABŞ dolları kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə tərəflər arasında xx xxxx 2015-ci il tarixdə 2015/00046-01İP saylı ipoteka müqaviləsi imzalanmış və cavabdehin mülkiyyətində olmaqla, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı iddia tələbində qeyd olunan və maliyyə arayışlarında göstərilən borc məbləğlərinin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2017-ci il tarixli 15915 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2015-ci il tarixli 2015/00046-01 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2017-ci il tarixədək iddiaçıya 29735,75 ABŞ dolları əsas, 1837,85 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31573,60 ABŞ dolları məbləğində borcu vardır. Müqavilədə cərimə pulu bəndi nəzərdə tutlsa da, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmamışdır. Buna görə də hazırkı tədqiqatla cavabdehə cərimə hesablanmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, əsas borcun hesablanması hissəsində tələbdən kənara çıxaraq düzgün nəticəyə gəlməmişdir. Odur ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb olunan əsas borc məbləği 26857,98 ABŞ dolları məbləğdə nəzərə alınmalı və cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi 9 ədəd ödəniş qəbzinə əsasən 4900 ABŞ dolları kredit borcundan çıxılmalıdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilməli, kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas borc 21957,98 ABŞ dolları, cəmi borc isə 23795,83 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqaviləsi üzrə borc məbləğlərinin ödənilməməsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6, 309, 317.1, 318.1, 319.1, 385, 425, 427, 439, 442, 443, 445, 448, 462ci, “İpoteka haqqında” Qanunun 4, 33, 39.3.3-cü maddələrinə istinad edərək, kredit müqaviləsi üzrə əsas və kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi qənaətinə gəlmişdir. Apelyasiya şikayətinin digər dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə bildirişləri cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdehin etibarnamə əsasında nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı BOKT ASCnin xeyrinə tutulmalı olan əsas borcun məbləği 21957,98 (iyirmi bir min doqquz yüz əlli yeddi ABŞ dolları, 98 sent) ABŞ dolları, cəmi borc isə 23795,83 (iyirmi üç min yeddi yüz doxsan beş ABŞ dolları 83 sent) ABŞ dolları müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-188/2018 saylı qətnaməsi əsas borcun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 21957,98 (iyirmi bir min doqquz yüz əlli yeddi ABŞ dolları, 98 sent) ABŞ dolları, cəmi borc isə 23795,83 (iyirmi üç min yeddi yüz doxsan beş ABŞ dolları 83 sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar