Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9901/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment pulunun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2398/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013-cü il tarixli, 18 yanvar 2013-cü il tarixli qətnaməsinə əsasən ona qarşı iki uşağın saxlanılması üçün hər uşağa 100 manat, cəmi 200 manat aliment tələbi üzrə yığılan 11000 manat borc pulun, hər iki uşaqların 28.08.2015-ci il tarixdən 14.06.2019-cu il tarixə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X5 Məktəbində 4 il oxuyaraq qalmaqla dövlət tərəfindən tam olaraq təminat edildiklərinə görə 11000 manat yığılan aliment pulunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qətnaməsinə əsasən iki uşağın saxlanılması üçün hər uşağa 100 manat, cəmi 200 manat aliment pulunun ödənilməsinə dair məhkəmə qətnaməsinin icra olunması iddiaçının üzərinə düşmüşdür. Bildirir istəyir ki, məhkəmə qətnaməsinə əsasən o, hər ay iki uşağının saxlanılması üçün cavabdehə 200 manat aliment pulunu ödəmişdir. Bildirir ki cavabdehə ödəməli olduğu aliment pulları iki uşaqları İnternat məktəbində 2015-ci il tarixdən 2019-cu il tarixə kimi oxuyaraq qaldıqları dövrdə yığılaraq 11.000 manat təşkil etmişdir. Hal-hazırda bildirmək istəyir ki,birgə nikahlarından olan iki uşaqları 28 avqust 2015-ci il tarixdən 14 iyun 2019-cu il tarixə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X5 Məktəbinin 6-cı sinifinə daxil olmaqla 9-cu sinifini bitirmişlər,hər iki uşaqları İnternat Tipli Məktəbdə oxuduqları zamanı dövlət tərəfindən tam olaraq təmin olunmuşdur. Belə ki, iki uşaqları 4 il internat məktəbində qalıb oxuduqları müddət ərzində cavabdeh Türkiyə Respublikasında yaşamış və uşaqlar da dövlət tərəfindən tam olaraq təmin olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2398/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən - İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qətnaməsi üzrə yığılmış aliment borcundan 5520 (beş min beş yüz iyirmi) manatın silinməsi hissəsində təmin edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddia ərizəsinin tam təmin olunması, qətnamənin ləğv olunması, yenidən hesablanmamış günlər yəni, 36 ay 15 günü, 230 manatdan və 4 ay 15 gün+471 gün = 607 gün nəzərə alınmaqla 1 günün aliment tələbi 2 uşağa, 200 manat olmaqla+ 30 manat əlavə xərc olmaqla Qətnaməyə əsasən 1 günü, 7 manat 30 qəpikdən, 4431 manat məbləğ olduğu halda, 36 ay 15 günün 1111 gün hesablamaqla, 471 günü çıxdıqda, 640 günü, 7 manat 30 qəpikdən hesabladıqda 4672 manat olduğu halda, üst-üstə 9102 manat olduğu halda yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən yaranmış mübahisə ilə əlaqədar düzgün araşdırılma aparılsa da, məbləğin hesablanmasında qüsur yaradılmışdır. Belə ki, 28.08.2015-ci ildən 14.06.2019-cu il tarixə qədər uşaqların hər ikisi də Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 8 saylı X5 Məktəbində oxumuş, geyim və yeməklə təmin olunmuşdur. Həmin ərəfədə üst-üstə hesablanmış 45 ay 15 gün çıxılmaq şərti ilə 4 ay 15 günü uşaqların anası tərəfindən yay tətillərində himayəsində olunmuşdur. Göründüyü kimi 41 ayın 4 ay 15 günü onun tərəfindən atası X1 himayəsində olmuş, qalan müddət 36 ay 15 gün dövlət tərəfindən yardım göstərilmişdir. Əlavə olaraq bildirir ki, 36 ay 15 gün ərzində 8 saylı Sanatoriya tərəfdən iştirak etmiş etibarnamə üzrə nümayəndəsi X4 qətnamədə göstərdiyi kimi, şənbə-bazar və bayram günləri onun tərəfindən xidmət olunub. Hakim 36 ay 15 gün ərzində olan, şənbə-bazar və bayram günlərinin hesablanması üçün, mütəxəssis dəvət etməmiş və yaxud Sanatoriya nümayəndəsindən keçmiş günlərin hesablanmasını tələb etməmişdir. Göründüyü kimi 36 ay 15 gün+4 ay 15 gün, onun tərəfindən baxılması və 36 ay 15 gün ərzində 2015-ci ildə 39 gün, 2016-cı ildə 124 gün, 2017-ci ildə 124 gün, 2018-ci ildə 123 gün və 2019-cu ildə 61 gün olmaqla üst-üstə 471 günü nəzərə almadan iddia tələbi qismən təmin edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir, Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münaibətdə yoxlanlır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsi baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs 8 saylı X5 Məktəbinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, X6 və X7 28.08.2015-ci il tarixindən 14.06.2019-cu il tarixinədək Xəzər rayonu 8 saylı X5 Məktəbində oxumuşlar. Oxuduqları müddətdə tam dövlət təminatında olmuşlar. Dövlət tərəfindən pulsuz olaraq məktəbin şagirdləri yemək, geyim və digər tələbatlarla təmin olunurlar. Hər həftənin şənbə və bazar günləri uşaqlar istəklərinə görə evlərinə gedə və ya internat məktəbində qala bilərlər. Ramin və Kamil oxuduqları müddət ərizdə bəzən həftənin şənbə və bazar günləri internat məktəbində qalmış, bəzən isə evlərinə getmişlər. Hər təhsil ili 9 ay davam edir. Birinci instansiya məhkəməsi baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında bildirmişdir ki, o, 28.08.2015-ci il tarixindən 14.06.2019-cu il tarixinədək Xəzər rayonu 8 saylı X5 Məktəbində qardaşı Kamil ilə birlikdə oxumuşdur. Hər həftənin şənbə və bazar günləri o və qardaşı evə qalmağa gəlirmiş, həftənin qalan günləri isə təhsil aldıqları 8 saylı X5 Məktəbində qalıblar. Hər həftənin şənbə və bazar günləri o, babası Kamil Muxtarovun yanında qalıb. Həmçinin bildirdi ki, bəzən anasının yanında qalıb. Təhsil aldığı İnternat Məktəbində o və qardaşı Kamil yemək və geyim ilə pulsuz təmin olunmuşdur. Yay tətili müddətində bəzən anasının, bəzən isə babasının yanında yaşayıb. Birinci instansiya məhkəməsi baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, o, 28.08.2015-ci il tarixindən 14.06.2019-cu il tarixinədək Xəzər rayonu 8 saylı X5 Məktəbində qardaşı Ramin ilə birlikdə oxumuşdur. Hər həftənin şənbə və bazar günləri o və qardaşı evə qalmağa gəlirmiş, həftənin qalan günləri isə təhsil aldıqları 8 saylı X5 Məktəbində qalıblar. Hər həftənin şənbə və bazar günləri o, babası Kamil Muxtarovun yanında qalıb. Təhsil aldığı İnternat Məktəbində o və qardaşı Ramin yemək və geyim ilə pulsuz təmin olunmuşdur. Yay tətili müddətində bəzən anasının, bəzən isə babasının yanında yaşayıb. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası İddiaçı və anası Cavabdeh olan X7 22 iyun 2002-ci ildə və X6 isə 19 iyun 2003-cü ildə Bakı şəhərində doğulmuşlar. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qətnaməsi ilə 15 avqust 2012-ci il tarixdən başlayaraq 22 iyun 2002-ci il təvəllüdlü X2 və 19 iyun 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit il məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, 22.06.2002-ci il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar əlavə xərc qismində cavabdeh İddiaçı hər ay 30 manat sabit pul məbləğinin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X5 Məktəbinin 29.10.2020-ci il tarixli 154 saylı arayışının surətindən görünür ki, X6 həqiqətən Xəzər rayonu 8 saylı X5 Məktəbinə 28.08.2015-ci il tarixində 111 nömrəli əmrə əsasən 6-cı sinifə qəbul edilmiş və 14.06.2019-cu il tarixində 9-cu sinifi bitirmişdir. Oxuduğu müddətdə tam dövlət təminatında olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X5 Məktəbinin 29.10.2020-ci il tarixli 155 saylı arayışının surətindən görünür ki, X7 həqiqətən Xəzər rayonu 8 saylı X5 Məktəbinə 28.08.2015-ci il tarixində 111 nömrəli əmrə əsasən 6-cı sinifə qəbul edilmiş və 14.06.2019-cu il tarixində 9-cu sinifi bitirmişdir. Oxuduğu müddətdə tam dövlət təminatında olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən belə nəticəyə gəlmişdir ki, 4 il ərzində uşaqlar dövlət tərəfindən bütün təminatları (geyim, qidalanma və s) ödənilən məktəbdə təhsil aldıqlarından, hər təhsil ili 9 ay davam etdiyindən uşaqlar 36 ay ərzində sözügedən məktəbdə təhsil almış və