Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9921/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayevin sədrliyi və məruzəsi ilə, Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(003)-2822/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 26 avqust 2011-ci il təvəllüdlü X5 və 04 dekabr 2016-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra onlar qısa müddət ailədə normal münasibətdə yaşamışlar. Lakin sonradan cavabdeh ilə ailədə münasibətləri pozulmuşdur. Onunla xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Cavabdeh uşaqların saxlanılmasında iddiaçıya heç bir köməklik göstərmir. Ona görə də cavabdehdən iki azyaşlı uşaqlarının saxlanması üçün onun xeyrinə hər ay sabit pul məbləğində hər ay sabit pul məbləğində hər uşağa görə 250,0 manat olmaqla cəmi 500,0 manat alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(003)-2822/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 14 iyun 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 26 avqust 2011-ci il təvəllüdlü X1 və 04 dekabr 2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140,0 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçına ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı narazı qalaraq apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(003)-2822/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi və hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uşaqların tələbatlarını müəyyən edilmiş alimentlə qarşılamaq mümkün deyil. Birinci instansiya məhkəməsi aliment təyin edərkən uşaqların həyat səviyyəsinin maksimal saxlanmasını və yaşayış minimumunu nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlllərini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(003)-2822/2021 saylı qətnaməsinin qismən ləğv edilərək, hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını bildirməklə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(003)-2822/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(003)- 2822/2021 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov X3 Yelena Zakirovna ilə 09 oktyabr 2010-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1025 nömrəli qeydiyyat aparılmış, ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, atası Cavabdeh və anası İddiaçı olan 04 dekabr 2016-ci il təvəllüdlü X6 və 26 avqust 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən boşanmadan sonra məhkəmə alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə əziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, qanunla müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmamaq şərti ilə uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etməyə kifayət etsin. Lakin birinci instansiya məhkəməsi qeyd olunan işin mübahisəsiz hallarına düzgün hüquqi qiymət verməyərək, Azərbaycan Respublikası Aliə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə uyğun olmayan nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Beləliklə uşaqların hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, ölkə üzrə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumunun səviyyəsini, uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahlarından olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməni dəyişdirə bilər. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin tutulması barədə ərizə ilə məhkəməyə 14 iyun 2021-ci il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. Beləliklə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(003)-2822/2021 saylı qətnaməsi dəyişdirilməli, 26 avqust 2011-ci il təvəllüdlü X5 və 04 dekabr 2016-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(003)-2822/2021 saylı qətnaməsi dəyişdirilsin. 26 avqust 2011-ci il təvəllüdlü X5 və 04 dekabr 2016-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti 14 iyun 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9921/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9921/2021
18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver