Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-992/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “aliment” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-300/2022 saylı mülki işi üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçının yetkinlik yaşına çatmayan 11 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 193 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiasının Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-300/2022 saylı 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməsi qət edilmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir:- AZ-İİİ seriyalı 727065 seriyalı "Doğum haqqında şəhadətnamə”yə əsasən X4 11 fevral 2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır;- AZ-İ seriyalı 283023 nömrəli "Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməyə əsasən Cavabdeh 11 fevral 2016-cı il tarixdə doğulmuş Aytac İbrahimovanın atası hesab edilmiş və bu barədə akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. (iş səh 14, 16).
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 300/2022 saylı 20 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və alimentin 80 manata endirilməsini və onun xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, o qətnamə ilə razı deyil. Ona görə ki, uşaqlıqdan əlilliyə görə hər ay 120 manat məbləğində pensiya alır. 2 saylı Bakı DOST mərkəzinin xx.xx.2022-ci il tarixli, **********2 saylı arayışına əsasən heç bir yerdə işləmir. Başqa qazanc mənbəyi və gəliri yoxdur. Yeni ailə qurmuşdur. Hesab edir ki,193 manat aliment ödəmək onun imkanı xaricindədir.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat vermiş, imkanı olmadığına görə alimenti ödəyə bilmədiyini bildirmişdir.
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə razı olmadığını, cavabdehin ikinci dəfə evləndiyini, həmin nikahdan bir uşağı olduğunu qeyd etmişdir.
Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa; “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından belə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmiş olsa da bu təminatın bir valideyn tərəfindən həyata keçirilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Əlbəttə, uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış etsə də, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Kollegiya hesab edir ki, iddiaçı bu meyarların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı hərhansı sübutlar və ya sübutların təmin edilməsinə yönəlik vəsatətlər təqdim etməmiş, apellyasiya icraatı həddində isə bu prosessual imkanların təminatına əsaslar müəyyən edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı iddia üzrə sübuta yetirilməyən dəlillərə əsasən aliment məbləğinin dəyişdirilməsi və ya əlavə xərclərdə iştirakçılıq üzrə digər əsaslı tələblərin yenidən baxılmasını istisna etmir.
8. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir.
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-300/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.