lazımi təminatları dövlət tərəfindən ödənilmişdir, uşaqlar hər həftənin şənbə və bazar günləri, eyni zamanda 3 aylıq yay tətili boyunca həm analarının, həm də ata babalarının yanında qaldıqlarından, həmin müddətlərdə onların təminatı internat məktəbi hesabına deyil, valideynləri hesabına ödənilməli olduğundan internat məktəbində oxuduqları dövr ərzində isə pulsuz olaraq geyim və yemək ilə təmin olunduqlarından yaranmış aliment borcunun 2/3 hissəsi, yəni 5520 manat yığılmış aliment borcu silinməlidir (9 ay x 4 il=36 ay, 36 ay x 230 manat=8280 manat, 8280/3x2=5520 manat). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, silinməli olan borcun məbləği hissəsində səhvə yol vermiş, həmçinin aliment borcunun 2/3 hissəsinin silinməli olmasını göstərsə də həmin nəticəni əsaslandırmamışdır. İşin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, X6 və X7 həqiqətən Xəzər rayonu 8 saylı X5 Məktəbinə 28.08.2015-ci il tarixində 111 nömrəli əmrə əsasən 6-cı sinifə qəbul edilmişlər və 14.06.2019-cu il tarixində 9-cu sinifi bitirmişlər, oxuduqları müddətdə tam dövlət təminatında olmuşlar. Həmçinin təhsil müddəti hər il üçün 9 ay davam etmiş və həmin müddət ərzində yay tətillərində bəzən anasının, bəzən isə babasının yanında olmuşlar. Məhkəmə kollegiyası qeyd edir ki, 28.08.2015-ci il tarixindən 14.06.2019-cu il tarixə qədər 3 il 9 ay 18 gün təşkil edir. Həmçinin göründüyü kimi uşaqların təhsil aldıqları müddətdə 3 dəfə yay tətili olmuş və həmin müddət cəmi olaraq 9 aylıq müddət təşkil edir ki, həmin müddət də 3 il 9 ay 18 gündən çıxılmalıdır, belə ki, yay tətilində uşaqlar Xəzər rayonu 8 saylı X5 Məktəbində olmamışlar. Həmin müddətlə bağlı adi riyazi hesablama aparmaqla müəyyən etmək olar ki, yay tətilləri dövründə 230 manat aylıq alimentin məbləği götürülməklə cəmi olaraq 2070 manat aliment ödənilməli idi. Həmin dövr çıxmaq şərti ilə 3 il 18 günə münasibətdə isə 8418 manat müəyyən edilir. (230 manat x 9 ay = 2070 manat; 3 il (36 ay) x 230 =8280 manat; 18 gün (230manat:30günx18gün) = 138 manat: 8280 manat+138 manat= 8418 manat). Göründüyü kimi yay tətilləri müddətində ödənilməli olan alimentin məbləği 2070 manat təşkil etmişdir, lakin müəyyən olunduğu kimi yay tətili dövründə uşaqlar bəzən anasının, bəzən isə ata babasının yanında olduqlarından, 2070 manatın yarısı yəni 1035 manatı iddiaçıya aid edilməlidir. (2070:2=1035). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, uşaqların Xəzər rayonu 8 saylı X5 Məktəbində olduqları cəmi dövrdən yay tətillərində olan dövr çıxılmaqla, iddiaçıdan silinməli olan alimentin məbləği (8418+1035=9453 manat) 9453 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində şənbə-bazar və bayram günləri uşaqlara onun tərəfindən xidmət olunmasını qeyd etsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmiş, 8 saylı X5 Məktəbinin nümayəndəsi isə izahatında göstərmişdir ki, hər həftənin şənbə və bazar günləri uşaqlar istəklərinə görə evlərinə gedə və ya internat məktəbində qala bilərlər. Ramin və Kamil oxuduqları müddət ərizdə bəzən həftənin şənbə və bazar günləri internat məktəbində qalmış, bəzən isə evlərinə getmişlər. Göründüyü kimi iddiaçı tərəf apellyasiya şikayətində göstərdiyi dəlil öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi borc məbləğinin silinməsi hissəsində dəyişdirilməklə, silinməli olan borcun ümumi məbləği 9453 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.3, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2398/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi – silinməli olan borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qətnaməsi üzrə yığılmış aliment borcundan ümumilikdə 9453 (doqquz min dörd yüz əlli üç) manat silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9901/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9901/2021
20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver